525.Az

Onlayn mediaya dəstək mexanizmlərinin işə salınması təklif olunur


 

"MƏTBUATA DÖVLƏT DƏSTƏYİ MƏSƏLƏSİNDƏ PRİNSİPİAL MƏQAMLARDAN BİRİ DƏ ONLAYN KİV-in MALİYYƏLƏŞMƏSİDİR"

Onlayn mediaya dəstək mexanizmlərinin işə salınması təklif olunur<b style="color:red"></b>

Məlum olduğu kimi, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) qəzetçilik fəaliyyətinin inkişafına təkan vermək, mətbuatın əhatə dairəsini genişləndirmək, məzmun baxımından keyfiyyətini yüksəltmək, texniki tərtibatının müasir standartlara uyğunlaşdırılmasını təmin etmək məqsədilə maliyyələşmə şərtlərində dəyişikliklər edib.

Yanvarın 31-də keçirilən KİVDF-nin Müşahidə Şurasının iclasında qurumun icraçı direktoru Vüqar Səfərli bu məsələni qaldıraraq qeyd edib ki, hazırda bütün dünyada internet media resursları sürətlə inkişaf edir və çap mediası obyektiv səbəblərdən problemlərlə üzləşir. Modern.az-ın məlumatına görə, o, buna görə də KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elanında müəyyən dəyişikliklərin edilməsinə ehtiyac olduğunu vurğulayıb.

V.Səfərli bildirib ki, çap mediasının cəmiyyətdəki nüfuz və mövqelərinin möhkəmləndirilməsi məqsədilə qəzetlərin tirajı və yayımı ilə bağlı şərtlərə yenidən baxılması günün zəruri tələbinə çevrilib.

İcraçı direktor qeyd edib ki, müsabiqə elanında təklif olunan dəyişikliyə əsasən, fondun KİV-ə maliyyə yardımı müsabiqəsində son 3 ildə müntəzəm gündəlik nəşr olunan, müsabiqə elan edilən gündən səhifələrinin sayı 16-dan (A3 formatda), tirajı 5000 nüsxədən az olmayan, hər buraxılışından ən azı 2000 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan ictimai-siyasi qəzetlər iştirak edə bilərlər.

V.Səfərli, həmçinin qeyd edib ki, xarici dillərdə nəşr olunan gündəlik və həftəlik ictimai-siyasi qəzetlər üçün tirajın minimum 3000, satış və abunənin isə minimum 1500 nüsxə olması nəzərdə tutulur.

Sonra Müşahidə Şurasının üzvləri müsabiqə elanına təklif olunan dəyişikliklərlə bağlı fikirlərini bölüşüblər. Müşahidə Şurasının sədri Həsən Həsənov, üzvlərdən Cəmaləddin Quliyev, Bəhruz Quliyev, Əvəz Rüstəmov və Rasim Həsənov çap mediasının məzmun və forma baxımından daha da təkmilləşdirilməsi, fəaliyyətini yeni dövrün tələblərinə uyğun qurulması baxımından təklif olunan dəyişiklikləri müsbət dəyərləndiriblər. Müsabiqə elanı qeyd edilən dəyişikliklərlə birgə səsə qoyularaq yekdilliklə qəbul edilib.

Bu məsələ fevralın 11-də Mətbuat Şurasında da müzakirə olunub. Qurumun İdarə Heyətinin iclasında çıxış edən şura sədri, Milli Məclisin deputatı Əflatun Amaşov qəzetlərin maliyyələşməsi üçün şərtlərin dəyişdirilməsindən sonra yaranmış vəziyyəti müzakirəyə çıxarıb. İdarə Heyətinin üzvləri bildiriblər ki, qəzetlər üçün minimum 5 min tiraj və 2 min yayım tələbinin qoyulması dövlətin bu sahəyə yeni yanaşma tərzidir. Buna adekvat fəaliyyət göstərən qəzetlər olacaq, lakin bir çox kütləvi informasiya vasitələri indidən nəşrlərini dayandırdıqlarını bəyan ediblər. Ona görə də Mətbuat Şurasının iclasında mövcud durumdan çıxmaq üçün yeni təkliflər irəli sürülüb. Müzakirələr zamanı media bazarının genişləndirilməsi üzərində dayanılıb. Bildirilib ki, əvvəllərdə olduğu kimi, qəzetlərin metro stansiyalarının çıxışında və insanların sıx toplaşdıqları digər yerlərdə satışı təşkil olunmalı, o cümlədən, səyyar satış bərpa olunmalıdır. Elə mühit yaradılmalıdır ki, hazırkı vəziyyətdə dövlət dəstəyindən faydalanmaq şansı olmayan nəşrlərin gələcəkdə buna imkan əldə etmələrinə şərait yaransın. Belə olduqda onlarda fəaliyyət üçün stimul yaranacaq. Bu isə öz növbəsində rəqabət formalaşdıracaq.

Qeyd olunub ki, KİVDF-nin maliyyələşmə şərtlərində dəyişiklər etməsi yeni dövrün tələbindən irəli gələn zərurətdir. Əsas məsələlərdən biri maliyyələşəcək qəzetlərin sayını azaltmaq deyil, daha keyfiyyətli qəzetçiliyə dəstək olmaqdır. Buna görə də yalnız tiraj və yayım yox, eyni zamanda, məzmun məsələsi ön planda olmalıdır.

İdarə Heyətinin üzvləri mövcud məqama xüsusi diqqət yetirərək bildiriblər ki, internet medianın geniş vüsət aldığı hazırkı şəraitdə oxucu xəbər saytlarındakı informasiyanı yenidən qəzetdə görmək istəmir. Deməli, yeni dövrün tələbləri qəzetçiliyə də yeni yanaşmanı gətirməlidir və artıq bu, dünyanın bir çox qabaqcıl ölkələrində özünü göstərir. Nəticə etibarilə dünya miqyasında tiraj və yayım sahəsində əvvəlki illərdə mövcud olmuş geriliyin aradan qaldırılmasında müsbət tendensiyalar müşahidə olunmaqdadır. 

İclasda internet media resurslarının maliyyələşməsi məsələ üzərində dayanılıb. Bildirilib ki, hazırda ictimai fikir daha çox internet üzərindən yayımlanan media vasitələri ilə formalaşır. Bu proses Azərbaycanda da sürətlə gedir. İnternet medianın malik olduğu resursların dövlətin və cəmiyyətin mənafeləri baxımından uzlaşdırılmasına ciddi ehtiyac var. Buna görə də mediaya dövlət dəstəyi məsələsində prinsipial məqamlardan biri də məhz onlayn KİV-in maliyyələşməsidir.

Qeyd olunub ki, bununla bağlı qarşıda duran başlıca vəzifələrdən biri internet medianın özünə hüquqi münasibətlər sistemində yer tutmasıdır. Bəzi qanunlarda ayrı-ayrı müddəalar yer alsa da, məsələ ümumi xarakter daşıyır, internet medianın təşkilati-hüquqi forması müəyyənləşdirilməmiş qalır. İclasda bu məsələnin tezliklə həllini tapması üçün müvafiq qurumlara müraciət olunmasının zəruriliyi diqqətə çatdırılıb. Vurğulanıb ki, Mətbuat Şurasının mövcud istiqamətdə hazırladığı təkliflər sırasında internet media ilə bağlı ayrıca qanunun olması da şərtdir.  

İdarə Heyəti üzvləri bu məsələləri həll etmək üçün ölkə rəhbərliyinə, müvafiq qurumlara müraciət ünvanlamasının vacibliyini vurğulayıblar. Mövcud istiqamətdəki fəaliyyətin koordinasiya edilməsi üçün vaxtilə mövcud olmuş işçi qrupunun fəaliyyətinin gücləndirilməsi barədə qərar qəbul edilib.

Mövzu ilə bağlı fikirlərini bildirən "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev qeyd edib ki, Azərbaycanda kütləvi informasiya vasitələrinin dövlət tərəfindən maliyyələşdirilməsi şərtlərinin dəyişməsi mahiyyətcə dövlət dəstəyinin yeni mərhələsini açır. O, "Trend"ə bildirib ki, ilk vaxtlarda bəzi qüvvələr bu məsələ ətrafında yersiz söz-söhbətlər yaratmağa çalışsalar da, əsl mahiyyət çox tezliklə ictimaiyyətə çatdırılıb: "Dövlətin KİV-ə dəstəyinin yeni mərhələsi heç də bəzilərinin yozduğu kimi qəzetlərin maliyyələşməsini dayandırmaq yox, əksinə, qəzetlərin məzmununu daha da təkmilləşdirmək, formaca ən müasir standartlara uyğunlaşdırmaqla ölkənin qəzet bazarını daha da inkişaf etdirməkdən ibarətdir. Yeni maliyyələşmə şərtləri çap mediasının bu mərhələdə əlavə lokomotivi kimi nəzərdən keçirilə bilər. Dərin məzmun və yüksək poliqrafiya keyfiyyətləri yeni mərhələdə çap mediası üçün xarakterik xüsusiyyətlər olmaqla, həm də qəzetlərimizin dövlətçilik proseslərində daha ağır çəki ilə iştirakına şərait yaradacaq".

A.Quliyev vurğulayıb ki, KİVDF illər ərzində qəzetləri maliyyələşdirməklə onların qarşısında həm yeni inkişaf imkanları açıb, həm də dövlətçilik ideologiyasının daha aktiv daşıyıcıları olmaq gücü ilə təmin edib: "KİVDF-nin maliyyələşmə şərtlərində dəyişikliklər çap mediaya paralel olaraq internet media resurslarının da inkişafı üçün dövlət dəstəyi mexanizmlərinin tətbiqinə geniş imkanlar açıb. Məlumdur ki, son bir neçə ildə ölkəmizdə elektron media resursları da əhəmiyyətli formalaşma mərhələsi keçib və bu gün media sistemində özünə mühüm yer tutub. Artıq öz loqosunu tanıda bilmiş köhnə internet media resurslarının, habelə çap variantından elektron formaya keçid edəcək qəzetlərin də KİVDF tərəfindən maliyyələşdirilməsi mexanizmlərinin tətbiqi aktual məsələyə çevrilib. Əslində, medianın maliyyələşmə şərtlərindəki dəyişikliklər həm çap, həm də onlayn medianın daha səmərəli dövlət dəstəyi altına alınması mexanizminə keçid mərhələsidir".

Baş redaktorun fikrincə, Mətbuat Şurasının İdarə Heyətinin son iclasında aparılan müzakirələr də belə bir yekdil rəy ortaya qoyub ki, KİVDF xətti ilə dövlətin çap mediasını maliyyələşdirməsi özünü doğruldur və bu doğru modelin düzgün inkişaf təmayülü tapa bilmiş qəzetlərlə yanaşı, ilkin mərhələdə prioritet istiqamət olaraq həm də qəzetlərin elektron versiyasına və ümumən internet resurslara şamil edilməsinə ehtiyac var: "KİVDF-nin maliyyələşdirmə şərtlərində hələ illər öncə başlatdığı təkmilləşdirmə üslubu bu dəfə də praktiki olaraq media qarşısında yeni inkişaf yolları açdı, onlara özünü toparlamaq, öz potensial imkanlarını dövlətin dəstəyi ilə birləşdirməklə yeni üfüqlərə çıxmaq imkanları yaradır".

"Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev isə qeyd edib ki, mətbuatın maddi-texniki bazasının gücləndirilməsi, KİV-in fəaliyyətinin stimullaşdırılması məqsədilə növbəti addımların atılmasına zərurət yaranıb. O, SİA-ya bildirib ki, bu gün elektron media ilə çap media arasında sağlam mübarizə gedir: "Dünyada baş verən proseslər onu deməyə əsas verir ki, artıq yazılı mətbuat elektron mediadan geri qalır. Sözsüz ki, qəzetlərin dövriyyəliyinin təmin olunması üçün bütün dünyada olduğu kimi, Azərbaycanda da tutarlı sənəd - konsepsiya var".

Baş redaktorun sözlərinə görə, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 10 illik fəaliyyəti dövründə mətbuatın inkişafını təmin edib, çoxsaylı layihələr həyata keçirib.

Bu gün yazılı mətbuat orqanları arasında da rəqabətin olduğunu deyən B.Quliyevin fikrincə, fondun qarşıya qoyduğu şərtlərdən biri də qəzetlərin günlük 5000 tirajı və 2000 yayım qabiliyyətinin olmasıdır. Bu artıq rəqabətin ilkin şərtlərini formalaşdıran elementdir. Ona görə də bəzi mətbuat orqanları buna tab gətirə bilmir və sonda söz-söhbətlərin yaranmasına rəvac verir".

Baş redaktor hesab edir ki, bu şərtlər rəqabətdən sağlam çıxan qəzetlərin daha da inkişaf etməsinə xidmət edəcək.

"Mətbuat Şurasının keçirdiyi iclasda KİVDF-nin nizamnaməsindəki dəyişiklərə dair müsbət təkliflər verilib. Artıq elektron mətbuata da yardımın edilməsi, onların maliyyələşməsi ilə bağlı fikirlər səslənməkdədir", - deyə baş redaktor qeyd edib.

B.Quliyev hesab edir ki, bu dəyişikliklər tam obyektivdir və günün çağırışlarına cavab verir: "Bu, qloballaşmanın diktə etdiyi şərtlərdir və Azərbaycanda da bu proseslər getməlidir. Bu addım həm fondun imkanlarını daha da genişləndirəcək, həm də Azərbaycan mətbuatının inkişafını stimullaşdıracaq".

Ceyhun ABASOV

 





13.02.2019    çap et  çap et