525.Az

Cümhuriyyət tələbələri Fransada


 

Cümhuriyyət tələbələri Fransada<b style="color:red"></b>

Ötən il mayın 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam oldu.

O zaman yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddinə qədər çalışaraq şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü.

Belə ki, Azərbaycan Xalq Cümhuriyyətinin Hökuməti təhsil sahəsində bir sıra islahatlar həyata keçirdi. İbtidai və orta məktəblər üçün dərsliklər nəşr olundu. Müəllimlərə olan ehtiyacı ödəmək üçün 1918-ci ildə Gəncə, Şəki və Zaqatalada qısamüddətli pedaqoji kurslar təşkil edildi. 1919-cu il sentyabrın 11-də Azərbaycan hökumətinin qərarı ilə "Müqəddəs Nina" məktəblərinin adları dəyişdirilərək, Bakı milli, Gəncə və Şəki qadın gimnaziyaları adlandırıldı. Həmin ayda Lənkəranda da kişi və qadın gimnaziyaları fəaliyyətə başladı. Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının Azərbaycan bölməsi Qazaxa köçürüldükdən sonra Xalq Maarif Nazirliyinin sərəncamına verildi.

Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi orqanı "Azərbaycan" qəzeti Xalq Maarif Nazirliyinin tabeçiliyində olmuşdur. Qəzet səhifələrində təhsilə dair materialların tam genişliyi ilə dərc olunmasının bir səbəbi də bununla izah edilməlidir.

Bununla yanaşı, Mayılov qardaşlarının teatrı da (indiki M.F.Axundov adına Milli Opera və Balet Teatrı) bu nazirliyin tabeçiliyində idi. Dövlət teatrına dair məsələlərə nazirlikdə baxılırdı. Qeyd etmək lazımdır ki, Azərbaycanda heç vaxt Təhsil (Maarif) Nazirliyi 1918-1920-ci illərdə olduğu qədər geniş səlahiyyətlərə malik olmamışdır. Yeri gəlmişkən, sovet hakimiyyətinin ilk illərində bu ənənə Azərbaycan Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanov tərəfindən də davam etdirilmişdir. Belə ki, onun göstərişiylə Azərbaycanda dövlət arxivi Təhsil Nazirliyinin nəzdində yaradılmışdır. 1919-cu ilin sentyabrın 1-də Bakı Dövlət Universitetinin təsis olunması haqqında qəbul edilmiş qanunu xüsusi qeyd etmək lazımdır. Milli universitetin açılması Cümhuriyyət xadimlərinin doğma xalq qarşısında çox mühüm tarixi xidməti idi. Cümhuriyyət ideyalarının yaşamasında və xalqımızın yenidən müstəqilliyə qovuşmasında Bakı Dövlət Universiteti misilsiz rol oynamışdır.

Ölkədə elm və təhsilin inkişafına xüsusi diqqət yetirən Cümhuriyyət hökuməti vaxt itirmədən bu sahədə milli kadrlar hazırlanmasının sürətləndirilməsinə xüsusi səy göstərirdi. Parlamentin 1919-cu il sentyabrın 1-də keçirilən iclasında 1919-1920-ci tədris ilindən başlayaraq yüz nəfər azərbaycanlı gəncin Hökumət hesabına təhsil almaq üçün xarici ölkələrin nüfuzlu ali məktəblərinə göndərilməsi haqqında qanun qəbul olundu.

Maarif Nazirliyi tərəfındən 1919-1920-ci tədris ilində Almaniyanın, Fransanın, İtaliyanın, İngiltərənin, həmçinin, Türkiyənin müxtəlif ali məktəblərinə göndəriləcək tələbələr barədə rəsmi sənəd verildi. 13 nəfər Rusiyaya göndərilməli idi. Rusiyada vətəndaş müharibəsi ilə əlaqədar yaranmış şəraitə görə oraya tələbə göndərmək mümkün olmamışdı.

Dövlət təqaüdü ilə oxuyacaq bu tələbələr 4 illik təhsillərini başa vurduqdan sonra vətənə qayıtmalı və dövlətin təyinatı ilə müxtəlif sahələrdə işləməli idilər. Seçim aparmaq üçün nüfuzlu müsabiqə komissiyası yaradılmışdı. Azərbaycan dilini və təhsil alacağı ölkənin dilini bilənlərə və yüksək attestat balı olanlara üstünlük verilirdi.

Xaricə göndərilən tələbələr 1920-ci il yanvarın 14-də Parlament və Hökumət üzvlərinin, tanınmış xeyriyyəçilərin, iş adamlarının, din xadimlərinin, ictimaiyyət nümayəndələrinin və valideynlərin iştirakı ilə təntənəli surətdə yola salındı. Təyinat yerinə gedilən yollarda olan dayanacaqlarda - Kürdəmidə, Hacıqabulda, Yevlaxda, Gəncədə insanlar təhsil almağa göndərilən azərbaycanlı gəncləri ürəkdən salamlayır, onlara sonsuz uğurlar arzulayırdılar. Bu gənclər Tiflisdən xüsusi vaqonla Batuma, oradan isə paroxodla İstanbula göndərildi. Buradakı Azərbaycan səfirliyində onların şərəfinə ziyafət təşkil edildi. Daha sonra gənclər Romaya yola düşdülər. 11 fevral 1920-ci ildə gələcək tələbələr Parisə çatdılar.

Versal sülh danışıqlarında iştirak edən Azərbaycan nümayəndə heyətinin əməkdaşları gələcək tələbələri 2 mehmanxanada - Belmon və İenada yerləşdirdilər. Versal sülh danışıqlarındakı nümayəndə heyətimizin yerləşdiyi Klaric mehmanxanasında nümayəndə heyətinin rəhbəri Əlimərdan bəy Topçubaşov ali təhsil müəssisələrində təhsilə başlayacaq tələbələr qarşısında böyük nitq söylədi.

Fransada, Almaniyada, İtaliyada, İngiltərədə təhsil alacaq tələbələr öncə birlikdə şəkil çəkdirdilər, sonra isə təhsil alacaqları yerlərə yola düşdülər.

Təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin belə diqqətlə seçərək, böyük ümidlərlə xarici ölkələrin ali məktəblərinə yola saldığı bu tələbələrin taleyi 1920-ci ilin aprel işğalından sonra kəskin şəkildə dəyişdi. Azərbaycan İnqilab Komitəsinin 1920 il avqustun 9-da Nəriman Nərimanovun sədrliyi ilə keçirilən iclasında xaricə göndərilmiş tələbələrin təhsillərini başa vurması üçün vəsait ayrılması məsələsi müzakirə edilərək, müvafiq qərar qəbul olundu. Xalq Cümhuriyyəti parlamentinin üzvu, hələ 1919-cu ildə xaricdə oxuyan azərbaycanlı tələbələrin işi ilə məşğul olan həkim Bəhram Axundov müvəkkil təyin edildi.

Qeyd etmək lazımdlr ki, Bəhram Axundov 1872-ci ildə Şuşa şəhərində anadan olmuşdur. 1893-cü ildə Lill şəhərində Fransa Akademiyasının aspiranturasına qəbul olunmuşdur. 1896-cı ildə aspiranturanı bitirərək, təhsilini elə həmin akademiyada tibb fakültəsində davam etdirmiş və tibb doktoru diplomu almışdır.

1922 ilin yanvarına qədər Paris, Berlin və Avropanın digər şəhərlərinə səfər edən B.Axundov Fransanın, Almaniyanın və İtaliyanın müxtəlif məktəblərində oxuyan tələbələri müəyyənləşdirdi. Bakıya qayıtdıqdan sonra, o, hesabat təqdim etdi. Bunun əsasında xaricdə oxuyan tələbələrə təhsillərini müvəffəqiyyətlə davam etdirmələri üçün lazımi şərait yaradılması barədə müvafiq tapşırıqlar verildi. Ançaq Nəriman Nərimanov Moskvaya işə keçirildikdən sonra, həmin tələbələrə münasibət yenidən dəyişdi: onların arasında "sədaqətli" və "sədaqətsiz" adı ilə bölgü apardılar. Nəticədə təhsil haqqını ödəyə bilməyən tələbələrin bir hissəsi gündəlik çörəyə möhtac qalaraq, ən ağır şəraitdə işləmək məcburiyyətində oldular, həbsxanalara düşənlər, hətta intihar edənlər də oldu. Cümhuriyyət tələbələrindən yalnız 56-sı vətənə döndü və onların da 40-ı repressiyaya məruz qaldı, 6-sı isə bir necə ildən sonra sovet rejiminin zülmünə dözməyərək ölkəni tərk etməyə və ömrünü mühacirətdə keçirməyə məcbur oldu.

Burada qeyd etmək lazımdır ki, xaricə göndərilən tələbələr barədə 2016-cı ildə Ədalət Tahirzadənin və Oğuztoğrul Tahirlinin “Azərbaycan Cümhuriyyəti tələbələri” adı ilə 3 bölmədən ibarət monoqrafiyası nəşr olunub. Üçüncü bölmə əsərin ən önəmli hissəsidir, burada həmin tələbələrin tərcümeyi-halı verilib.

Məsələ ilə bağlı həmçinin Anar Turanın “Azərbaycan Xalq Cümhuriyyəti dövründə xaricə göndərilən tələbələr və onların taleyi barədə qeydlər” və digərlərinin elmi-tədqiqat əsərlərində və məqalələrində də ətraflı məlumat verilmişdir.

Tanınmış şair, tədqiqatçı Teyyub Qurban 2018-ci ildə çapdan çıxmış “Yüz tələbə, yüz tale" kitabını yazarkən Azərbaycan Cümhuriyyəti tərəfindən xaricə təhsil almağa göndərilən yüz tələbənin izi ilə axtarış aparmış, onların qohum-əqrəbası ilə görüşmüş, ağrılı-acılı ömür yolundan söhbət açmış, tarıxi faktlara, arxiv materiallarına söykənən əsər yazmışdır.

Bu yazıda biz Fransaya göndərilmiş azərbaycanlı tələbələrin qısa da olsa taleyi haqqında danışmaq istərdik. Bununla belə nəzərə almaq lazımdır ki, Avropada, o cümlədən Fransada oxuyan bəzi tələbələr təhsil prosesində bir necə şəhər, yaxud ali məktəbləri dəyişmişlər.

1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin maliyyə yardımı ilə Fransaya göndərilən tələbələrin xeyli hissəsinin Paris (Sorbon) Universitetində təhsil alması nəzərdə tutulmuşdu.

Paris Dövlət Universiteti (fr. Université de Paris) - Fransanın ən qədim və məşhur universitetidir. Onun tarixi 1215-ci ildən, Sena çayının sağ sahilində yerləşən kilsə kolleclərinin vahid Paris Universiteti adı altında birləşdirildiyi vaxtdan başlayır. Təxminən 40 il sonra universitet nəzdində yoxsul tələbələrə ilahiyyat tədris etmək üçün kollec yaradılır. Lap tezliklə kollec universitetin Sorbon adlandırılan ilahiyyat fakultəsinə çevrilir. XVII əsrdən başlayaraq Paris Universiteti Sorbon fakultəsinin adı ilə adlandırılmağa başlayır. XIX-XX əsrlərdə universitet binası genişləndirilir və  universitet çoxsaylı auditoriya, amfiteatr, konfrans zalı, laboratoriya, kitabxana, iki muzey və s. əmlakın sahibi olur. 1968-ci ildə universitet hissələrə bölünür və onlar ayrılıqda müstəqil universitet adını qazanır.

Parisdə ali təhsil alanlar:

Ağayev Balağa Məmməd Hənifə oğlu (1899-cu ildə Bakı şəhərində anadan olmuşdur).1919-cu ildə Bakıdakı kommersiya məktəbini bitirmişdir. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən tibb sahəsində təhsil almaq üçün Fransanın Paris Universitetinə göndərilmişdir. Həkim B.Ağayev təhsilini başa vurduqdan sonra SSRİ-yə dönməmiş, Fransada yaşamışdır. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.

Axundov Əjdər bəy İskəndər bəy oğlu (1897, Bakı). Arxiv materiallarından aydın olur ki, Ə.Axundov Fransaya ali təhsil almağa göndərilməmişdən əvvəl Bakı Dövlət Universitetinin tibb fakültəsində oxumuşdur. Cümhuriyyət hökuməti 100 tələbədən başqa, 3 nəfərə, o cümlədən, Əjdər Axundova ali təhsil almaq üçün (ancaq öz xərci ilə) Avropaya getməkdən ötrü rəsmi icazə vermişdir.

Ə.Axundov Fransaya gələrək Paris Universitetinin hüquq fakültəsinə daxil olub. Mir Mövsüm Ağa nəslindən olan gənc ziyalı qürbətdə təhsil borcunu ödəmək üçün Fransanın Dinar şəhərində bir ailədə qulluqçu kimi işləmək məcburiyyətində qalmışdır. Bir gün ev sahibinə Almaniyada qonaqlar təşrif buyurmuşdular. Almaniyalı ata-ananın yanında olan yeganə qız övladı Milen Əjdər bəyi görən kimi ona aşiq olur. Alman valideynlərin xeyir-duası ilə nikah kəsilmiş, xudmani toy mərasimi qurulmuşdur.

Milen xanım Paris məktəblərindən birində almancadan dərs demiş, Əjdər bəy isə əvvəlcə "Reno" avtomobil zavodunda, sonra Eyfel qülləsi tikinti-təmir briqadasında çilingər, rəngsaz işləmişdir. 1928-ci ildə qayınana və qayınatasının xeyir-duası ilə Milen xanımla qürbətdən vətənə qayıtmışdır. Əcnəbi gəlinin Azərbaycan dillində rəvan danışması, evdarlıq işlərində səriştəliyi hamını valeh etmişdir.

Bakıda, Şüvəlanda Əjdər bəy və Milen xanım indiki 18 saylı məktəbdə müəllim işləyirdilər. Onların bu məktəbdə işlədiyi dövrdə şagirlərindən biri xalq yazıçısı Qılman İlkin olmuşdur. Qılman müəllim Bakı haqqında çoxlu əsərlər yazmışdır. O, böyük minnətdarlıq hissi ilə bildirirdi ki, məktəbdə ona xarici dildən Əjdər bəy və Milen xanım dərs demişlər.                                                                                      

İkinci dünya müharibəsi ərəfəsində SSRİ-də yaşayan bütün almanlar kimi Milen xanım da sürgün edilmişdir. Onların rəsmi nikahı pozulmuş, Əjdər bəy ömür-gün yoldaşını onun vətəninə, Almaniya yola salmış, özü isə cəbhəyə yollanmışdır. Müharibədən sonra aldığı dəhşətli xəbər Əjdər bəyi sarsıtmışdı: 1945-ci ildə Milen hava bombardmanı zamanı həlak olmuşdur...

Günlərini Şüvəlanda keçirən Ə.Axundov 1963-cü ildə dünyasını dəyişmiş, Mir Mövsüm Ağanın məzarı yanında basdırılmışdır.

Aslanov Teymur bəy Zəkəriyyəbəy oğlu (1899, Şuşa). Xalq Cümhuriyyəti rəhbərlərindən və Milli ziyalılarımızdan xeyir-dua alıb, ali təhsil dalınca Fransaya, Paris Universitetinə yollandı.Teymur bəy 1920-1921-ci illərdə Parisdə oxuyub. Sonralar məlum olmayan səbəblərə görə Teymur bəy Fransadan Almaniyaya gəlmiş və təhsilini Kotbus şəhərindəki "Prussiya Ali Toxuculuq Təhsil Müəssisəsi" institutunda davam etdirmişdir.

1925-ci ildə vətəninə qayıdan gənc mütəxəssis Bakı Toxuculuq Kombinatında əmək fəaliyyətinə başladı. Bir müddətdən sonra Gəncəyə mahud fabrikinə dəyişildi. 1930-cu ildə onu Gəncə Toxuculuq Kombinatına direktor müavini təyin etdilər.

T.Aslanov 1939-cu il dekabrın 28-də verilən məhkəmə qərarına görə əksinqilabçı, milli üsyançı təşkilatın üzvü kimi 12 il müddətinə azaldıqdan məhrum edildi və Qazaxıstanın Karaqanda vilayətinin Cezkazqan şəhərinə sürgünə göndərildi. Üstəlik, belə bir qərar da çıxarıldı ki, cəza müddəti bitəndən sonra o, yalnız Balxaş şəhərində yaşaya bilər..."

1957-ci ildə bəraət alandan sonra Bakıya qayıdan T.Aslanov ömrünün sonunadək Yüngül Sənaye İdarəsində texniki şöbənin rəisi vəzifəsində çalışdı.

Atamalıbəyov Abbas Seyfulla bəy oğlu (1895, Tiflis şəhəri). İlkin təhsilini Şamaxıda almış, 1914-cü ildə isə Peterburq Politexnik İnstitutunun dəniz mühəndisliyi fakültəsinə daxil olmuşdur.

A.Atamalıbəyov Azərbaycan Milli Şurasının üzvü olmuşdur. Parlamentin 1 sentyabr 1919-cu il tarixli qərarına əsasən, Atamalıbəyov gəmi quruculuğu sahəsində təhsilini davam etdirmək üçün Paris Universitetinə göndərilmişdi. O, Paris sülh konfransında iştirak edən Azərbaycan nümayəndə heyətinin katibi olmuşdur. Azərbaycanın aprel işğalından sonra Fransada qalmış və burada öz siyasi fəaliyyətini davam etdirmişdir. O, Fransada siyasi elmlər məktəbini bitirərək, vaxtaşırı Millətlər Liqasında siyasi tədbirlərdə və müzakirələrdə iştirak edirdi.

Əlimərdan bəy Topçubaşovun ölümündən sonra Fransadakı Azərbaycan emiqrantlarının lideri olmuşdur. Fransanın Almaniya tərəfindən işğalından sonra Berlində yaşamış, burada Qırmızı Xaç Komitəsində işləmiş, İkinci Dünya müharibəsi illərində azərbaycanlı hərbi əsirlərin xilas edilməsində böyük rol oynamışdır. Müharibədən sonra Çilidə yaşamış, 1967-ci ildə isə ABŞ-a köçmüş və burada 1971-ci ildə vəfat etmişdir.

Bosnalızadə Məmməd Rəşid Mustafa oğlu (1892, Gəncə şəhəri). Gəncə (Yelizavetpol) ali ibtidai məktəbini bitirmiş, 3 il İstanbul Universitetinin hüquq şöbəsində oxumuşdur. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, hüquq sahəsində təhsilini davam etdirmək üçün Paris Universitetinə göndərilmişdir. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 1923-25-ci illər üçün məlumatında Bosnalızadənin təhsilinin bitməsinə 6 ay qaldığı göstərilirdi. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.

Daqirov Zaur Yusifbəy oğlu (1902, Şimali Osetiya, Vladiqafqaz). 1918-ci ildə Tiflis kadet korpusunu bitirmişdi. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini etnoqrafiya sahəsində davam etdirmək üçün Paris Universitetinə göndərilmişdir. Sonrakı taleyi haqqında məlumat aşkarlanmamışdır

Əşrəfov İsrafil İsmayıl oğlu (1900, Bakı şəhəri). 1918-ci ildə Bakı kommersiya məktəbini bitirib. AXC-nin məlum tarixli qərarına əsasən, təhsilini davam etdirmək üçün Paris Universitetinə göndərilib. 1923-cü ildə Bakıya qayıtdıqdan sonra İ.Əşrəfov müxtəlif sahələrdə əmək fəaliyyətini davam etdirdi. 1934-cü ildən sonra, Mir Cəfər Bağırovun Azərbaycana rəhbərliyi dövründə kommunist partiyasının üzvü kimi Xalq Ticarət Komissarlığının Plan-maliyyə bölməsinin rəhbəri vəzifəsinə irəli çəkilmişdir.

Məsul vəzifələrdə çalışan keçmiş cümhuriyyət tələbələrindən biri olan İsrafil Əşrəfova 1938-ci ilin avqust ayından oktyabr ayınadək ağır işgəncələr verilmişdir. 1938-ci il oktyabr ayının 19-da əyilməz insan "Üçlüyün" hökmü ilə güllələnmə cəzasına məhkum edilmişdir. Hökm oktyabr ayının 27-də yerinə yetirılmişdir.

Hacıyev Bayram, tam adı - Hacıyev Bayram İbrahim oğlu (1900, Şuşa şəhəri). Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini iqtisadiyyat sahəsində davam etdirmək üçün Paris Universitetinə göndərilmişdir. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 1923-1925-ci illər üçün məlumatında onun təhsilinin bitməsinə 6 ay qaldığı göstərilirdi. Sonrakı taleyi barədə məlumat aşkar olunmayıb.

(Ardı var)

 





13.02.2019    çap et  çap et