525.Az

"Azərbaycan ailələri qüsurlu uşaqları övladlığa götürməkdən imtina edirlər "


 

"Azərbaycan ailələri qüsurlu uşaqları övladlığa götürməkdən imtina edirlər "<b style="color:red"></b> Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ölkələrarası övladlığa götürmə sektorunun müdir müavini Vəsilə Möhsümovanın APA-ya müsahibəsi
 
- Vəsilə xanım, xarici vətəndaşlara verilən uşaqların Azərbaycan vətəndaşlığı ləğv edilir. Bu nə ilə bağlıdır?
 
- Uşaq övladlığa verildikdən sonra artıq başqa bir dövlətin vətəndaşının övladı olur. Bu dünya praktikasında da belədir. Məhkəmə qətnaməsi qüvvəyə mindikdən sonra Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat İdarəsindən uşağa aid sənədlər götürülür. Oradan uşağa yeni doğum haqqında və yeni övladlığa götürmə haqqında şəhadətnamələr verilir. Daha sonra uşaq valideynləri tərəfindən yaşayacağı ölkəyə aparılır və ondan sonra xarici vətəndaşlığı qəbul edir.
 
- Övladlığa uşaq götürmə ilə bağlı qanunvericiliyə dəyişiklik edilməsi gözlənilir. Bu dəyişikliklərdən birinin də Azərbaycandan xarici vətəndaşlara övladlığa verilən uşaqlara 18 yaşına çatanadək nəzarət olunması barədədir. Bu dəyişiklik nə vaxt qüvvəyə minəcək?
 
- Hazırda biz məsələnin üzərində işləyirik. Uşaqların sonrakı həyatına nəzarət mexanizmi hazırlanır. Burada həm daxili, həm də ölkələrarası övladlığa götürmə məsələləri öz əksini tapır. Müvafiq qurumların rəy və təklifini almaq üçün bu qərarları onlara göndərmişik. Bir çoxlarından artıq cavab gəlib. Layihədə bir sıra yenilik var. Yeniliklərdən biri gələcəkdə ölkələrarası və yerli övladlıqla bağlı həmin nəzarətin 18 yaşa qədər olmasıdır. Əvvəl bu müddət 6 aydan bir, 3 yaşa qədər idi. Həmin müddət ərzində komitəyə hesabatlar təqdim olunurdu. Hesabatlarda uşağın həyatı, şəraiti, sağlamlığı, məktəbə gedirsə təhsili, ətraf mühitə, ailəyə uyğunlaşması - bütün bunlar əks olunurdu. Bu hesabatlara uşağa aid fotolar, ən azı 15 dəqiqəlik video görüntülər də əlavə olunur. Biz də Komitə rəhbərliyinin şəxsi təşəbbüsü ilə belə bir qərara gəldik ki, növbəti hazırladığımız qaydalarda da bu yaş həddini 18-ə çatdıraq. Bu məsələ həm də yerli qəyyumluq və himayəçilik orqanlarına da şamil olunur.
 
- Uşaqlar ən çox hansı xarici ölkələrə övladlığa verilir?
 
- Bu il 8 övladlığa götürmə prosesi olub. Ötən il də 8 övladlığa götürmə prosesi olmuşdu. Onlardan 4-ü Rusiyada yaşayan azərbaycanlı ailələridir. Eyni zamanda Türkiyə və İran islam Respublikasının vətəndaşı ilə ailə quran azərbaycanlı qadınlar da var. Onlar ailə qurduqları şəxs tərəfindən öz övladının atalığı olmasını tələb etmişdilər. Demək olar ki, biz əsasən xaricdə yaşayan Azərbaycan ailələri ilə işləyirik.
 
- Övladlığa verdiyiniz uşaqlardan hansınınsa zorakılığa məruz qaldığının şahidi olmusunuz? Belə olan halda uşaqlar geri qaytarılırmı? Və ya həmin ailə qanun çərçivəsində cəzalandırıla bilərmi?
 
- Komitə olaraq 2007-ci ildən bu sahədə səlahiyyətlər bizə verilib. Ailə bizə müraciət edərkən onlar haqqında hərtərəfli araşdırma gedir. Həmin dövlətin mərkəzi orqanı tərəfindən bizə ailə haqqında sənədlər təqdim olunur.  Bəzən bu araşdırmamız 1 ilə qədər davam edir. Ailə ilə özümüz görüşlər təşkil edirik. Ailə ilə uşağın görüşlərində özümüz mütləq şəkildə Komitə nümayəndəsi olaraq iştirak edirik. Biz tam əmin olduqdan sonra ki, bu ailə, bu uşaq üçün uyğundur, ondan sonra razılıq veririk. Məhz o araşdırmaların nəticəsi olaraq 2007-2013-cü illər ərzində 39 ailə tərəfindən 41 uşaq övladlığa götürülüb. Heç bir halda uşaqlara həmin ailələr tərəfindən zorakılıq halına rast gəlinməyib. Əgər gələcəkdə də belə bir hal olarsa, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tədbirlər görüləcək.
 
- Bəs xarici ailələrə verilən uşaqlar arasında geri qaytarılma halları olub?
 
- Xeyr, elə bir hal olmayıb.
 
- Hazırda övladlığa uşaq götürmək üçün neçə nəfər növbədədir?
 
- Növbədə olan ailələr çoxdur. Daha çox yerli övladlığa götürmə ilə bağlı gözləyən ailələr var. 1 yaşına qədər uşaq götürmək istəyən ailələrin statistikası Səhiyyə Nazirliyində, 1 yaşından yuxarı uşaqların statistikası isə Təhsil Nazirliyində olur. Xarici ailələrdən 10-a yaxın ailə hazırda növbədədir. Onlar da əsasən azyaşlı uşaqları övladlığa götürmək istəyirlər.
 
- Ümumiyyətlə, xaricilərə övladlığa uşaq verilməsinə qadağa qoyula bilərmi?
 
- Biz birmənalı şəkildə maraqlıyıq ki, bütün uşaqlarımız yerli ailələrə verilsin. Yalnız o halda biz xarici ailələr üçün uşaqları təklif edirik ki, bu uşaqlar dəfələrlə Azərbaycan vətəndaşlarına göstərilib, lakin Azərbaycan vətəndaşları imtina ediblər. O zaman biz uşağı, xarici vətəndaşlara göstəririk. Əgər əlil olan uşağı yerli ailələr götürmürsə, bu halda hansı qadağadan danışa bilərik? Ən yaxşı uşaq evləri də ailə mühitini əvəz etmir. Bizim əsas hədəfimiz uşaqlardır. Bu baxımdan da hesab edirik ki, uşaqların ailədə böyüməsi daha məqsədəuyğundur.
 
- Azərbaycanlı ailələr hansı hallarda göstərdiyiniz uşaqlardan imtina edirlər?
 
- Yerli ailələr qüsurlu uşaqları övladlığa götürməkdən imtina edirlər. Onlar qüsurlu uşaqları birmənalı şəkildə götürmürlər. Bu gün əqli cəhətdən geri qalan  uşaqlar üçün 2 internat evimiz var. 2013-cü ilə olan statistikaya görə həmin internat evlərində 310 uşaq saxlanılır. Eyni zamanda sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəbləri də var. 2013-cü ilin məlumatına əsasən, həmin məktəblərin sayı 11-dir. Hazırda orada 2725 uşaq var. Bu cür uşaqları bizim ailələr götürmək istəmir. Çox böyük tərəddüdlə yanaşırlar. Hesab edirəm ki, cəmiyyətimizdə, insanlar arasında bununla bağlı təbliğat aparılmalıdır
 





12.09.2013    çap et  çap et