525.Az

Tanıyaq və tanıdaq - Nigar Xiyavi və Davud İntizar


 

Tanıyaq və tanıdaq - <b style="color:red">Nigar Xiyavi və Davud İntizar</b>

Əziz oxucular, "525-ci qəzet"də "Günümüzün Güney Azərbaycan ədəbiyyatı - Poeziya" adlı guşə açılıb.

Guşədə İran İslam İnqilabından (1979) sonra ədəbiyyata gəlmiş, Güney Azərbaycanda 1960-cı ildə və daha sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan, incə və həssas ruhlarına toxunmadan, yaratdıqları möhtəşəm poeziya örnəklərini incələmədən onların ana dilində fərqli janr və üslublarda qələmə aldığı şeir və poemalara, yaxud da həmin əsərlərdən müəyyən hissələrə yer verəcəyik. Bu əsərlər günümüzün Güney ədəbiyyatında baş verən yeniliklərin, ədəbi prosesin incəliklərini bir az da yaxından izləmək, həyata, insanlığa, yazarların ictimai-siyasi və milli məsələlərə baxışlarını öyrənmək baxımından diqqətəlayiqdir... 

Türkiyənin ünlü filosof-yazarı Cəmil Meriç "Qərb kültürün vətənidir, Şərq irfanın. Nə Qərbi tanıyırıq, nə Şərqi, ən az tanıdığımız isə özümüz..." deyirdi. Güney Azərbaycanda son çağın dinamik inkişaf edən ədəbiyyata, özəlliklə poeziyaya nəzər saldıqda burada yaşayan xalqın özünəməxsus kültürü, ədəbiyyatı, kitab mədəniyyəti, sözyaratma qüdrətinin nə qədər yüksək olduğu yansıyır. Möhtəşəm mədəniyyət yaradan bir xalq, susmayan dili, özünü, kimliyini, tarixini öyrənmək istəyən şairləri olan xalq isə dünya tarixindən heç vaxt silinmir, əbədiyaşarlıq qazanır...

Beləliklə, özümüzü, Güneyimizi daha yaxından tanımaq, həm də daha çox sevmək üçün, dəyərli yazarların
yaratdıqları bənzərsiz poetik dünyanın qapıları üzünüzə açılır, əziz oxucular!

Esmira FUAD
Filologiya elmləri doktoru

Nigar XİYAVİ

1960-cı ildə hazırda Meşginşəhr adlanan Xiyav şəhərində anadan olub. Bu şəhərdə boya-başa çatıb, ibtidai və orta təhsilini də burada alıb. 1984-cü ildə Tehranda yerləşən Tərbiyəti Texnikumun Mikrobiyoloji bölməsinə daxil olsa da, təhsilini yarımçıq qoymaq məcburiyyətində qalıb. Bir müddət radioloji sahədə texniki işçi kimi işləyib. 1997-ci ildə ildə Lahicanda yerləşən Azad Universitetin İngilis dili mütərcimliyi bölməsinə daxil olub, ancaq oranı da müəyyən səbəblərə görə yarımçıq qoyub. 1998-ci ildə ildə Təbriz Azad Universiteti İctimai elmlər fakültəsinə daxil olub və 2002-ci ildə təhsilini başa çatdırıb. 2006-cı ildə Bakıda yerləşən Xəzər Universiteti İctimai elmlər fakültəsində Azərbaycan türkcəsi sahəsində magistraturanı "Həbib Sahirin həyatı və əsərləri" tezisi ilə bitirərək doktoraya başlayıb.

Nigar xanım şeirlərini əvəllər farsca yazıb. 1989-cu ildən isə qardaşı Rövşən Xiyavinin və həyat yoldaşının təşviqi ilə türkcə yazmağa başlayıb. Onun "Mənim şeirim" adlı ilk kitabı 1996-cı ildə yayımlanıb.

Kimin qızıyam?

Mən Savalan göylərinin
Qatarlanan durnasıyam.
Dağlar dağı Səhəndimin
Zirvəsinin sal buzuyam.
Qaranlıqda parıldayan,
İşıqlı dan ulduzuyam...
Nigarıyam Koroğlunun,
Çənlibelin avazıyam...
Payız, qışam, bol bostanam,
Bağçaların yay, yazıyam.
Qoyun-quzu suvarılan
Bulaqların yarpızıyam...
Saf sinələrdən süzülən
Aşıqların avazıyam.
Yazarların ürəyində
Yazılmamış bir yazıyam...
Bağırmışam, boğulmuşam,
Elin qadağlı ağzıyam...
Kərəmin sazının sözü,
Əslinin içgin razıyam...
Tarixdə dillərdə gəzən
Həllacların boğazıyam...
Səhəndin çatlıyan bağrı,
Şəhriyarımın qızıyam...
Alnım açıq, başım uca
Azərbaycan qızıyam!
lll
Bir quşun uçuşundan qopub düşən
lələk bulmuşdum
odla suyun arasında
və gecənin gövdəsində
gəlməmişdim balıncınızı
başınızın altından çəkməyə,
bir az şeirim,
bir az sevgim var idi,
bir az da türklüyüm
keçid alır şair axşamlarımdan
lələkdən bir qapı asım deyə
qaldırır çiynimə
endim sizlərə
damlara qalxıb da
durnanı daşa basan
sizlər oldunuz.
Hə,
bu mənəm,
bu bağ mənəm
gövdəmin gəbəsindən ilmə-ilmə
keçid verən bağ sənə, mənəm
bu da sən
yarpız ətrimi çəpərlərə qıfıllayan səssiz
sarmaşıq
və zanbaqlığımı zağ-zağ əsdirən qorxu
istərsən gəl,
hansı ürəklə gələ bilsən gəl
paslı dəmir təkərlərin
çənliyimdə batıb qalacaq
bu səfər.
İndi ki,
güllədən gül-gül açılmış cənazəmi
tam sayğı,
tam hüznlə
qəbrimə daşımaqdasınız
və kəndi əlinizdən acıyıb ağrımaqda,
ey kədərli milyon çiyinlər!
unutmayın da utanmayın ki,
sayğı-sevgiylə yaşama durduğumda
yalqız buraxan məni
ölürcəsinə sizlər oldunuz.

Sən səhərsən!

Gecənin camına calamaq istəyirəm səni,
Nəfəs-nəfəs...
Səni çiynimdə çəkirəm tüşkü-tüşkü...
Səndə doğan günəşi
Bütün anaların döşündə,
Əmizdirmək istəyirəm.
Qucaq-qucaq...
Bu arxayınlığa inanma, inanma!
Arxamda külək əsir,
Külək əsir arxamda, kül sovurur,
Saçlarım gizli bir hıcqırığın darağında
Dən-dən tökülür.
Başımın ağrısı, qapının cəftəsi ağırladır.
Qapı açılmır, qapı açılmır...
Açılmırsa, önümdə divar durur...
Mən bu sarı arxayınlığa inanmıram.

Davud İNTİZAR

1962-ci Qaradağ bölgəsinin Şəhrək kəndində dünyaya göz açıb. Şəhrəkdə orta təhsilini başa vurandan sonra, dəmirçilik işinə məşğul olmağa başlayıb. Uşaqlıq dövründən şeirə, ədəbiyyata böyük maraq göstərib və ilhamı gələndə şeir yazıb. Şairin günümüzədək "Qar adamı" və "Başa düşməyən ayağa düşər" adlı iki şeir toplusu çap edilib və yayılıb. "Qar adamı" kitabı bütünlüklə uşaq ədəbiyyatı nümunələrindən ibarətdir. Davud İntizar Təbrizdə yaşayır və yaradıcılığını davam etdirir.

***

Anam evimizin yarı, yaraşığıydı,
Bu qaranlıq ömrümün aydın ay işığıydı.
Səfərə gedən zaman, gözüylə su səpərdi,
Səfərdən qayıdanda, ürəyinə təpərdi.
Bu dəyərsiz canımı, nə qiymətli öpərdi,
Duru baxışlarıyla düyünümü açardı.
O, mənim həvəsimdən qanadlanıb uçardı,
Hamımızın dərdini təkcanına udardı.
Evdə divarları da, dillə, dilə tutardı.
Məndən ötrü dünyada
puç olmuşdu əməyi,
Hər vaxt mən yıxılanda,
göynəyərdi ürəyi.
Bacılarım gələndə sərilərdi ayaq altda,
Onları dindirərdi Allah nə tamlı dadda.
Xırdaca nəvələrin, şirnisi meyvəsiydi,
Onun o köhnə cibi, Cənnət pəncərəsiydi.
Ağzı xeyir dualı, səsi Tanrı səsiydi,
Alnının qırışları, eşqin fəlsəfəsiydi.
Ancaq yaşayışımın ulu möcüzəsiydi,
Sözümün yaraşığı, şeirimin İlhamıydı,
Sufranın bərəkəti, ağızımın tamıydı.
Sincili gözlərində həyatımız diriydi,
O əprimiş əlləri evimin doktoruydu,
Aramızda saçları bir barış bayrağıydı,
Pozulmuş yanaqları bir ümid çırağıydı.

Ana

Dönüb uşaq olarsam, dünyaya inanmaram,
Qıçın üstə yuxlasam, bir daha oyanmaram.
Dediyin nağıllarda, gəzərəm dolanaram,
Bu yol sözünə baxıb, nə desən inanaram.
Ümidi ətəyindən, heç bir zaman kəsmərəm,
Payımı az da versən, daha səndən küsmərəm.
Səndən sonra ay ötdü, ili saxlayammadım,
Hər varını qorudum, bir yerdə üzqarayam,
Sən mənə öyrətdiyin, dili saxlayammadım...

Bayatılar

Əzizim üzüm qara,
Qanada üzüm qara,
Yar yanına gedirəm,
Əlim boş, üzüm qara...

Əzizim gündüz ələ,
Günorta gündüz ələ,
Gecə gördüyüm yuxu,
Düşəydi gündüz ələ.

Əzizim hamı da var,
Qoç olmaz hamı davar.
Kişilik çətin işdir,
Bığ-saqqal hamıda var.

 





15.02.2019    çap et  çap et