525.Az

"Şərq" məktəbinin banisi - Akif Aşırlının 50 yaşına...


 

"Şərq" məktəbinin banisi - <b style="color:red">Akif Aşırlının 50 yaşına...</b>

Bu yazını onun 50 illik yubileyi münasibətilə yazdığım insan - "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı haqqında söz demək mənim üçün olduqca çətindir. Ancaq yazmağı da özümə borc bildim...

Akif Aşırlı ilə ilk dəfə təxminən 3 il əvvəl yenicə qəbul olduğum BDU-nun Jurnalistika fakültəsində qarşılaşmışdım. Bizə 4 illik təhsil müddətində uğurlar arzulamağa gələnlər sırasında idi. Heç iki ay keçmədi ki, "Jurnalistikaya giriş" fənnini tədris edən müəllimimiz Akif Rüstəmov Akif Aşırlını dərsinə dəvət etdi. O qədər maraqlı keçdi ki, həmin qoşa saat...Mühazirədə çəkilən xatirə şəkilləri hələ də kompüterimin yaddaşındadır. Fotoların hər birindən aydın görünür ki, Akif müəllim həvəslə danışır, seçdiyimiz sahənin incəliklərilə bağlı ürəkdən məlumat verir, biz isə diqqətlə qulaq asırıq...

Sonradan Akif müəllimi daha yaxşı tanımağa imkanım oldu.  Sadə, səmimi, mehriban, gənclərə kömək etməyə hazır əsl ziyalıdır. Sözə, ədəbiyyata böyük marağı var. Təsadüfi deyil ki, ali təhsilini bakalavr pilləsində tarix fakültəsində oxusa da, magistratura mərhələsində məhz jurnalistika ixtisasına yiyələndi. Mətbuat tarixinə dair araşdırmalar apardı və bu gün də usanmadan bu yolda davam edir. "Azərbaycan mətbuat tarixi", "Cümhuriyyət mətbuatında Qafqaz İslam ordusu", "Ağlama, Damcılı bulağı", "Türkün Xocalı soyqırımı" kimi kitabları yazdı. "7 gün" kimi nüfuzlu bir mətbuat orqanında qəzetçilik məktəbi keçdi. 1996-cı ildə "Şərq" qəzetini təsis etdi... Və, nəhayət  müasir mediamızın seçilən simalarından birinə çevrildi. 

Bugünlərdə redaksiyada onunla növbəti görüşümüz oldu. "Şərq" qəzetində ilk dəfə olduğuma və Akif müəllim kimi bir jurnalistika mütəxəssisindən birinci müsahibəmi alacağıma görə, düzü, həyəcanlı idim. Pilləkanları da qəribə bir narahatlıqla çıxırdım. Ancaq söhbətimiz maraqlı alındı. Xeyli danışdıq. Sağollaşıb redaksiyadan yenicə çıxanda yadıma düşdü ki, bloknotumu orada unutmuşam. Qayıtdım. Amma bu dəfə əminliklə, rahat şəkildə. Əmin idim ki, yenə məni orda özünün yüksək insani keyfiyyətləri seçilən müəllimim qarşılayacaq. "Müəllimim" sözünü təsadüfi olaraq işlətmədim. Çünki o, məni tələbəsi kimi qəbul edir. Bunu həmişə qeyd edir. Elə əməkdaşlıq etdiyim "Rakus.az" saytının redaktoru Mikayıl müəllim müsahibə üçün ona zəng edəndə də, demişdi ki, Kənanı yaxşı tanıyıram, mənim tələbəmdir, gəlsin. Əgər Akif müəllim məni tələbəsi hesab edirsə, əlbəttə, mən də onun kimi bir müəllimim olduğuna görə sadəcə fərəh hiss keçirə bilərəm. Nə olsun ki, auditoriyada dərs keçməyib? Lakin lazım gəldikcə əsl müəllim kimi yol göstərib, öz tövsiyə, məsləhət və köməkliyini əsirgəməyib. 

Akif müəllimlə söhbət zamanı böyük ədəbimiz İsa Hüseynovdan söz düşdü. Maraqlı bir fikir səsləndirdi. Dedi ki, mənə elə gəlir ki, böyük şəxsiyyətlərlə, ədib və yazıçılarla söhbət etmək 10-15 kitab oxumağa bərabərdir. Əgər belədirsə, deməli, mən bir saat ərzində azı 10 kitab oxudum. 

Həmin gün bir də onu qeyd etdi ki, insan ömrü illərlə yox, əməllərlə ölçülür. Bu mənada o, qocaman ziyalılardan biridir. Gördüyü işlər sübut edir ki, Akif Aşırlı geridə qoyduğu illəri ləyaqətlə, şərəflə yaşayıb.

Bəli, çoxlarının müəllimi olan Akif müəllim yarım əsri geridə qoydu. Şübhəsiz, xeyli təbriklər alacaq. Ancaq sözsüz ki, Akif Aşırlı kimi bir jurnalist və mətbuat araşdırmaçısına ən böyük hədiyyə çap mediasının bugünkü ağır vəziyyətindən ümumilikdə qəzetlərin, o cümlədən də, "Şərq"in əriyib yoxa çıxmaması, unudulmamasıdır. Ən çox oxunan qəzet olan "Şərq"in iki il sonrakı 25, ardınca 30, 35... illik yubileylərində Akif Aşırlı və onun "Şərq" məktəbi ("Şərq" təkcə mətbuat orqanı deyil, həm də qəzetçilik məktəbidir) haqda daha təkmil yazılar yazacağıma bəri başdan əminəm.

Kənan Novruzov

 





15.02.2019    çap et  çap et