525.Az

Pensiyalar 116 manatdan 160 manata qaldırılır


 

HADİ RƏCƏBLİ: “BU ARTIMDAN 233 MİN PENSİYAÇIMIZ YARARLANACAQ”

Pensiyalar 116 manatdan 160 manata qaldırılır<b style="color:red"></b>

“Ölkədə əmək pensiyalarında növbəti artım nəzərdə tutulur”.

Bu haqda “525”ə açıqlamasında Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri, professor Hadi Rəcəbli məlumat verib.

Komitə sədri qeyd edib ki, əmək pensiyalarının minimum həddi 116 manatdan 160 manata qaldırılır.

Onun sözlərinə görə, bu da hardasa 38 faiz artım deməkdir:

“Bu artımdan da 233 min pensiyaçımız yaralanacaq ki, onların 9 mininin pensiyası, ümumiyyətlə, iki dəfə artmış olacaq. Çünki onların pensiyaları 116 manatdan da aşağı idi. Odur ki, onların pensiyası 38 faiz yox, iki dəfə artmış olacaq. Eyni zamanda, bu 233 minin  içində əlilliyə görə pensiya alanlarımızın sayı daha çox üstünlük təşkil edəcək. Bu artım üçün də dövlət büdcəsindən 41 milyon manatın ayrılması nəzərdə tutulur və bu artım bütövlükdə martın 1-dən qüvvəyə minəcək. Gələn il isə bu artımın məbləği 49 milyon manat təşkil edəcək.

Onu da qeyd edim ki, bununla bağlı qanun layihəsi qanunvericilik təşəbbüsünün subyekti-ölkə prezidenti cənab İlham Əliyev tərəfindən parlamentə göndərilib. Həmin qanun layihəsi də müvafiq şəkildə komitəmizin gündəliyinə daxil edilmişdi. Biz də onu parlamentin fevralın 19-da keçiriləcək növbəti plenar iclasına tövsiyə etdik. İnşallah, ayın 19-da həmin məsələ müzakirələrdən sonra qəbul ediləcək və hüquqi qüvvəsinə minməsi, imzalanması üçün ölkə prezidenti cənab İlham Əliyevə göndəriləcək. Bu, çox böyük və çox mütərəqqi addımdır. Bir neçə gün öncə ölkə başçısının fərmanı ilə ölkədə minimum əməkhaqqı birdən-birə 50 manat artırıldı, yəni minimum əməkhaqqı 130 manatdan 180 manata qaldırıldı. Bu artım həm də özəl sektora öz təsirini göstərəcək, burada da çalışanların minimum əməkhaqqı 180 manat məbləğində olacaq. İndi isə növbəti addım olaraq, pensiyalar 116 manatdan 160 manata qaldırılır ki, bunun özü də çox böyük addım və hadisədir”.

Kamil HƏMZƏOĞLU

 





16.02.2019    çap et  çap et