525.Az

“Akademik Arif Paşayev” adlı kitab sərgisi açıldı


 

“Akademik Arif Paşayev” adlı kitab sərgisi açıldı <b style="color:red"></b>

Fevralın 15-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında görkəmli alim, pedaqoq, elm və təhsil təşkilatçısı, ictimai xadim, Dövlət mükafatı laureatı, fizika-riyaziyyat elmləri doktoru, akademik Arif Paşayevin 85 illiyi münasibətilə “Akademik Arif Paşayev” adlı kitab sərgisi təşkil edilib.

Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə reallaşan sərginin açılışından öncə kitabxananın direktoru Kərim Tahirov çıxış edərək görkəmli akademikin elmi fəaliyyəti haqqında məlumat verib.

Kitabxananın direktoru Azərbaycanda fizika, texnika və aerokosmika elminin inkişafında müstəsna rol oynamış, respublikamızda elmin, təhsilin təşkilində xüsusi xidmətlər göstərmiş görkəmli alim, bacarıqlı elm və təhsil təşkilatçısı, fəal ictimai xadim akademik Arif Paşayevin 30-dan artıq kitab və monoqrafiyanın, 400-dən çox elmi əsərin müəllifi olduğunu və fizikanın müxtəlif sahələrinə həsr olunmuş 300-ə yaxın elmi əsərinin xarici ölkə mətbuatında nəşr olunduğunu, eyni zamanda, 60-dan çox ixtira üçün müəlliflik şəhadətnaməsi və sənaye nümunələri aldığını, alimin əldə etdiyi elmi nəticələrin ixtira səviyyəsində işlənib beynəlxalq sərgi və müsabiqələrdə qızıl, gümüş medallar və diplomlarla təltif olunduğunu, bir sıra sənaye müəssisələrində tətbiq edildiyini diqqətə çatdırıb. Qeyd edib ki, alimin elmi əsərləri mühüm praktiki əhəmiyyət kəsb etməklə yanaşı, gənc alimlər üçün də çox dəyərli mənbələrdir, akademikin əsərlərində əks olunan fundamental elmi-texniki nəticələr, faydalı elmi, elmi-təşkilati və pedaqoji fəaliyyəti, Azərbaycanda ali aviasiya təhsilinin müasir səviyyədə təşkili tanınmış ziyalının müstəsna xidmətlərindəndir: “Səmərəli elmi və elmi-təşkilati işlə yanaşı, olduqca faydalı pedaqoji fəaliyyətlə də məşğul olan akademik Arif Paşayevin rektoru olduğu Milli Aviasiya Akademiyası respublikamızın qabaqcıl ali təhsil müəssisələrindən birinə çevrilib. Azərbaycanda ilk dəfə olaraq müasir dünya standartlarına uyğun, təhsil, elm və istehsalatın vəhdətini nəzərdə tutan ali təhsil ocağı yaratmağa nail olmuş akademik Arif Paşayev ölkəmizdə aviasiya təhsilinin müasir səviyyədə inkişafına gərgin əmək sərf edən, gənc nəslin təlim və tərbiyəsini həmişə diqqətdə saxlayan qayğıkeş rəhbərdir”.

Sərgidə akademik Arif Paşayevin Azərbaycan və digər dillərdə çap edilmiş monoqrafiyaları, dərslikləri, dərs vəsaitləri, elmi məqalələri, beynəlxalq simpozium və konfranslardakı çıxışlarının tezisləri, müəlliflik şəhadətnamələri və ixtira patentləri haqqında yazılar, həmçinin, alimin elmi, pedaqoji, ictimai fəaliyyəti haqqında 300-dən artıq ədəbiyyat nümayiş etdirilir.

Sərgi on gün davam edəcək.

ŞAHANƏ

 





17.02.2019    çap et  çap et