525.Az

Zahid Oruc: "Məqsəd şəffaf və ədalətli idarəçilik sistemini bərqərar etməkdir"


 

SOSİAL TƏDQİQATLAR MƏRKƏZİNİN SƏDRİ ƏSAS FƏALİYYƏT PRİNSİPLƏRİNİ AÇIQLADI

Zahid Oruc: "Məqsəd şəffaf və ədalətli idarəçilik sistemini bərqərar etməkdir"<b style="color:red"></b>

Prezident İlham Əliyevin müafiq sərəncamı ilə yeni yaradılan Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin olunan Milli Məclisin deputatı Zahid Oruc bu təyinatla bağlı fikirlərini bildirib, həyata keçiricəkləri fəaliyyət barədə danışıb.

Z.Oruc qeyd edib ki, dövlətin və hökumət orqanlarının çevrəsində onlarla institut, beyin mərkəzi və analitik qurum var. Eyni zamanda, ölkə rəhbəri gündəlik olaraq, Azərbaycanın daxili və xarici siyasətinə dair məlumatları müfəssəl qaydada müxtəlif mənbələrdən alır, hesabat və təhlillərlə tanış olur, qəbul etdiyi qərarlar zamanı onları nəzərə alır: "Həmin informasiyaların təminatı məxfi xidmət orqanları, həmçinin, icra və siyasi strukturlar tərəfindən həyata keçirilir".

Deputatın sözlərinə görə, Sosial Tədqiqatlar Mərkəzinin yaradılması isə dövlət və vətəndaş arasında sağlam, etibarlı və dürüst əlaqələrin formalaşması məramından irəli gəlir: "Məqsəd hakimiyyət institutlarına ictimaiyyətin münasibətini həm də bu yolla öyrənməklə dövlət quruculuğu prosesinə aktiv yön vermək, xalq qarşısında hesabatlı, şəffaf və ədalətli idarəçilik sistemini bərqərar etməkdir".

"İndi hər kəs qəbul edir ki, istənilən rəsmi qərar cəmiyyətin ona hazırlanmasını, millətin həmin siyasətdə aktiv iştirakını tələb edir, - deyən Z.Oruc vurğulayıb ki,  Sosial Tədqiqatlar Mərkəzi də öz imkanları və səlahiyyətləri daxilində əldə etdiyi təhlilləri, hesabatları və rəy sorğularını daimi əsasda ölkə rəhbərliyinə təqdim etməyə çalışacaq.

Yeni yaradılan mərkəzin digər qurum və təşkilatlarla əməkdaşlıq prioritetləri barədə isə Z.Oruc qeyd edib ki, istər beynəlxalq təşkilatlar, istərsə də yerli institutlar, kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları ilə çiyin-çiyinə çalışmaq bizim üçün bir nömrəli vəzifədir: "Eyni zamanda, hər kəs əmin olsun ki, təkcə mövqeyi dövlətin iqtisadi-siyasi xətti ilə yaxın olan iqtisadçılarımızla yox, eləcə də fərqli dünyagörüşü daşıyan istənilən fikir adamı ilə ünsiyyətə, əməkdaşlığa və işgüzar münasibətlərə hazırıq. Hörmətli iqtisadçılar - Vüsal Qasımlı, Rövşən Ağayev, Samir Əliyev və onlarla tanınan, yaxud tanınmayan insanlar bizə öz köməyini göstərəcəksə, onlardan qətiyyən imtina etmək fikrində deyilik".

Mərkəz sədri təşkilati işlərdən də danışıb. O bildirib ki, Sosial Tədqiqatlar Mərkəzi fəaliyyətini keçmişdə mövcud olan Strateji Araşdırmlar Mərkəzinin kadr və inzibati binası əsasında həyata keçiriləcək: "Bu səbəbdən bir sıra hüquqi prosedurları sürətlə həyata keçiririk. Amma bu işlər bir qədər zaman alacaq".

Z.Oruc xüsusi vurğulayıb ki, işə qəbul prosesində ölkə rəhbərinin tövsiyə və tapşırıqlarına uyğun olaraq gənclərin ictimai-siyasi fəaliyyətdə rolunun artırılması başlıca prinsip kimi müəyyənləşdirilib: "Mərkəzin işçi heyətinin mühüm bir hissəsi əvvəlki illərdə Strateji Araşdırmalar Mərkəzində daxili siyasət üzrə çalışan kadrlardan ibarət olacaq. Yerdə qalan vakansiyalarda təmsil olunacaq şəxslərə dair müxtəlif tələblər mövcuddur və onu da ən qısa zamanda bildirəcəyik. Savadlı, intellektual gəncləri sıralarımıza cəlb edəcəyimizə heç kəsin şübhəsi olmasın".

Mərkəz sədri informasiya məkanında şəxsinə dair göstərilən inamı, müsbət sözləri, eləcə də tənqidləri, hətta ittiham və mühakimə epitetlərini də çox anlaşıyla qarşıladığını bildirib: "Doğrudur, onlarla tam tanış ola bilməmişəm. Lakin belə də olmalıdır. Çünki biz tənqidə hər zaman açığıq".

Z.Oruc media nümayəndələrinə də müraciət edib: "Əziz dostlarımız, müsahibə və görüşlərlə bağlı bizə bir qədər zaman verməyinizi sizdən xahiş edirəm. Danışmaq üçün əvvəlcə gərək cəfakeşliklə və ürəklə işləyək".

Mərkəz sədri ona göstərilən etimada görə ölkə prezidenti İlham Əliyevə təşəkkür edib, Azərbaycan dövlətinə xidmət üçün verilən rəsmi imkana görə dərin hörmət və ehtiramımı bildirib.

Qeyd edək ki, fevralın 8-də Prezident İlham Əliyev Azərbaycanda Sosial Tədqiqatlar Mərkəzinin yaradılması haqqında fərman imzalayıb. Mərkəzin yaradılmasında əsas məqsəd ictimai əhəmiyyətli məsələlərin araşdırılması və ictimai rəyin öyrənilməsi üçün əlavə vasitə yaratmaq, bu sahədə təhlil, tədqiqat və proqnozlaşdırma işinin səmərəliliyini artırmaq, sosial tədqiqatlarda müasir informasiya texnologiyalarından və qabaqcıl elmi-metodoloji yanaşmalardan istifadəni genişləndirməkdir.

Fərmana əsasən, Sosial Tədqiqatlar Mərkəzi publik hüquqi şəxs kimi fəaliyyət göstərəcək və ictimai münasibətlərin inkişaf dinamikasının sistemli təhlilini aparacaq, bu sahədə mövcud tendensiyaları müəyyənləşdirəcək və dəyişiklikləri proqnozlaşdıracaq, həmin dəyişikliklərin cəmiyyətə mümkün təsirlərini araşdıracaq, müasir informasiya texnologiyaları və elmi yanaşmalar tətbiq edilməklə ictimai fikrin öyrənilməsini və sosial tədqiqatlar aparılmasını təmin edəcək, həyata keçirdiyi elmi-analitik təhlilin nəticələrini dövlət orqanlarına təqdim edəcək.

Prezidentin fevralın 11-də imzaladığı sərəncama Z.Oruc mərkəzin İdarə Heyətinin sədri təyin olunub.

Daha sonra dövlət başçısı Sosial Tədqiqatlar Mərkəzinin yaradılması haqda fərmanına dəyişiklik edib, quruma ümumi rəhbərliyi və nəzarəti üç üzvdən ibarət İdarə Heyətinin həyata keçirməsi qərara alınıb.

Ceyhun ABASOV

 





19.02.2019    çap et  çap et