525.Az

Qar yağacaq... - Pərvinin hekayəsi


 

Qar yağacaq... - <b style="color:red">Pərvinin hekayəsi </b> – Qalx ayağa... Əllərini irəli uzat... Düz tut...

Nevropatoloq qadının sözündən sonra ayağa qalxıb əllərimi irəli uzatdım.

– Deyəsən, sən ürəyinlə çox danışırsan.

Yaşı bəlkə də 40-dan çox olan, amma görünüşü, bədən hərəkətləri, çevikliyindən gününün çox hissəsi Fitness klublarda keçməsi ehtimal olunan bu qadının falçılıq qabiliyyətinə heyrət etdim...

Sakitcə – Hə – deyə etiraf elədim.

Həkim mənalı tərzdə üzümə baxıb gülümsəyərək təzyiq ölçəni qoluma bağladı. Uşaq vaxtı atamın təzyiqini ölçən həkim bizə susmağı, evdə səs yaradan hər şeyi söndürməyi tapşırardı. Qardaşım sonra bunu ləzzətlə danışıb gülərdi: “Görəsən, müharibə vaxtı yaralıların təzyiqini ölçmək istəyən həkimlər atəş səslərini necə susdururdular ?” Qardaşımın məzəli mimika və jezstlərlə necə danışıb gülməsini xatırlayaraq şənləndim. Yəqin həkim üzümün ifadəsindən bunu hiss etdi.

– Ay sağ ol! Ürəyinlə danışanda da, yaxşı nələrdənsə söhbət elə – deyərək cihazı qolumdan açdı.
Bəlkə ürəyim bu qadının agentidir? Söhbətlərimizi ona sms-lə göndərir – deyə düşündüm.

Həkim öz işində idi. Rahat otur – deyib taxta çəkicini siyirtmədən çıxardı. Dizlərimə yavaş-yavaş vururdu... Birinci dəfə vuranda heç nə hiss eləmədim. Amma ikinci, üçüncü dəfədə ayağım qeyri-ixtiyari qabağa atdandı. Sonuncu dəfədə isə elə bil çəkici dizimə yox başıma vurdu. Gicgahımdan qəribə sızıltı keçdi.

Gözlərimi qeyri-ixtiyari bərk yumdum, açanda isə ani olaraq həkimi 3 nəfər gördüm. Amma 2-3 saniyədən sonra keçdi.

Həkim xəstəlik kağızında nəsə qeydlər edərək danışmağa başladı:

– Nevroz əmələ gəlir səndə – başını qaldırıb mənə baxdı – yuxusuzluğun, başağrıların da ondandı.

– Elədir...Nə qədər başağrı dərmanı atıram, xeyri yoxdu, sutkada 2-3 saatdan artıq yata bilmirəm – deyərək həkimə elə baxdım sanki, bütün bunların günahı ondadı.

– Yox, atma, sənin başağrıların əsəb gərginliyindəndi. – yazdığını kənara qoydu. –Bax, cavan, gözəl qızsan. Hiss olunur, özünə də qulluq edənsən. Bəs nə üçün belə əsəbisən, niyə ürəyinlə bu qədər danışırsan? Məgər danışmağa adam tapmırsan?

Guya mənimlə zarafat etmək istədi. Süni təbəssümündən və sualından əsəbləşdiyimi hiss elədim. İstədim deyim: Mən ürəyimdən başqa Həmsöhbətimin necəliyindən danışsam, siz özünüz depressiyaya düşəcəksiniz. Amma sözləri hardasa boğaza yaxın bir yerdə sıxıb saxladım. Elə bil boğazımda tıxac əmələ gəldi. Olmaz... Axı o məndən böyükdür? Anam bilsə, hirslənər.

Susmağımdan yorulan həkim növbəti suala keçdi:

– Bəlkə evdə bir problem var?

– Yox, – dedim.

– Onda yəqin işdə...

Cavab vermədim. İşi yadıma salıb daha da əsəbləşəcəkdim. Belə hirslənəndə elə bil gicgahlarıma iynə batırırlar.

Deyəsən, həkim susmağımın səbəbini başa düşdü. Bir anlıq fasilə verib fikrə getdi. Yəqin əsə-əsə auditoriyaya girən qoca Psixologiya müəlliminin sözlərini xatırlamağa çalışırdı: “Xəstəni ilk olaraq psixoloji cəhətdən müəlicə etmək, onu sağalacağına inandırmaq lazımdı.”

– Qulaq as mənim balam, – elə bil həkimin səsində yumşaq, həlim bir istilik peyda oldu. Yanılmamışdım. Həkim yazacağı dərmanlardan əvvəl mənim əsəb gərginliyimi psixoloji üsulla aradan qaldırmaq istəyirdi.

– Yenə təkrar edirəm, ali savadlı, gözəl qızsan. Yüksək zövqün hiss olunur. Bəlkə bu saat sənin kimi olmaqçun dəridən-qabıqdan çıxan yüzlərlə qız var. Başa düşürəm, indi pis zəmanədi. Adamlar içlərində toplanmış mənfi enerjidən gərginləşir, bunu başqasına ötürməyə məqam axtarırlar. Sənin kimi gözəl qızların əsəb gərginliyi bir az da çox olur. Amma pisliyi görəndə yaxşılığı da görməyə çalış. Narazılıqlarını nə yollasa çıxar içindən. Axı ətrafda o qədər müsbət enerji verən hadisələr var. Dünya ancaq qara-boz rənglərdən ibarət deyil. Bax, bayırda yağış yağır. Bayaq çıxıb baxdım. Adamın lap ruhu dincəlir. Sənin kimi estetik, gözəl qız bundan zövq almaya bilməz. Çıx belə havada bir az gəziş, heç nə fikirləşmə. Sadəcə yağışdan həzz almağa çalış. Mən dərmanlar yazacağam, amma sən daxilindəki gərginliyi azaltmağa çalışmasan, müalicənin xeyri olmayacaq, qısa zamandan sonra yenə əvvəlki halına qayıdacaqsan...

Anam yaşında olub məndən o qədər də fərqlənməyən qadının mənə “balam” deyə müraciət etməsi nəsə qəribə göründü. Amma ən marağlısı həkimin yanaşması idi. Müasir qızların gözəl olmaqdan əlavə heç bir məqsədinin olmadığını bilirdi yəqin. Ona görə qısa monoloqunda gözəl olduğumu 88 dəfə vurğuladı.
Həkimlə estetika və gözəllik barədə xeyli mübahisələr edə bilərdim. Amma buna həvəsim yox idi. Əsas olan başağrılarımın müalicəsidir. Bunun üçün də dərmanlar yazıb. Nəzakətlə təşəkkür edib resepti götürərək Poliklinikadan çıxdım. Artıq hava qaralmışdı. Soyuq hava adamın sümüklərini sızıldadırdı. Bir neçə dəqiqə ərzində arkanın altında dayanaraq yağışa baxdım. Nə olsun? Yağışdı da. Həm də soyuq. Burda həzz almalı nə var ki?

Həkimin sözləri qulağımda səsləndi – dünya təkcə qara-boz rənglərdən ibarət deyil.

Eehh... Dildə demək asandı... Çox yox bircə həftə mənim yerimdə işləsəydi, belə deməzdi. Nazirlik deyil e, əsl Monqolustandı. Bizim şöbənin işi lap dəhşətdi. Adam gün ərzində nə qədər kostyumlu, qalstuklu maymaqlar, bahalı ətirləri, qızıl zəncirləri (bəli-bəli zəncirləri... çünki bunların taxdığı boyunbağı deyil, zəncirdir...), brend firmalardan geyindikləri geyimləri, bütün günü əllərindən qoymadıqları maşın açarlarını, boyaxana küpündən çıxmış sir-sifətləri ilə səviyyələrinin sıfır olduğunu ört-basdır edən “xanım”larla danışmalı olar? Hərəsinə çox yox, on qram əsəb sərf eləsən, axşama başın piramidaya dönəcək. Hamı özünü ağıllı, istedadlı, səviyyəli hesab edir. Bir idarənin qapıçısı özünü ağa kimi aparırsa, orda əsəblərini necə qoruyasan? Adi bir katibəyə Faks aparatını idarə etmək tapşırılırsa, sabahdan o özünü rəis kimi aparır. Çünki, ona cansız bir aparatı da olsa, idarə etmək tapşırılıb. Hardakı “idarə etmək” ifadəsi var, orda normal insani davranışdan söhbət gedə bilməz ...

... Narazı, əsəbi olmayasan neyləyəsən. Evdəkilər də hiss edir gərginliyimi. Gün ərzində içimdə yığılan mənfi enerji onlara qarşı münasibətimə də təsir edir. Neyləyim, əlimdən nə gəlir? Necə olur olsun, hələ işləməliyəm orda, gələcəyimçün lazımdı. O gələcək yetişənəcən məni min cür əsəb xəstəliyi tapmasa yaxşıdı.

Bütün bunları düşündükcə bəzi sifətləri, hadisələri xatırlayıb daha da pis oldum. Təzyiqim qalxırdı elə bil. Başımın arxasından yenə ağrılar başladı. Sanki ağrı onurğa sütunu boyu bütün bədənimə yayılırdı. Ağrılar məni evə tələsdirdi. Arkanın altından çıxaraq dilxor halda metroya tərəf addımlamağa başladım. Yolüstü aptek yox idi, ona görə dərmanları sabah səhər tezdən işə gələndə almaq qərarına gəldim. Mütləq gərək müalicəyə başlayım, yoxsa Monqolustan mənim axırıma çıxacaq, başım xarab olacaq.

... Yağış səhərdən yağsa da, havadan qar iyi gəlirdi ... Sanki qar bir az öz qoxusundan yağışa verib onu özündən əvvəl kəşfiyyata göndərmişdi. Görsün bu şəhər qar istəyirmi?

Şəhərin işıqları yağışın altında islanıb, qəribə rəng almışdı. Sarı ilə narıncının arasında bir rəng... Həkimin sözlərini fikirləşərək, heç olmasa, qısa müddət ərzində də olsa işdən qalan gərginliyi yaddaşımdan silməyə, mənim üçün mexanikiləşmiş ağrılara fikir verməməyə, özümdə müsbət əhval yaratmağa çalışsam da, alınmırdı. Hər şey mənfi təsir edirdi mənə. Bu gün yağış da özünə bənzəmirdi elə bil. Əlindən rahat yol getmək olmurdu. Demək olar, qaça-qaça gedirdim. Yağış damcıları da sanki iynələrə çevrilib sifətimə batırdı. Fikirləşdim yəqin, yağış evə tələsdiyim üçün hirslənib mənə. Çünki, o soyuq iynə terapiyası ilə məndən daha əsəbi görünürdü. Bəlkə hər dəfə ayağını şəhərə qoyanda mənim onu xüsusi qarşılamağımı, ayağının altına xalçalar sərməyimi istəyir?! Bəlkə yağış heç hirslənmirdi də... İndi ona göstərdiyim yeganə və böyük ehtiramdan – çantamdakı çətirdən istifadə etməməyimdən məmnun idi. Elə fikirləşirdi ki, onu saçlarıma qovuşdurmaq üçün belə edirəm. Hətta bu məmnunluğundan dodağı altında arabir züm-zümə də edirdi... Amma maşınların səsi mahnısının sözlərini eşitməyə imkan vermirdi. Arada qulaqlarımın güclə sezdiyi sözlər – Qar... yağ... qar... yağacaq...

Cibimdən gələn səs məni yağışın melodiyasından ayırdı. Telefonumun səsi imiş. Telefonu çıxarıb ekranda anamın adı ilə yanaşı yazılmış xanım sözünü görüncə qarşıda məni geniş müsahibə gözlədiyini bildim.

Səsimin şirin yerinə salıb – Ay can! – deyə cavab verdim.

– Neyniyirsən? Hardasan? Həkimə getdin? Nə dedi?

– Yaxşıyam. Yoldayam. Həkimə getdim. Elə bir ciddi problem yoxdu. Dərmanlar yazdı.

– Alarıq dərmanları, müalicəyə başlayarsan. Amma dərmanlardan əlavə özün də özünü müalicə eləməlisən.

Sonra gülə-gülə əlavə etdi – Yoxsa, sənin bu it sifətinə çox dözməli olacağıq.

– Yaxşı. Nə istəsən, eliyərəm. Təki Sən istə! – deyə, sakit tərzdə cavab verdim.

Anam özünəməxsus üslubda “mənim balam”, “ağıllı balam”, “canımsan” deyə-deyə xeyli danladı məni. Mövzu isə həmişəki kimi mənim əsəbiliyim idi. Bu sözləri 88 dəfə eşitməyimə baxmayaraq, 89-cu dəfə də diqqətlə dinlədim. Anamı söhbətin davamını axşam evdə etməyə razı salıb sağollaşdım. Əsəbiliyim və başağrım davam edirdi. Çox danışmaq halında deyildim.

Telefonu qapadıb cibimə qoyanda qəfildən gözümə göy rəngdə adam göründü. Onun rəngi yağışın tutqunlaşdırdığı şəhərin rənglərinin içində Səttar Bəhlulzadənin tablosuna düşmüş ləkə kimi görünürdü. Fikirləşdim yəqin eynəyim belə göstərir. Əynindəki gödəkçənin rəngini kölgə kimi görürdüm. Yaxınlaşanda gördüm balaca qızdı. 12-13 yaşı olardı... Sürətimi azaldıb qızın üzünə diqqətlə baxanda soyuqdan göyərdiyini başa düşdüm. Əynindəki gödəkcə çox nazik idi, boynu, başı, sinəsi də açıq. Saçları islanmışdı. Rus qızı idi. Mənim ayaq saxladığımı görüb dedi: “Podayte pojaluysta na xleb”

Addımlarımı sürətləndirsəm də, əlimi cibimə salıb qəpik axtardım. Soyuqdan donmuş barmaqlarım açarla qəpikləri bir birindən güclə ayırdı. 50 qəpikliyi qıza uzatdım.

Pulu götürüb “Spasibo” dedi.

Mən uzaqlaşdıqca ardımca eyni istiqamətdə hərəkət edirdi. Küçə boyu müxtəlif dükanlar sıralanmışdı. Disk mağazasından şən əhval ruhiyyəli, ritmik bir rus mahnısının səsi gəlirdi. Mağazanın qapısından beş addım aralanmamış, arxadan yenə qızcığazın səsini eşitdim. Ani olaraq çevrilib gördüm ki bu göyrəngli uşaq mağazadan gələn səslə paralel həmin mahnını oxuyur. Valeriyanın səsi qızcığazın səsinə qarışmışdı.

Tələsdiyimdən tez də yolumu davam etmək istədim. Amma soyuqdan göyərmiş balacanın bu şən mahnını oxumasında, oynaq yerişində elə bir rahatlıq, razılıq var idi ki...

... Qeyri-ixtiyari ayaq saxladım. Qız oxuya-oxuya gəlib mənə çatanda soruşdum:

– Tebe tak veselo çto tı payoş?

Uşağın cavabı məni yerə yapışdırdı.

– Da veselo. Qovoryat çto zavtra sneq poydyot.

Sözünü deyib oxuya-oxuya uzaqlaşdı. O, tini burulana qədər yağışın altında dayanıb arxasınca baxdım.
Nədənsə mənə elə gəldi ki yağışın məhz onun üstünə düşən damcıları soyuq yox, istidi. Çooox istidi... Sabah qar da yağsa belə olacaq. Məhz onun üstünə soyuq yox, ilıq qar dənələri qonacaq. Hələ bəlkə o ilıq qardan isti Qar adamı da düzəldəcək...

Bir-iki dəqiqə yağışın altında dayanıb həmin mahnıya qulaq asdım. Nəhayət mahnı bitdi. Çantamı açıb bayaq nevropatoloq həkimin yazdığı resepti çıxartdım, tələsmədən dörd yerə qatlayaraq səliqəylə cırdım, mağazalaradan birinin qarşısındakı zibil qabına tulladım...

Hmmm... Neynirəmeee müalicəni?! Axı, sabah qar yağacaq!

Yanvar, 2011
 





19.02.2019    çap et  çap et