525.Az

Moskva təxribatında erməni barmağı


 

"ERMƏNİ LOBBİSİ HƏMİN HADİSƏNİ ÖZ MƏNAFEYİ NAMİNƏ ŞİŞİRTMƏKDƏ VƏ ONA SİYASİ RƏNG VERMƏKDƏ MARAQLIDIR"

Moskva təxribatında erməni barmağı<b style="color:red"></b>

Xəbər verdiyimiz kimi, fevralın 15-də Moskvadakı "Neolit" kafesində azərbaycanlılar və çeçenlər arasında baş vermiş insident həm Azərbaycanda, həm də Çeçenistanda ciddi narahatlıqla qarşılanıb. Hər iki tərəf məişət zəminində baş vermiş hadisəni xalqlar arasında düşmənçilik yaratmaq, nifaq toxumu səpmək istəyən qüvvələrin təxribatı kimi qiymətləndirib.

Rusiyada fəaliyyət göstərən İnformasiya Təşəbbüsləri Mərkəzinin rəhbəri Fuad Abbasovun apardığı jurnalist araşdırmasından sonra bu fakt öz təsdiqini tapıb. Məlum olub ki, bütün baş verənlərin günahkarı, çeçenlərin axtardığı şəxs özünü azərbaycanlı kimi qələmə verən 1993-cü il təvəllüdlü Ermənistan vətəndaşı Harnik Aramoviç Vardanyandır.

Mövzu ilə bağlı "525"ə fikirlərini bildirən Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru, "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin sədr müavini Elçin Əhmədov qeyd edib ki, azərbaycanlılar və çeçenlər arasında baş vermiş insidenti millətlərarası münaqişə kimi qiymətləndirmək çox yanlış olardı: "Azərbaycan və çeçen xalqları arasında tarixən çox sıx dostluq münasibətləri mövcuddur. Bu münasibətləri heç kəs sarsıda bilməz, çeçenlər və azərbaycanlılar dostluq və qardaşlıq ənənələrinə sadiqdirlər".

E.Əhmədov deyib ki, Rusiya Federasiyası, o cümlədən, onun tərkibinə daxil olan Çeçenistan Respublikası üçün Azərbaycanla münasibətlər strateji xarakter daşıyır və ölkələrimiz arasında əməkdaşlıq ildən-ilə genişlənir və möhkəmlənir: "Bu münasibətlər bütün sahələrdə, o cümlədən, ticari-iqtisadi sahədə, siyasət və mədəniyyət istiqamətlərində özünü göstərir. Xüsusilə, Azərbaycan və Rusiya arasında ikitərəfli münasibətlər çox uğurla inkişaf edir. 2018-ci il dekabrın 14-də Moskvada Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının 17-ci iclası keçirilib, Azərbaycan və Rusiya prezidentlərinin siyasi iradəsi və birgə səyləri nəticəsində ölkələrimiz arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib, dövlət başçılarının qarşılıqlı səfərləri və müntəzəm görüşləri dövlətlərarası münasibətlərə yüksək dinamizm gətirir. Azərbaycan prezidentinin 2018-ci ilin sentyabrında Rusiyaya səfəri zamanı 16 sənəd imzalanıb. Rusiya prezidenti Vladimir Putin keçən ilin sentyabrında ölkəmizdə səfərdə olub və bu səfər çərçivəsində dövlət başçılarının iştirakı ilə 9-cu Azərbaycan-Rusiya Regionlararası Forumu keçirilib. Azərbaycan Rusiya iqtisadiyyatına 1 milyard dollardan çox, Rusiya isə Azərbaycana 4,2 milyard dollardan artıq investisiya qoyub. Azərbaycanda təqribən 760 Rusiya kapitallı şirkət fəaliyyət göstərir. Rusiya şirkətləri Azərbaycanda həyata keçirilən layihələrdə podratçı qismində də iştirak edir".

Professor hesab edir ki, məişət hadisəsini şişirdərək münaqişə kimi təqdim etmək təxribatdan başqa bir şey deyil: "Heç şübhəsiz ki, ölkələrimizin mövqelərinin güclənməsi bəzi qüvvələri narahat edir və onlar xalqlarımız arasında düşmənçilik toxumu səpərək öz çirkin niyyətlərini həyata keçirmək istəyirlər. Şübhəsiz ki, erməni lobbisi də həmin hadisəni öz mənafeyi naminə şişirtməkdə və ona siyasi rəng verməkdə maraqlıdır və bu, onların Azərbaycan ilə Rusiya arasındakı strateji tərəfdaşlıq münasibətlərini pozmaq istəyindən irəli gəlir. Bu insidentin bu cür əks-səda doğurması da məhz onların təsirinin nəticəsidir. Lakin bu cəhdlər əbəsdir. Heç bir qüvvə Azərbaycan və çeçen xalqları arasında tarixən formalaşmış dostluq və qardaşlıq münasibətlərinə xələl gətirə bilməz".

Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, Dövlət Dumasının deputatı Dmitri Savelyev də hesab edir ki, bu insident Rusiya-Azərbaycan dostluq münasibətlərinin inkişafı tempinin yavaşlamasında maraqlı olan şəxslərin təxribatıdır.

"Azərtac"ın məlumatına görə, D.Savelyev jurnalistlərlə açıqlamasında qeyd edib ki, Rusiya Federasiyası, o cümlədən, onun tərkibinə daxil olan Çeçenistan Respublikası üçün Azərbaycanla münasibətlər strateji xarakter daşıyır və ölkələrimiz arasında dostluq əlaqələri ildən ilə möhkəmlənir: "2018-ci il bu mənada iqtisadiyyat, siyasət və mədəniyyətdə bütün göstəricilər üzrə rekord ili olub. Ötən il əsrin dörddə biri ərzində müzakirə olunan Xəzər dənizinin statusunun nəhayət ki, müəyyən edilməsini xatırlatmaq kifayətdir. Dövlətlərimizin liderlərinin müəyyən etdikləri əlaqələrin inkişafı kursunun üfüqi müstəvidə, insani münasibətlər səviyyəsində tamamilə dəstəklənməsi və məhz regionların hesabına Rusiya və Azərbaycan arasında çoxəsrlik qardaşlıq əlaqələrinin möhkəmlənməsi də böyük əhəmiyyət kəsb edir. Azərbaycanla Çeçenistanın çoxşaxəli əlaqələri isə iqtisadi sahədə Rusiya-Azərbaycan birgə layihələrinin inkişafının perspektivli istiqamətlərindən biridir".

"Şəksizdir ki, ölkələrimizin mövqelərinin güclənməsi üçüncü qüvvələri narahat edir. Həmin epizodun KİV-də bu cür əks-səda doğurması məhz onların təsirinin nəticəsidir. Şübhə yoxdur ki, həmin insidentin hüquq-mühafizə orqanları tərəfindən təhqiqatına ehtiyac var. Eyni zamanda, hökumətlərarası strukturlar bu epizodun KİV-də bu qədər şişirdilməsinin səbəbini araşdırmalıdır", - deyə rusiyalı deputat qeyd edib.

Qeyd edək ki, Azərbaycan və Rusiya Federasiyasının Çeçenistan Respublikası rəhbərliyi insidenti adi məişət zəminində baş vermiş kriminal hadisə kimi dəyərləndirib.

Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov məlum hadisədən dərhal sonra mətbuata açıqlamasında bildirib ki, belə hallar Azərbaycan və çeçen xalqları arasında tarixən mövcud olan dostluq və qardaşlıq əlaqələrinə xələl gətirə bilməz.

Ə.Həsənov vurğulayıb ki, Azərbaycan və çeçen xalqları arasında əlaqələr tarixin sınağından çıxıb və nümunəvi xarakter daşıyır: "Prezident İlham Əliyevlə Çeçenistan prezidenti Ramzan Kadırov arasında mövcud olan şəxsi dostluq münasibətləri, ötən ilin sonlarında keçirdikləri görüşdə səslənən fikirlər buna əyani sübutdur. Ümumiyyətlə, azərbaycanlılar bütün Qafqaz xalqları ilə əsrlər ərzində formalaşmış ortaq tarixini, dəyərlərini yüksək qiymətləndirir və həmişə qorumağa çalışırlar".

Azərbaycan ilə Rusiya arasında gündən-günə inkişaf edən əməkdaşlıq əlaqələrinin həm də ölkəmizin Şimali Qafqaz respublikaları, o cümlədən, Çeçenistanla əməkdaşlığının möhkəmlənməsində önəmli rol oynadığını vurğulayan prezidentin köməkçisi qeyd edib ki, Rusiya çoxmillətli dövlətdir, burada yaşayan xalqlar öz dillərini, mədəniyyətlərini qoruyub inkişaf etdirirlər: "Rusiyada yaşayan azərbaycanlılar da digər xalqlar kimi həmişə öz milli mədəni hüquqlarından tam istifadə edə bilirlər. Biz soydaşlarımızı, qardaş çeçen və Rusiyada yaşayan digər xalqların nümayəndələrini bu ölkədəki multikultural mühitdən, yaradılmış şəraitdən xoş məramlar, xalqlararası dostluğun inkişafına töhfə verəcək məqsədlər üçün istifadə etməyə, belə xoşagəlməz insidentlərə yol verməməyə dəvət edirik. Əminliklə bildiririk ki, Moskvada yaşanmış insidentdən sui-istifadə edərək xalqlarımız arasında düşmənçilik toxumu səpmək istəyən qüvvələr böyük yanlışlığa yol verirlər və öz çirkin niyyətlərinə çatmayacaqlar".

Rusiya Federasiyası Çeçenistan Respublikasının mətbuat və informasiya naziri Cambulat Umarov isə bildirib ki, hər hansı cinayət hadisəsi, xuliqanlığı sosial şəbəkələrdə hansı formada şərh edilməsindən asılı olmayaraq yaymaq istəyənlər çeçen və Azərbaycan xalqlarının əlaqələrini, dostluq və qardaşlıq münasibətlərini poza bilməzlər: "Bu, qeyri mümkündür. Bu əlaqələr yüzilliklərə söykənir".

C.Umarov qeyd edib: "Qardaş Azərbaycan xalqını salamlayıram. Böyük qürurla qeyd etmək istəyirəm ki, çeçen xalqı beynəlxalq terrorçuların yaratdığı fitnəni, çeçenlərin həlak olduğu zaman Azərbaycanın bizə açdığı isti qardaşlıq qucağını heç vaxt unutmayacaq. Moskva və başqa yerlərdə kriminal hadisələr baş verən zaman onların məqsədi mənəvi inkişafın, mədəniyyətin nümayişi deyil. Onların məqsədi pul qazanmaq hərisliyi, insanları cinayətkarlığa sövq etməkdir".

"Çeçen və Azərbaycan xalqları böyük sivilizasiyanın, böyük mədəniyyətin davamçılarıdır. Bu zənginlik atadan oğula, oğuldan nəvəyə ötürülə-ötürülə indiki möhkəm qardaşlıq və dostluq əlaqələrinə çevrilib... Biz düşmənçilik kimi bir ayıb əmələ yol verə bilmərik. Biz müasir, mədəni xalqlarıq. Qeydə alınan xırda narazılıqları münaqişələrlə deyil, atalarımızın bizə miras qoyduğu kimi çay süfrəsi arxasında həll etmişik... Bu narazılığın yeganə çıxış yolu qardaşcasına görüşmək, bir-birini anlamaq və hörmət etməkdir. Bu, bizim əcdadlarımızdan qalan bir mirasdır. Azərbaycan və Çeçenistan respublikalarına sülh arzulayıram", - deyə nazir əlavə edib.

Elə məhz insidentin baş verdiyi gecə Rusiya paytaxtında yaşayan azərbaycanlılar və çeçenlərin bir araya gəlməsi, hadisəni təxribat adlandırması, iki dost, qardaş xalqlar arasında sıx münasibətlərə zərbə vurmaq cəhdi kimi qiymətləndirməsi tərəflər arasında hər hansı ədavətdən, ciddi fikir ayrılığından söhbət getmədiyini bir daha təsdiq edib. Eyni zamanda, dünyanın müxtəlif nöqtələrində, o cümlədən, postsovet dövlətlərində yaşayan hər iki xalqın nümayəndələrinin sosial şəbəkələrdə paylaşdıqları video-görüntülərlə həmrəylik mesajları verməsi, hadisəni pisləməsi təxribatçı qüvvələrin planlarının alt-üst olmasıyla nəticələnib.

Ceyhun ABASOV

 





20.02.2019    çap et  çap et