525.Az

Prezident: "Sumqayıtın kompleks inkişafı daim diqqət mərkəzindədir"


 

MUSA QASIMLI: "DÖVLƏT BAŞÇISININ SAKİNLƏRLƏ GÖRÜŞÜ BİR DAHA TƏSDİQ EDİR Kİ, O, TƏKCƏ GÖRKƏMLİ DÖVLƏT XADİMİ DEYİL, EYNİ ZAMANDA, SADƏ XALQ ADAMIDIR"

Prezident: "Sumqayıtın kompleks inkişafı daim diqqət mərkəzindədir"<b style="color:red"></b>

Məlum olduğu kimi, fevralın 18-də Prezident İlham Əliyevin iştirakı ilə Sumqayıtda daha bir istehsalat müəsisəsi - polietilen zavodunun açılışı olub. Bu, cari il ərzində Azərbaycanın gənclər şəhərində istifadəyə verilən ikinci böyük zavoddur.

Təsadüfi deyil ki, yanvarın 16-da Sumqayıt Kimya Sənaye Parkında "SOCAR karbamid" zavodunun istifadəyə verilməsindən təqribən 1 ay sonra "SOCAR Polymer" layihəsi çərçivəsində inşası tamamlanan yüksəksıxlıqlı polietilen zavodunun açılışı ölkə sənayesinin inkişafı istiqamətində atılan növbəti uğurlu addım kimi qiymətləndirilir. Bildirilir ki, "SOCAR Polymer" layihəsi son 40 ildə öz növünə və miqyasına görə Azərbaycanın neft-kimya sənayesində həyata keçirilən ilk belə layihədir. "SOCAR Polymer" şirkəti Azərbaycanda kimya sənayesinin inkişafını sürətləndirmək məqsədilə 2013-cü ildə təsis edilib. 2015-ci il oktyabrın 25-də isə Prezident İlham Əliyevin iştirakı ilə ən yüksək standartlara və müasir texnologiyalara əsaslanan "SOCAR Polymer" zavodlarının təməli qoyulub. 2018-ci il iyulun 18-də Azərbaycan prezidenti İlham Əliyevin və İtaliya prezidenti Sercio Mattarellanın iştirakı ilə layihə çərçivəsində inşa olunan polipropilen zavodunun açılışı olub.

Açılış mərasimindən sonra zavodun kollektivi ilə görüşən dövlət başçısı çıxışında bu müəssisədə işləyənlərin mütləq əksəriyyətinin gənclər olmasından şad olduğunu qeyd edib: "Mən sizi ürəkdən salamlayıram və zavodun açılışı münasibətilə ürəkdən təbrik edirəm. Bir neçə il bundan əvvəl bu zavodun təməli qoyuldu. O vaxt burada heç nə yox idi. Vaxtilə burada fəaliyyət göstərmiş müəssisələr sıradan çıxmışdı və yarıdağılmış vəziyyətdə idi. Dövlət tərəfindən bu ərazi nəzarətə götürüldü, böyük təmizlik işləri aparıldı. Ümumiyyətlə, Sumqayıt Kimya Sənaye Parkının ərazisi 500 hektardan çoxdur və bu ərazidə bütün kommunikasiyalar, infrastruktur layihələri icra edildi ki, burada müasir sənaye mərkəzi yaradılsın. Biz buna nail ola bilmişik. Bu gün Sumqayıt Kimya Sənaye Parkında bir çox müəssisələr fəaliyyət göstərir və onların arasında "SOCAR Polymer"in əlbəttə ki, xüsusi yeri var".

Prezident qeyd edib ki, yeni iş yerlərinin yaradılması prosesi burada təmin olunur, təxminən 500-dən çox yeni iş yeri açılır: "Bu yaxınlarda karbamid zavodunun açılışında iştirak edərkən məlumat verilib ki, orada da 500-dən çox iş yeri yaradılır. Yəni bu iki mühüm müəssisənin əhəmiyyəti çox böyükdür. İlk növbədə, bu iki müəssisəyə 1,6 milyard dollar sərmayə qoyulub. Çox böyük rəqəmdir. Özü də nəzərə alsaq ki, bu sərmayə qeyri-neft sektoruna qoyulur. Digər tərəfdən, burada istehsal olunan məhsullar ixracyönümlüdür və ölkəmizə valyuta gələcək. Biz təkcə neftdən, qazdan yox, eyni zamanda, hazır məhsuldan valyuta qazanacağıq".

Dövlət başçısı vurğulayıb ki, bu zavodun fəaliyyətə başlaması Sumqayıt şəhərinin ümumi inkişafına da böyük töhfədir: "Sumqayıt bu gün nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye şəhəridir. Son illərdə Sumqayıtda bir çox müasir müəssisələr yaradılıb. Bu il Sumqayıt Kimya Sənaye Parkında bir neçə müəssisənin açılışı nəzərdə tutulur. Sumqayıtın həm sənaye, həm iqtisadi, sosial inkişafı daim diqqət mərkəzindədir. Sumqayıt bu gün yüksək ekoloji standartlara uyğun şəhərlərdən biridir".

Daha sonra Sumqayıtın dənizkənarı bulvarında yardılan şəraitlə tanış olan dövlət başçısı şəhər sakinləriylə görüşüb, onlarla söhbət edib, təklif və problemlərini dinləyib.

Prezident sakinlərlə görüşdə bildirib ki, son illər Sumqayıtın inkişafı ilə bağlı çox böyük işlər görülüb: "Sumqayıt bu gün müasir sənaye mərkəzinə çevrilib və burada fəaliyyət göstərən müəssisələrdə minlərlə insan işlə təmin edilir. Elə bu gün (18 fevral-red.) səhər yeni müasir polietilen zavodunun açılışını etdik. Bu zavod təqribən 500 iş yeri yaradan bir müəssisədir. Burada istehsal olunacaq məhsullar ixracyönümlüdür və ölkə iqtisadiyyatına böyük töhfə verəcək. Biz bu yaxınlarda azot gübrələri zavodunun açılışını da etdik. Orada da 500 nəfər işlə təmin olunub. Eyni zamanda, göstəriş vermişəm ki, ödənişli ictimai işlər də açılsın və 2 min iş artıq açılıbdır. Göstəriş vermişəm ki, əlavə təqribən 2 minə yaxın ictimai iş açılsın ki, hələlik iş tapa bilməyən vətəndaşlar orada işləyə bilsinlər. Siz xatırlatdınız, mən demişəm ki, Sumqayıt bulvarı da bir möcüzədir. Mən həmişə demişəm ki, Sumqayıt inkişaf baxımından paytaxt şəhərinə yaxın olmalıdır və bu gün biz bunu görürük. Düzdür, Bakı son illər çox gözəlləşib, abadlaşıb, ancaq Sumqayıt kimi gözəl şəhərdə insanların istirahəti üçün mütləq bulvar olmalı idi və biz bir il, hətta bir ildən tez bir vaxtda 4 kilometr uzunluğunda bulvar yaratdıq. İndi bura Sumqayıtın əsas istirahət zonasıdır, görün, nə qədər gözəlləşib. Siz burada dəfələrlə olmusunuz, mən də dəfələrlə olmuşam. Əvvəlki mənzərə əlbəttə ki, çox acınacaqlı idi. Amma bu gün yeni yollar salınır, yeni binalar tikilir, ictimai yerlər yaradılır. Yəni, Sumqayıtın kompleks inkişafı daim diqqət mərkəzindədir".

Prezidentin Sumqayıt səfəri ilə bağlı "525"ə fikirlərini bildirən Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Musa Qasımlı qeyd edib ki, Prezident İlham Əliyevin xüsusi diqqəti və qayğısı nəticəsində son illərdə Sumqayıt şəhəri inanılmaz dərəcədə inkişaf edib: "Geniş quruculuq və abadlıq işləri görülüb, yaşayış binaları, sosial obyektlər, məktəblər təmir edilib, bütövlükdə şəhərin siması dəyişib. Köhnə, bərbad ekologiyası olan Sumqayıtdan əsər-əlamət qalmayıb, yaşamaq üçün rahat bir şəhər olub".

Deputat bildirib ki, dövlət başçısının hər bir səfəri yeni sənaye obyektlərinin açılışı ilə yadda qalır: "Bu dəfə də yeni bir zavodun açılışı oldu".

Şəhərdə görülən işlərin sakinlərin rifahı və rahatlığı üçün edildiyini deyən M.Qasımlı bildirib ki, prezidentin sakinlərlə görüşü bir daha təsdiq edir ki, o, təkcə görkəmli dövlət xadimi deyil, eyni zamanda, sadə xalq adamıdır: "Ona görə də xalq tərəfindən sevilir və rəğbətlə qarşılanır".

Deputat əlavə edib ki, Sumqayıt sakinlərinin dövlət başçısı ilə görüşdə səsləndirdikləri fikirlər isə onların qədirbilən olduğunu göstərir.

Ceyhun ABASOV

 





20.02.2019    çap et  çap et