525.Az

Yadın hikməti və yaddaşın aqibəti


 

Yadın hikməti və yaddaşın aqibəti<b style="color:red"></b>

Dil canlı bir varlıqdır. O, xalqla birgə yaşayır, inkişaf edir. Xalq olmadıqda dil ölür. Hər bir xalqın adəti, ənənəsi, yaşayış tərzi, qanunauyğunluqları olduğu kimi, dilin də öz qaydaları, qanunauyğunluqları var. Təbiətin, cəmiyyətin, canlı və cansız aləmin yaşaması və inkişafı müəyyən qaydalarla baş verir.

Dini baxımdan yanaşsaq, heç nə özbaşına deyil. Hamısında ilahi qüvvənin təzahürü var. Cansız hesab etdiyimiz dil də ilahinin varlığının insanda təcəssümüdür .  Dili də Allah yaradıb desək, materialist alimlərimiz öz dəlillərini gətirəcək, dilin insanla birgə inkişaf edib yarandığını söyləyəcəklər.

İstər təbiətə, təbiətin hər bir canlısına, istərsə də cəmiyyətə diqqətlə yanaşsaq, onların qanunauyğunluqları arasında xeyli oxşarlıqların, paralellərin olduqlarını görə bilərik. Bunların hamısının eyni qüdrətin işi olduğuna inam yaranmırmı?  Nəinki canlılar arasında, canlılarla cansızların arasındada bu oxşarlıqlar, paralellər mövcuddur. Məsələn, hər bir insanın xarakterik xüsusiyyətləri var. Dilimizdə işlənən hər bir söz də belədir: isim ad bildirir, ümumi, xüsusi, tək, ya cəm olur, hallanır... Bu qaydada feilin də, zərfin də, digər nitq hissələrinin də hər birinin qrammatik xüsusiyyətləri var. Omonim sözlər bir neçə məna verə bilən sözlərdir. Bir neçə peşəyə malik, yaxud çoxmənalı sözlər kimi bir neçə sifətə malik insanlar olmurmu? Sifətin, sayın ismə, zərfin feilə münasibətləri insanların bir-birinə dostluğunu xatırlatmırmı? Belə paralellər çoxdur. Bir neçəsini də söz birləşmələri və cümlələrdəki oxşarlıqlarla müqayisəli göstərmək istərdim. Sözlərdən birləşmələrin yaranmasını insanlar arasında dostluğun yaranması ilə müqayisə etmək olar. Bu dostluqlar qarşılıqlı hörmət əsasında, yəni uzlaşma, birinin digərini xoşlaması, yəni yanaşma, ehtiyacdan doğan mehribanlıqla, yəni idarə əlaqəsi ilə yaranır. Cümlə isə artıq ailənin bənzəridir. Cümlənin baş üzvləri cümlənin əmələ gəlməsi üçün əsasdır, yəni ailəni əmələ gətirən ata və ana kimi. Cümlənin ikinci dərəcəli üzvləri isə onu mənaca genişləndirən, bütövləşdirən üzvlər olub, ailədəki uşaqlar kimidirlər. Mübtədasız cümlənin növləri çox olduğu kimi, atasız ailələr də çoxdur və müxtəlifdir. Xəbərsiz, mübtəda əsasında formalaşan cümlələr nitqdə az işləndiyi kimi, cəmiyyətdə də anasız, yəni ata və uşaqlardan ibarət ailələr də azdır. Cümlənin xüsusiləşmiş üzvləri olduğu kimi, ailənin, cəmiyyətin də xüsusiləşən, seçilən, fərqlənən üzvləri var. Yaxud mürəkkəb cümlə olduğu kimi, bir mənzildə yaşayan iki-üç ailə olur: tabeli mürəkkəb cümlə - ata oğul kimi, tabesiz mürəkkəb cümlə - iki qardaş kimi.

Dillə cəmiyyət arasındakı bu oxşarlıqları kiçik bir yazıya sığışdırmaq mümkün deyil. Belə olduqda bir sual yaranır: "Doğrudanmı belə mükəmməl, qanunauyğunluqlara əsaslanan bir dili ibtidai insan yaratmışdır? Dünya dillərinin fonetik, morfoloji, sintaktik uyğunluqları bu dillərin eyni mənbədən gəldiyini bizə bildirmirmi? Bu yerdə mükəmməl izahını tapmayan şüuru insana bəxş etmiş ilahi gücün dildə təzahürünü necə inkar edə bilərik? Hətta təkcə dildə yox, tək-tək sözlərdə belə ilahi qüvvənin izlərini görmək mümkündür. Unutmayaq ki, dilimizdə hələ də mənşəyi araşdırılmalı çoxlu toponimlər və başqa sözlər var. Bu, xüsusilə, kökü təklikdə işlənə bilməyən sözlərdə özünü daha bariz göstərir. Məsələn, dilimizdə sirdaş, vətəndaş, yaddaş kimi sözlər var. Aydındır ki, -daş şəkilçisi qoşulmuş sözlər konkret bir şəxsi bıldirsə də, həmin şəxslə yanaşı, başqalarının da olduğunu bildirir. Yəni sirdaş o deməkdir ki, ən azı sirri bilən iki nəfər var, əslində, Allah hər şeyi bildiyindən təklikdə belə biz sirdaşıq, o cümlədən, vətəndaş da eyni vətənin övladları, vətəni bir olanlardır. Bəs yaddaş? Məlumdur ki, dilimizdə yüzilliklər keçdikcə ilk şəklini dəyişərək mənaca da fərqlənən sözlər də var. Məsələn, qarındaş qardaşa döndüyü kimi. Görünür ki, yaddaş sözü də ilkin mənasından uzaq düşmüşdür. İnsan insanla sirdaş ola bilir, amma yaddaş ola bilmir. Yaddaş ağıl və hafizə kimi insan beyni ilə əlaqədardır. İzahlı lüğətimizdə yaddaşla hafizə eyniləşdirilir. Hafizə mürəkkəb idrak prosesidir. Bu zaman insanın təcrübəsinin, fəaliyyətinin, cisimlərin və hadisələrin hifz edilməsi, qavranılması prosesi gedir. Yaddaş isə (bugünkü mənasında) ilahidən veriləndir, ağıl kimi. Hafizə yaddaşın və çalışqanlığın sayəsində güclü ola bilir.

Yaddaş sözü düzəltmə sözdür. O zaman sözün kökü yad nədir? Deyə bilərlər ki, yaddaş sadə sözdür. Bəs "yada düşdü, yadıma düşdü, yadımdan çıxdı" kəlmələrində hal və mənsubiyyət şəkilçiləri qəbul edərək dəyişən yad sözü deyilmi? Yadigar, Yadullah sözlərinin mənşəyini axtarsaq, gedib yad sözünə çıxmayacaqmı? Yad sözü ilahidən gələn biliyin, istedadın mənbəyinə aiddir. Bu söz konkret yox, mücərrəd mənalı isimdir. İnsan cisim və ruhdan ibarət olduğu kimi, onun nitqini təşkil edən sözlər də cismani və ruhani dünyasını əks etdirir. Baxın, bir sıra sinonim sözlərin mənaları arasında maddi və mənəvi olmaqla fərqliliklər var. Məsələn, şey sözü daha çox gözlə görünən əşyalara aid edilirsə, zad sözü fikirdə olanlara, mücərrəd isimlərə aid edilir. Göyçək sözü gözlə görünən gözəlliyə aiddirsə, gözəl sözü insanın mənəvi gözəlliyini də ifadə edə bilir.

Dini ədəbiyyatda ilahinin Lövhi-Məhfuzunun varlığından bəhs edilir. Bu Allaha məxsus ilahi və ali mənbədir. İnsan beyni həmin ali şüurla rabitəyə girəndə biz onunla yaddaş oluruq. Yad Allaha məxsusdur, biz onun vasitəsilə ilahi ilə rabitəyə giririk. Yad mənim deyil, biz "mənim yadım", "sənin yadın" demirik, amma "mənim yadıma düşür" deyirik. O zaman ilahidən gələn dalğa bizimkiləşir və bu prosesdə yad mənim, sənin ola bilir. Diqqət edin, biz vətəndaşıq, vətən bizimdir, amma mənim vətənim desəm də, burada bir obrazlılıq var. Axı vətəni mənə kim verib; mən vətəninəm, mənim isə kitabım, paltarım ola bilər.

Söz ilahi varlıqdır. Böyük Füzuli deyir: "Bu nə sirdir kim, olur hər ləhzə yoxdan var söz". Sözü yoxdan var edən ilahi qüdrətdir. Axı söz özü də qüvvə olmasa, yaranmır. İnsan qidalanmasa, hətta telefon, televizor cərəyan almasa, danışmaz. Mənbə yaddan gələn dalğanı insan beyni qəbul etdikdə sirri bilən şəxs sirdaş olduğu kimi, insan da o anda yaddaş olur, o, yaddakı məlumatları bilir. Bu məlumatlar bütün insanlar tərəfindən qəbul edilən olduqda hər birinin danışdığı dildə təzahür edir. Ekstrasenslərin müxtəlif dillərdə danışan insanların fikirlərini öz dilində ifadə etməsi buna sübut ola bilər.

Bəli, mən vətəndaşam, sirdaşam, ilahi mənbə ilə yaddaşam. İnsan hər vaxt yaddaş olmur. Yaddaş olmaq üçün ilahi qüvvə ilə rabitə olmalıdır. Bu cəhətdən namaz adi insanların ilahi qüvvə ilə əlaqə yaratmaq cəhdidir. Ruhən və cismən təmizlik, qəlbdə inam və Allah sevgisi yaratmadan, bir borc kimi qılınan namazda belə əlaqə yaranmır. Əbəs yerə deyilməyib ki,"Bir saat yaradıcı düşünmək altmış il ibadətdən üstündür".  Deməli, ilahi ilə əlaqə ruh ilə, düşüncə ilədir. İnsan düşünəndə yadla birgə olur, mənbə ilə əlaqəyə girir, dərketmə güclənir. Müqəddəs Kitabda deyilir: "...Allahı dərk etmək üçün sizə Onun tərəfindən könül duyğuları göndərilmişdir. Kim bu duyğularla görür və hiss edirsə öz lehinə, görməyib hiss etməyənlər isə öz əleyhinədir" (Ənam surəsi, 102-104).

Məlumdur ki, insan saniyədə 380 trilyondan 760 trilyona qədər tezlikdə dalğaları görür, saniyədə 32 dəfədən 2600 dəfəyədək olan dalğaları eşidir. Şübhəsiz, bizi əhatə edən aləmdə coxlu müxtəlif dalğalar var. O cümlədən, beynimiz, sinirlərimiz bizə məlum olmayan dalğaları da qəbul edir. Yer üzündə yaşayan canlıların bu dalğaları qəbul etməsində də fərqlər mövcuddur. Eləcə də yaddan gələn dalğaların beyin tərəfindən qəbul edilməsində də insanlar arasında da fərqlər var. Qəzaya düşüb ayılandan sonra yeni bir qabiliyyəti, istedadı üzə çıxan insanlar da az deyil. Allahın sevdiklərinə verdiyi ruhi, mənəvi üstünlük beynin yeni, fərqli bir dalğaya düşməsi deyilmi?

Bütünlükdə bu fikirlərimiz alimlərimiz üçün hələ də öyrənilməmiş qalan sahə - beyinlə əlaqədardır. Nədənsə, bəzi alimlərimiz insan bədənini ruhdan ayrılıqda, özü özünü yaşadan bir canlı kimi tədqiq və müalicə edirlər. Bədəndə hansısa üzvün xəstələnməsi həmin yerdə sinirlərin, yaxud beyində həmin üzvə nəzarətin pozulması ilə əlaqədardır. Hamıya məlumdur ki, ruh yoxdursa, insan bir cəmdəyə çevrilir. Alimlərimizin bəziləri adi insanda beyinin 10 faizinin, istedadlı insanlarda isə 14-15 faizinin işlədiyini söyləyiblər. Son dövr tədqiqatlarına əsaslanaraq müasir skanerlər vasitəsilə araşdırma apararaq insan beyninin 100 faiz işlədiyini iddia edirlər. Son fikir daha doğrudur. Çünki istifadə olunmayan hüceyrələrin məhv olacağı, deqradasiyaya uğrayacağı labüddür. Qəribə heç nə yoxdur. Allah tərəfindən yaradılmış insan faili-muxtardir. Ona beyinin 10-15 faizi verilə bilir, qalan hissə İlahi qüvvəyə bağlıdır. İnsanın bədən kütləsinin 2 faizinə bərabər olan beyin, bədənin ümumi enerjisinin 20 faizini sərf edir. İnsan yuxuda olanda beyni daha fəal işləyir, çünki insanın duyğu üzvləri bu zaman istirahət edir, beyinin insan üçün işləyən hissəsi ətraf aləmdən ayrılır, bütövlükdə İlahi Qüdrətin sərəncamında olur. Beyin heç vaxt yatmır, böyük sürətlə gələn impulsları qəbul edir. Deməli, insan ömrü boyu Lövhi-Məhfuzun, yəni yadın təsiri altında olur. Beyin yaddan gələn dalğaları qəbul edə bilmədikdə bir yaddaş itirilir və onu tanıyanların hafizələrində belə qalır:

Tahir HƏSƏNLİ
Quba rayonu, Yerfi kəndi

 





20.02.2019    çap et  çap et