525.Az

Əlibala Məhərrəmzadənin "Xocalı soyqırımı" kitabı Lvovda - Foto


 

Əlibala Məhərrəmzadənin "Xocalı soyqırımı" kitabı Lvovda - <b style="color:red">Foto </b>

Lvov şəhərində Ukrayna dilində dərc olunmuş "Xocalı soyqırımı" kitabının təqdimat mərasimi olub.

Birləşmiş Lvov Azərbaycanlıları Konqresinin Gənclər Təşkilatının təşkilatçılığı və Azərbaycanın Ukraynadakı səfirliyinin dəstəyi ilə keçirilən tədbirdə Lvov vilayətinin rəsmi nümayəndələri, Şəhər Radasının deputatları, elm və mədəniyyət xadimləri, hərbçi ekspertlər, diaspora və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Tədbirdə yazıçı-publisist Əlibala Məhərrəmzadənin Ukrayna dilinə tərcümə olunmuş "Xocalı soyqırımı" kitabı mərasim iştirakçılarına təqdim edilib.

Tarixi faktlara əsaslanan kitabda ermənilərin son iki əsrdə Azərbaycana qarşı yürütdüyü işğalçılıq və soyqrım siyasətindən, 27 il bundan öncə erməni silahlı birləşmələrinin Xocalı şəhərində həyata keçirdikləri vəhşiliklərdən bəhs olunur.

Tədbirdə Lvov Politexnik Universitetinin prorektoru Oleq Matviykiv çıxış edərək Ukrayna və Azərbaycan xalqının tarix boyu dövlət müstəqilliyi uğrunda mücadilə apardıqlarını və bu yolda amansız haqsızlıqlarla üzləşdiklərini vurğulayıb. Məhz bu kitabda da, zaman-zaman rus imperiyasının dəstəyi ilə ermənilərin Azərbaycanda həyata keçirtdikləri seperatizm və işğalçılıq siyasətinin xarici mənbələrə əsaslanaraq yazılmasını təqdirəlayiq hal kimi dəyərləndirib. Kitabda qeyd olunduğu kimi, ermənilərin Xocalı şəhərində dinc əhaliyə, xüsusən, uşaqlara, qadınlara və yaşlılara qarşı törətdikləri amansızlıqları bəşəri cinayət adlandırıb.

Ermənilərin son iki əsrdə ölkəmizə qarşı yürütdüyü işğalçılıq siyasətini tarixi faktlarla tədbir iştirakçılarının diqqətinə çatdıran Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Elman Bağırov, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, Lvov Birləşmiş Azərbaycanlılrı Konqresinin sədri Teymur Məmmədov, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Lvov Vilayət Təşkilatının sədri Şəhriyar Məhərrəmov və digərləri 27 il öncə erməni silahlı birləşmələrinin Xocalı şəhərində azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırım siyasətinə dünya birliyi tərəfindən hüquqi və siyasi qiymət verilməməsini tarixi ədalətsizlik kimi səciyyələndiriblər.

Tədbirdə Xocalı qətliamının şahidlərindən olan ukraynalı pilot Leonid Kraveç çıxış edərək Xocalı soyqırımını insanlığa qarşı həyata keçirilmiş qəddarlıq və faşizm nümunəsi adlandırıb.

Müzakirələrə qoşulan YUNESKO yanında Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyasının rektoru, Ukraynanın əmkdar jurnalisti Vasil Tarçineç, hərbçi ekspert, general-polkovnik İvan Ploxotnyuk Xocalı faciəni törədənlərin ən ağır cəzaya məhkum olunmasının vacibliyini bildiriblər.

Tədbir Lvov Vilayət televiziyalarında və KİV-də geniş işıqlandırılıb.









 





20.02.2019    çap et  çap et