525.Az

Moskvada Azərbaycan və çeçen ağsaqqallarının görüşü keçirildi


 

SƏFİR POLAD BÜLBÜLOĞLU: "AZƏRBAYCANLA ÇEÇENİSTAN ARASINDA DOSTLUĞU POZMAQ ÇƏTİNDİR"

Moskvada Azərbaycan və çeçen ağsaqqallarının görüşü keçirildi<b style="color:red"></b>

Dünən Rusiyanın paytaxtı Moskva şəhərində "Prezident hotel"də Azərbaycan və çeçen ağsaqqallarının görüşü keçirilib.

"Report" xəbər verir ki, görüşdə Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu, diplomatik korpusun əməkdaşları, Azərbaycan diasporunun təmsilçiləri və Çeçenistan Respublikasının Moskvadakı daimi nümayəndəsi Bekxan Taymazaxanov iştirak ediblər.

Görüşdə Moskvada azərbaycanlılarla çeçenlər arasında baş vermiş insident müzakirə olunub.

Səfir Polad Bülbüloğlu görüşdə bildirib ki, ölkələrimiz - Rusiya və Azərbaycan, Çeçenistan və Azərbaycan arasında mövcud olan münasibətlər, əməkdaşlıq və dostluq son illərdə baş verən hadisələrlə sübut edilən ənənəvi tarixi əlaqələrdir: "Bu onu göstərir ki, bizim dostluğumuzu pozmaq çətindir. Təəssüf ki, münasibətləri pozmağa səy göstərən üçüncü qüvvələr var. Onlar cəhd edirlər, amma biz buna qarşı çıxacağıq və bu qarşıdurma rəhbərlərimizin iradəsinə, xalqlarımızın iradəsinə, çeçen və Azərbaycan xalqlarının təcrübədən keçmiş dostluğuna əsaslanır. Bu günlərdə bu məsələdə iştirak edən və təxribatın miqyasının artmasına imkan verməyən hər kəsə minnətdarlığımı bildirirəm. Bunu edənlər və olayı qızışdıranlar cəzalandırılmalıdır", - deyə səfir bu yaxınlarda Rusiyada azərbaycanlılar və çeçenlər arasında baş vermiş insidenti şərh edərkən bildirib.

Qeyd edək ki, fevralın 14-də Moskvada azərbaycanlı Yaşar Əliyevə məxsus "Neolit" kafesində soydaşlarımızla çeçen icmasının nümayəndələri arasında kütləvi dava olub. İnsident zamanı ölən və xəsarət alanlar olub.

Moskvada azərbaycanlılarla çeçenlər arasında bu günlərdə baş vermiş və sosial şəbəkələrdə qızışdırılan insidentə görə Sankt-Peterburqda da toplantı keçirilib. Virtualaz.org xəbər verir ki, toplantını Sankt-Peterburqdakı azərbaycan diasporunun lideri, milyarder Vaqif Məmişovla Çeçenistan hökumətinin Şimal-Qərb Federal Dairəsi üzrə nümayəndəliyinin rəhbəri İslam Xizriyev təşkil ediblər.

"Sizi görməyə çox şadam. Təşəkkür edirəm ki, gəldiniz" - Vaqif Məmişov çeçen nümayəndələrə deyib. "Bizim xalqlar həmişə dost olublar. Biz yol verə bilmərik ki, baş verənlər bizim münasibətlərimizə mənfi təsir etsin" - o əlavə edib.

Görüşə qatılanlar bu deyilənlərlə razılaşıblar. "Elə bu yaxınlarda, 2018-ci ilin noyabrında Azərbaycan prezidenti İlham Əliyev Ramzan Kadırovun başçılıq etdiyi Çeçenistan nümayəndə heyətini qəbul etdi. Liderlər buna diqqəti yönəltdilər ki, xalqlarımız arasında bütün istiqamətlərdə əsrlərə dayanan ənənələri necə saxlamaq və əməkdaşlığı necə dərinləşdirmək olar" - Məmişov bildirib.

Ağsaqqallar yenə də onun dediklərinə başlarını yırğalamaqla dəstək veriblər. "Bizim bölməyə heç nəyimiz yoxdur. Yol vermək olmaz ki, tərbiyəsiz və mədəniyyətdən uzaq adamlara görə nifaq düşsün" - Məmişov sözlərinə davam edib.

"Qroznıda Heydər Əliyevin heykəli var!" - çeçen nümayəndələrdən biri deyib. "Əlbətdə, biz bunu bilirik" - azərbaycanlı nümayəndə təsdiqləyib.

İslam Xizriyev isə deyib ki, Çeçenistan rəhbəri millətlərarası barış üçün əlindən gələni edir. "Biz gənclərin mədəni səviyyəsinin artırılması üçün çalışırıq. İdmanı fəal inkişaf etdiririk, özü də təkcə respublikada yox. "Əhməd" döyüş klubunun filialları Rusiyanın bir çox şəhərlərində var. Dalaşmaq və emosiyalarını nümayiş etdirmək istəyənlər ora getsin. Olur ki, qardaş da qardaşla dalaşır. Lakin bu, qayda deyil, istisna haldır. Biz sizinlə düşmən deyilik, dostuq!"

Görüş iştirakçıları bu qənaətə gəliblər ki, baş vermiş münaqişə süni şəkildə qızışdırılıb və üçüncü qüvvələr bunda maraqlı ola bilər. Əbəs yerə deyil ki, anonim şərhçilər internetdə qırğına və qətllərə çağırırdılar.

"Hətta ən kədərli situasiyadan da həmişə fayda götürmək olar. Moskvadakı hadisələr bizim birliyimizi möhkəmləndirməlidir"-Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov deyib.

 





20.02.2019    çap et  çap et