525.Az

Tahir Rzayev: "Gerb də sevgi kimi pak, təmiz, müqəddəs olmalıdır"


 

Tahir Rzayev: "Gerb də sevgi kimi pak, təmiz, müqəddəs olmalıdır"<b style="color:red"></b>

"Gerbə, o cümlədən, bayrağa sevgi varsa, o, təmiz yerdə olmalı, təmiz yerdə istifadə edilməlidir. Sevgi pak, təmiz, müqəddəs olmalıdır, ona natəmizlik yaraşmaz.  Bu baxımdan, əgər gerbə, bayrağa sevgi varsa, o, qəlblərdə, ürəklərdə olmalı, sinələrin üstündə gəzdirilməlidir".

Bunu "525"ə açıqlamasında millət vəkili Tahir Rzayev deyib.

O qeyd edib ki, gerb də, bayraq da "Quran"la bir yerdə, evin ən gözəl və ən təmiz yerində yanbayan dayanmalıdır:

"Mən onun da tərəfdarıyam ki, gerbi döş nişani kimi düzəltdirib insanlar ürəklərinin başında, sinələri üstündə gəzdirsinlər. Yoxsa gerbi, bayrağı maşınlara vurmaq, natəmiz yerlərdə asmaq, yapışdırmaq, emalatxanlarda qoymaq və sair düzgün deyil. Sevgi kimi, gerb də, bayraq da paklıq, təmizlik, müqəddəslik tələb edir. Onları göz bəbəyi kimi qorumalıyıq, harada gəldi, istifadə etməməliyik. Hesab edirəm ki, bu məsələ daha aydın və daha dəqiq şəkildə gerblə bağlı qanunvericilikdə əksini tapmalıdır. Buna əməl etməyənlər isə qanunvericiliklə, hüquqi müstəvidə cəzalandırlılsın, cərimələnsin. Bir daha belə hesab edirəm ki, bu məsələyə, parlamentin üçüncü oxunuşunun müzakirələrindən keçən və artıq hüquqi qüvvəsinə minməsi üçün imzalanmasını gözləyən qanun layihəsində tam dəqiqliklə aydınlıq gətirilməlidir, burada qaranlıq məqamlar qalmamalıdır. Bir sözlə, bu qanun imzalanacağı və icra yönəldiləcəyi təqdirdə, oradakı bütün məqamların, müddəaların işləkliyinin təmin edilməsi üçün qaranlıq məqamlara yer olmamalıdır".

Qeyd edək ki, parlamentin son iclasında üçüncü oxunuşda qəbul edilən "Azərbaycan Respublikasının Dövlət gerbinin istifadəsi qaydaları haqqında" qanun layihəsində dövlət gerbinin istifadəsinə dair yeni məhdudiyyətlər müəyyənləşdirilib. Belə ki, dövlət gerbi Konstitusiya qanununa uyğun təsvir edilməli və nəzərdə tutulan qaydada istifadə edilməlidir. Bununla yanaşı, sənəddə göstərilir ki, dövlət gerbinin oturulan, ayaq basılan və natəmiz yerlərə vurulması və ya həmin yerlərdə təsvir edilməsi qadağandır. Həmçinin, müvafiq tələbləri pozan şəxslər İnzibati Xətalar Məcəlləsinə, dövlət gerbi barədə təhqiredici hərəkətlər edən şəxslər Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.

Kamil HƏMZƏOĞLU

 





21.02.2019    çap et  çap et