525.Az

Rauf Arifoğlu Gülər Əhmədovaya cavab verdi


 

Rauf Arifoğlu Gülər Əhmədovaya cavab verdi<b style="color:red"></b>

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Musavat.com portalına açıqlamasında Gülər Əhmədovanın ittihamlarına cavab verib.

Onun sözlərinə görə, sabiq deputat Gülər Əhmədova artıq neçənci dəfədir ki, qəzeti hədəfə alan ittihamlarla çıxış edir:

“Bu, məni təəccübləndirir, lakin məqsədini anlayıram. Gülər Əhmədova belə bir görüntü yaratmaq istəyir ki, o, müxalifət düşərgəsinin hədəfindədir, hər şeyi bu düşərgəyə aid bir qəzet mürəkkəbləşdirir. Əslində isə onun vəziyyətini özü, düşünülməmiş hərəkətləri və açıqlamaları ilə, pisləşdirir. “Yeni Müsavat”, eləcə də digər KİV-lər ölkənin gündəmini dəyişən, konkret bir cinayət əməli barədə yazılar yazır, bu əməldə əsas şübhəli bilinən Gülər Əhmədova və Elşad Abdullayevin hərəkətlərini izləyərək, onları əks etdirməyə çalışır.
 
Bu məsələdə bizim xüsusi qərəzimiz yoxdur, ola da bilməz. Üstəlik, hörmətli Gülər xanım haqqında onun partiya yoldaşlarından, iqtidar mənsublarından kəskin ifadələr işlətməmişik. Dövlətin və hakim partiyanın rəhbərləri Gülər Əhmədovanın məlum videodakı hərəkətlərini konkret olaraq dələduzluq kimi qiymətləndirmiş, onun bu cinayəti törətdiyini etiraf etmişlər. Hazırda onun mandatı əlindən alınmış (nə qədər desə də ki, mən özüm mandatdan imtina etmişəm, buna kimsə inanmır), barəsində cinayət işi açılmış, ölkədən çıxmasına yasaq qoyulmuşdur. Belə bir vəziyyətdə əsas məsələləri, taleyi ilə bağlı hökm verənlərin münasibət və qərarlarını kənarda buraxaraq, bir qəzeti hədəfə alması yersiz və gülünc görünür. Gülər xanımın problemi “Yeni Müsavat” qəzeti deyil. Onun problemi başqadır və yaxşı olar ki, onlarla məşğul olsun.

Elşad Abdullayevə gəlincə isə, əslində “Yeni Müsavat”la problemi olan instansiya məhz o olmalıdır. Çünki onun bu ilin əvvəllərində “Azadlıq” qəzeti vasitəsilə yaydığı müvafiq açıqlamaları məhz bizim qəzet əks-arqumentlərlə vurmuşdu. Bu səbəbdən bizimlə E.Abdullayev arasında ciddi konfliktlər yaşanmış, məsələ məhkəmə təhdidlərinə qədər gedib çıxmışdı. Lakin artıq onun ortaya çıxartdığı faktlar o dərəcədə təkzibolunmaz, o dərəcədə aydındır ki, hətta Gülər xanımın partiyadaşları, yaxın dostları da ona heç bir dəstək verə bilmirlər.

Biz də bir qəzet olaraq olanları yazır, oxucu tələbatından çıxış edərək, bir sıra gizlinlərə işıq tuturuq. Eləcə də onun “Facebook” səhifəsində yazdığı “Xoruz baba” statusunun şifrəsini də biz çözmüşük. Təbii ki, bu cür fəaliyyətimiz Gülər xanıma xoş gəlmir, bu səbəbdən də üzərimizə hücum edir. Lakin bu dəfə də yanlış yapır. Onun üçün ən yaxşı olan budur ki, indiki anda heç olmasa sussun, istintaqın nəticələrini gözləsin, sağa-sola hücum etməsin. Bundan belə hansı hərəkəti etsə, yenə də öz vəziyyətini pisləşdirəcək”.

 





09.10.2012    çap et  çap et