525.Az

Ceyhun Bayramov Türkiyədə görüşlər keçirdi


 

AZƏRBAYCANLA TÜRKİYƏ ARASINDA TƏHSİL SAHƏSİNDƏ ƏMƏKDAŞLIQLA BAĞLI FİKİR MÜBADİLƏSİ APARILIB

Ceyhun Bayramov Türkiyədə görüşlər keçirdi<b style="color:red"></b>

Azərbaycanın təhsil naziri Ceyhun Bayramovun Türkiyəyə səfəri başa çatıb.

Səfər çərçivəsində Ankara şəhərindəki Heydər Əliyev Parkı və "Anıtqəbir" kompleksi ziyarət olunub. Ulu öndərin adını daşıyan parkda Ümummilli lider Heydər Əliyevin abidəsi önünə Azərbaycanın Təhsil Nazirliyi adından əklil qoyulub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiram göstərilib.

Sonra Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarı - "Anıtqəbir" mavzoleyi ziyarət edilib. Təhsil Nazirliyi adından Atatürkün məzarı önünə əklil qoyulub.

Daha sonra təhsil naziri Ceyhun Bayramov ilə Türkiyənin Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsinin sədri Abdullah Eren arasında görüş keçirilib. Görüşdə iki qardaş ölkə arasında təhsil sahəsində əlaqələrin vacib istiqamətləri müzakirə olunub. O cümlədən, Azərbaycanda müxtəlif ixtisaslar üzrə fəlsəfə doktorlarının Türkiyədə təqaüd əsasında elmi araşdırmalarını davam etdirmələrinə dair səmərəli fikir mübadiləsi aparılıb.

Ceyhun Bayramov bildirib ki, Azərbaycandakı ali təhsil ocaqlarında işləmək üçün Türkiyə universitetlərində müxtəlif ixtisaslar üzrə fəlsəfə doktorlarının yetişdirilməsinə ehtiyac var. Azərbaycan tərəfi istəyir ki, Türkiyənin Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsi bu sahədə Azərbaycan üçün kvotanın artırılmasını nəzərə alsın.

Sonra Azərbaycanın təhsil naziri Hacettepe Universitetində rektor Haluk Özən ilə görüşüb. Azərbaycanda aparılan təhsil islahatları, bu sahəyə aid dövlət proqramlarının nəticələri, Türkiyə ilə əməkdaşlığın mövcud vəziyyəti və s. barədə məlumat verən nazir, həmçinin, ölkəmizin nüfuzlu ali məktəblərinin uğurlarından bəhs edib. Prezident İlham Əliyevin Azərbaycanda təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan danışan nazir "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"nın qarşıya qoyduğu vəzifələrdən bəhs edərək bildirib ki, kənd təsərrüfatı və tibb sahələri də bu sənəyə daxildir. Görüşdə, həmçinin, Azərbaycan Tibb Universiteti ilə Hacettepe Universiteti arasında ikili diplomların verilməsi müzakirə olunub.

Rəhbərlik etdiyi Hacettepe Universitetinin Türkiyənin qocaman ali məktəblərindən olduğunu diqqətə çatdıran rektor Haluk Özən bu təhsil ocağının yüksək texniki imkanları və tədris metodlarından, universitetin qazandığı uğurlardan danışıb. Rektor əminliklə ifadə edib ki, Hacettepe Universiteti Azərbaycan təhsil sistemi ilə bütün istiqamətlərdə əməkdaşlığa hazırdır. Görüşdən sonra Hacettepe Universiteti ilə tanışlıq olub.

Türkiyənin Ali Təhsil Şurasında (YÖK) nazir Ceyhun Bayramov ilə YÖK sədri Yekta Saraç arasında görüş keçirilib. Görüşdə ikili diplomların verilməsi, təhsil sahəsində təcrübə mübadiləsinin aparılması, o cümlədən, tələbə mübadiləsinə dair məsələlər müzakirələr olunub.

Səfərin sonuncu günü Ankaradakı Heydər Əliyev Məktəbi ilə tanışlıq olub. Burada məktəbin fəaliyyəti və tədris metodikası barədə ətraflı məlumat verilib. Məktəbdə sagirdlərin Azərbaycan və Türkiyənin qardaşlığını tərənnüm edən rəsm sərgisi ilə tanışlıq olub.

Ceyhun Bayramov Azərbaycan Təhsil Nazirliyi adından məktəbə Ümummilli lider Heydər Əliyevin zəngin mənalı həyat və fəaliyyətini əks etdirən, o cümlədən, Heydər Əliyev Fondunun ölkəmizin həqiqətlərinə və mədəniyyətinə aid çap etdirdiyi nadir nəşrləri hədiyyə edib.

Məktəbin qapalı idman və konsert zalında müəllim və şagirdlərin iştirakı ilə toplantı təşkil olunub. Əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.

Sonra Azərbaycanın təhsil naziri Ceyhun Bayramov, Ankara Təhsil İdarəsinin rəisi Turan Akpınar və Heydər Əliyev Məktəbinin müdiri Necati Şəngəzərin çıxışları dinlənilib.

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkün şəxsiyyətlərinin ucalığından bəhs edən çıxışçılar bildiriblər ki, hər iki tarixi şəxsiyyət ölkələrimizdə elm və təhsilin inkişafına xüsusi diqqət veriblər. Onların təhsil sahəsində qəbul etdikləri qərarlar tarixi missiya daşıyıb. Vurğulanıb ki, Heydər Əliyevin adını daşıyan məktəbdə oxumaq həm şərəfli, həm də məsuliyyətlidir. Ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət!", Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir!" ifadələrini xatırladan çıxışçılar qeyd ediblər ki, ölkələrimizdə təhsilin inkişafı, o cümlədən, bu sahədə əlaqələrimizin böyük bəhrəsi dahi liderlərin arzu və istəklərinin gerçəkləşməsidir.

Çıxışlardan sonra şagirdlər zəngin bədii və idman proqramı təqdim ediblər. Azərbaycanın gözəlliyini və əzəmətini, Türkiyə ilə qardaşlığımızı tərənnüm edən şeirlər söylənilib, maraqlı idman nömrələri göstərilib.

Daha sonra Azərbaycanın təhsil naziri Ceyhun Bayramov ilə Türkiyənin milli təhsil naziri Ziya Səlcuk arasında görüş olub. Görüşdə Azərbaycan və Türkiyənin Təhsil nazirlikləri arasında münasibətlərin daha da inkişaf etdirilməsinə dair səmərəli fikir mübadiləsi aparılıb. Tərəflər iki qardaş ölkənin müvafiq nazirlikləri arasında əlaqələrin dinamik inkişafını yüksək dəyərləndiriblər.

S.QARAYEVA

 





21.02.2019    çap et  çap et