525.Az

Prezident: "Azərbaycan Avrasiyanın nəqliyyat mərkəzinə çevrilir"


 

"BİZ MÜASİR NƏQLİYYAT İNFRASTRUKTURUNA BÖYÜK HƏCMDƏ İNVESTİSİYA YATIRMIŞIQ"

Prezident: "Azərbaycan Avrasiyanın nəqliyyat mərkəzinə çevrilir"<b style="color:red"></b>

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin Bakıda keçirilən beşinci toplantısı Prezident İlham Əliyevin verdiyi ciddi mesajlarla yadda qalıb.

Cənub Qaz Dəhlizinin iştirakçısı olan ölkələrin energetika nazirləri və müxtəlif qurumların təmsilçiləri, o cümlədən, Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı, Məşvərət Şurasının fəaliyyətdə olan həmsədri Günter Ottingerin iştirak etdiyi tədbirdə çıxış edən dövlət başçısı qeyd edib ki, Azərbaycan 2015-ci ildə bu mühüm prosesə start verib və belə bir əməkdaşlıq formatının təşəbbüskarı olub: "Bu təşəbbüs Avropa Komissiyası tərəfindən də dəstəklənib və beləliklə, bu proses başlayıb. Biz belə toplantıların və bu nəhəng layihənin irəli aparılması ilə bağlı görülməli işlərə dair geniş müzakirələrin faydasını görürük".

Prezident qeyd edib ki, Cənub Qaz Dəhlizi iştirakçı ölkə və şirkətlərin ümumi marağını əks etdirən və qarşılıqlı surətdə əhəmiyyətli layihədir: "Bu, Azərbaycanın 1994-cü ildə təməli qoyulmuş enerji strategiyasının tərkib hissəsidir. O zaman Azərbaycan nəhəng "Azəri-Çıraq-Günəşli" neft yatağı ilə bağlı beynəlxalq neft şirkətlərindən ibarət konsorsiumla müqavilə imzaladı. Bu, bizim beynəlxalq enerji şirkətləri ilə əməkdaşlığımızın başlanğıcı idi. O vaxt Azərbaycan öz təbii resurslarını beynəlxalq əməkdaşlıq üçün əlçatan etdi. İlk dəfə beynəlxalq sərmayələr Xəzər dənizinə yatırıldı və 1994-cü il, əslində, Azərbaycanın inkişafı baxımından da dönüş nöqtəsi oldu. Azərbaycan o zaman yalnız üç il idi ki, gənc müstəqil dövlət idi və iqtisadi vəziyyət çox çətin idi. Ölkəni xarici sərmayə üçün açaraq biz milyardlarla dollarlıq sərmayə cəlb edə bildik. On minlərlə yeni iş yerləri açdıq, Azərbaycanın münbit sərmayə mühitinə malik dövlət olduğunu nümayiş etdirdik. Bunun nəticəsində neftdən gələn gəlirləri iqtisadiyyatın şaxələndirilməsi və müasir infrastrukturun yaradılmasına yönəltdik. Bu gün isə biz artıq qeyri-neft sektorunun inkişafına diqqət yetiririk. Bu, bizim üçün prioritetdir. Ancaq enerji sektoru bundan sonra da Azərbaycanın iqtisadiyyatının aparıcı sahəsi və regional əməkdaşlığın mühüm komponentlərindən biri olacaq".

Ölkə rəhbəri xatırladıb ki, 1996-cı ildə imzalanan müqavilə ilə "Şahdəniz" qaz yatağı Cənub Qaz Dəhlizinin əsas resurs mənbəyinə çevrilib: "Ümidvaram ki, bu, yeganə mənbə olmayacaq, ancaq hazırda bu, belədir. Bu, nəhəng bir qaz yatağıdır və onun təbii ehtiyatları artıq hasil və ixrac olunur".

Prezident vurğulayıb ki, Azərbaycan həm də neft ehtiyatlarının nəqli baxımından vacib tranzit ölkədir: "Azərbaycanın regiondakı rolu artmaqdadır. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin açılışı oldu və ilk dəfə olaraq Azərbaycan beynəlxalq bazarlara təbii qaz nəql edən dövlətə çevrildi. Çünki o vaxta qədər biz təbii qazı idxal edirdik. Yəni biz əsas enerji layihəsi olan Cənub Qaz Dəhlizi istiqamətində davamlı olaraq irəliləmişik və bu gün bu layihənin icrası artıq reallıqdır. Xatırlayıram ki, 2012-ci ildə Azərbaycan və Türkiyə TANAP layihəsi ilə bağlı müqavilə imzaladı və bu, Cənub Qaz Dəhlizinin başlanğıc nöqtəsi idi. Bir il sonra, 2013-cü ildə "Şahdəniz-2" layihəsi üzrə sərmayə qərarı qəbul edildi və elə həmin ildə Trans-Adriatik boru kəməri TANAP-ın davamı olaraq seçildi. Bütün bunlar onu nümayiş etdirir ki, biz tərəfdaşlarımızla sıx əməkdaşlıq edirik. Biz vahid komanda şəklində çalışmağımız nəticəsində uğurdan bəhs edə bilərik".

Hazırda Trans-Adriatik boru kəmərinin inşasında bböyük irəliləyişlərin olduğunu deyən İ.Əliyev xatırladıb ki, ötən ilin fevral ayında şura qarşısında çıxışında TAP-ın hazırlığının 67 faiz səviyyəsində olduğunu qeyd edib: "İndi isə son göstəricilərə görə bu rəqəm 87 faizdir. Yəni bir ildə biz böyük irəliləyişə nail olmuşuq, işlər uğurla gedir və ümidvaram ki, gələn il biz yeni nəticələr haqqında danışacağıq".

Dövlət başçısı bildirib ki, Cənub Qaz Dəhlizi enerji şaxələndirilməsi layihəsidir: "Enerji resurslarının şaxələndirilməsi istehsalçı, istehlakçı və tranzit ölkələr üçün çox vacibdir. Hesab edirəm ki, biz burada yaxşı balans tapa bilmişik - yəni istehsalçı olan Azərbaycan və istehlakçı və tranzit dövlətlər arasında. Maraqların balansı bu layihənin uğurunu şərtləndirir. Çünki biz bir-birimizin ehtiyac və narahatlıqlarını anlamağa çalışırıq. Çalışmışıq ki, bir-birimizi dəstəkləyək, zənnimcə, bu işdə uğurlu olmuşuq və belə toplantıların əhəmiyyəti olduqca böyükdür. Çünki biz il ərzində görülən işləri nəzərdən keçirir, eyni zamanda, gələcək addımlarımızı planlaşdırır və işimizin irəlilədilməsi məqsədilə il ərzində ikitərəfli və çoxtərəfli görüşlər, məsləhətləşmələr və konfranslar keçiririk".

Prezident qeyd edib ki, Cənub Qaz Dəhlizi həm də enerji təhlükəsizliyi layihəsidir: "Biz yaxşı anlayırıq ki, enerji təhlükəsizliyi olmadan milli təhlükəsizliyin təmin edilməsi çətinləşir. Enerji təhlükəsizliyi hər bir dövlətin milli təhlükəsizliyinin ayrılmaz bir hissəsidir. O dövlətlər ki, xarici enerji mənbələrindən asılıdır, onlar əmin olmalıdırlar ki, bu marşrut dayanıqlı və uzunmüddətli olacaq. Onlar özlərinin gələcəyini və sənaye inkişafını planlaşdırmalıdır. Eyni zamanda, təbii sərvətlərlə zəngin olan istehsalçı dövlətlər etibarlı bazarlar olmadan öz məqsədlərinə çata bilməzlər. Beləliklə, bu, enerji təhlükəsizliyi, enerji şaxələndirilməsi və geniş beynəlxalq əməkdaşlıq layihəsidir".

Enerji əməkdaşlığı layihələrinin digər sahələrdəki əməkdaşlıqda da çox mühüm rol oynadığını deyən dövlət başçısı burada nəqliyyat sahəsini xüsusi vurğulayıb: "Bu gün Azərbaycan Avrasiyanın nəqliyyat mərkəzinə çevrilir. Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri bizim ölkəmizin ərazisindən keçir. Biz müasir nəqliyyat infrastrukturuna böyük həcmdə investisiya yatırmışıq. Bakı dəniz limanı, Avropa ilə Asiyanı birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu, magistral yollar, Xəzər dəniz gəmiçiliyi, hava limanları - bütün bunlar bizim neft və qaz satışından əldə etdiyimiz gəlirlər sayəsində mümkün olub. Beləliklə, biz gəlirləri əlavə gəlir gətirəcək və ümumi işə xidmət edəcək sektorlara yönəltmişik. Çünki nəqliyyat layihələri, eləcə də enerji layihələri ölkələri birləşdirir. Ölkələr əlaqəli, qarşılıqlı şəkildə bir-birindən asılı olur və hər kəs mənfəət əldə edir. Ona görə də biz enerji təhlükəsizliyi layihələrinin faydasını digər sahələrdə görürük".

Prezident onu da bildirib ki, Azərbaycanın uğurlu enerji inkişafı özünü dünyaya etibarlı ölkə, etibarlı tərəfdaş, xarici investisiyaları 100 faiz qoruyan ölkə kimi təqdim etməyə imkan verib: "Bizim enerji şirkətləri ilə bütün müqavilələrimiz parlament tərəfindən ratifikasiya olunur və qüvvəyə minir. Bu səbəbdən də investorlar 100 faiz əmin olurlar ki, bu müqavilələrdə bir söz belə dəyişdirilməyəcək. Bu, etimad yaradır. Bu, həmçinin, bizə digər sektorlara milyardlarla investisiya cəlb etməyə imkan verib".

"Azərbaycana yatırılmış investisiyaların ümumi həcmi 250 milyard dollara yaxındır. Bunun yarısı xarici investisiyalardır. Bu, bizə iqtisadiyyatımızı şaxələndirməyə, islahatları uğurla həyata keçirməyə, yaxşı biznes mühiti yaratmağa imkan verib. Dünya Bankının sonuncu "Doing Business" hesabatına əsasən Azərbaycan 25-ci yerdədir. Beləliklə, biz möhtəşəm uğur qazanmışıq və biznes mühiti nöqteyi-nəzərindən 10 ən islahatçı ölkədən biriyik. Enerji resursları və gəlirlərindən düzgün istifadə sayəsində biz infrastruktura, sosial infrastruktura böyük həcmdə investisiya yatırmağa, əhalinin yaşayış səviyyəsini qaldırmağa nail olmuşuq. Ona görə də bu layihə bizim üçün, əminəm ki, hamımız üçün olduqca mühüm əhəmiyyət kəsb edir", deyə İ.Əliyev vurğulayıb.

Mövzu ilə bağlı fikirlərini bildirən Milli Məclisin deputatı Rauf Əliyev qeyd edib ki, "Cənub Qaz Dəhlizi" layihəsi Avropanın enerji təhlükəsizliyini təmin edərək çoxşaxəli enerji marşurutları sisteminin yaradılmasına şərait yaradır: "Bu layihə üzrə Məşvərət Şurasının Bakıda keçirilən 5-ci toplantısında Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı Günter Ottinger bildirib ki, layihənin başa çatdırılması 2020-ci ilin yayına nəzərdə tutulub. O qeyd edib ki, Avropada Azərbaycan qazına maraq daha da artır. Serbiya, Macarıstan və San-Marino Məşvərət Şurasına daxil olublar. Bununla Məşvərət Şurasına üzv ölkələrin sayı 17-ə çatıb".

R.Əliyevin sözlərinə görə, Azərbaycan dəfələrlə bəyan edib ki, "Cənub Qaz Dəhlizi" layihəsi marağı olan bütün ölkələr üçün açıqdır: "Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasətin əsas uğuru Azərbaycanın da daxil olduğu Avropanın enerji təhlükəsizliyini təmin edən məkanın formalaşdırmasıdır. Bu layihə Avropa İttifaqının enerji təhlükəsizliyinin, iqtisadi stabilliyinin və eləcə də milli təhlükəsizliyinin qorunub saxlanılmasını təmin edən amillərdən birinə çevrilib. Bu, Azərbaycanın Avropa İttifaqı ilə ikitərəfli münasibətlərinin strateji xarakter daşıdığını və ölkəmizin beynəlxalq nüfuzunun artdığını göstərir".

Ceyhun ABASOV

 





22.02.2019    çap et  çap et