525.Az

"Vətən bölünməzdir" - Sədaqət Vəlioğlunun şeirləri


 

"Vətən bölünməzdir" - <b style="color:red">Sədaqət Vəlioğlunun şeirləri </b>

Çöl çiçəyi

Son payızda,
Təzə açmış Çöl çiçəyi,
Çəmənlərin ən göyçəyi.
Əgər bilsən...
Qədim Muğan torpağına
Gəlişinlə gecikmisən.
Səndən başqa çəmənlikdə
Başqa güllər görmədim mən.
Tənhalığı bu həyatda
Duymuşam mən.
Çox qəmləndim,
Sevinmədim.
Nə qalıb ki, sərt şaxtanın
dövranına.
Mən ürəkdən acıyıram,
a tər çiçək, bu halına.
Bəlkə sən də əsirlikdən,
o dağlardan,
Baş götürüb, de, qaçmısan?
Gecikmisən gül bahara,
bu son payız
Muğanımda gül açmısan?
Görüb məni qəmli,
Sən min dərddən,
dil açmısan.
İlk şaxtalar toxunduqca
ləçəyinə, yarpağına.
Bir gün yəqin solacaqsan.
Muğanımın çəmənində donacaqsan.
Xoşbəxtliyin ondadır ki,
qürbətdə yox,
Doğma Vətən -
Azərbaycan torpağımda
Qalacaqsan.

Araz bulanıq axır

Araz bulanıq axır,
Artıb yenə kədəri.
Zaman özü içirib,
Ona acı zəhəri.

Zaman səf fərman verir,
Araz ölür, can verir,
İmdadına yetən yox,
Yaraları qan verir.

Araz, dadına yetdim,
Düşmən üstə tək getdim.
Yetər olmadı gücüm,
Ulu yurdlar tərk etdim.

Araz, ömür sür yaşa
Mənzərən var tamaşa
Ömür vəfa edəydi,
Sahil görəydim qoşa.

Araz qıvrılıb axır,
Suyu yorulub axır,
Düşmən kəsib yolunu,
Qolu qırılıb axır.

Araz Turandan keçir,
Dağda borandan keçir,
Vətəni iki bölüb,
Axıb Arandan keçir.
Kimdir indi günahkar
Zaman, Araz, yoxsa biz?
Al şəfəqli bir səhər
Gəlib qoşa dayandıq
Araz ilə üzbəüz.
Azadlığın eşqilə
Vurdu odlu qəlbimiz.

Keçən gün dönməyəcək,
Bayrağım enməyəcək,
İstiqlalın alovu,
Qəlblərdə sönməyəcək.

Araz bulanıq axır,
Artıb yenə kədəri.
Zaman özü içirib,
Ona acı zəhəri.

Baba dağ

Yolum keçdi yenə səndən, Baba dağ,
Allah saf məkanı cənnətçün seçir.
Qoynunda yerləşir yüz səfalı dağ
O cənnət paklığı qəlbimə köçür.

Yazda gülümsərkən olursan göyçək
Meşələr, çəmənlər açır gül-çiçək
Səndən ilk dərs alıb loğmanlar gerçək.
İnsanlar buz bulaq suyundan içir.

Yaz günü döyəndə qarlı zirvəni
Sel suları daşıb alır dərəni,
Girdiman da aşıb bəndi-bərəni,
Son mənzil özünə o Kürü seçir.

İmdadçün gəlmişəm sənin Pirinə
Çoxdan çevrilmisən ümid yerinə,
Sən həyat vermisən bəlkə mininə
Şəfa diləyənlər Pirə and içir.

Yayda qoyunun olur ellər yaylağı
Neçə nər igidin sənsən oylağı
Sədaqət deyir ki, bu bahar çağı
Təbiət saflığın canıma keçir.

Vətən bölünməzdir

Çağırdım köməyə,
mən neynəyim ki,
Artdı, qəlbi diddi,
dərdlər, qüssələr.
Nicat bir, ümid bir,
biz isə iki.
Çiynim götürmədi,
bu ağır yükü
Düşmən torpağımda
törətdi nələr.
Çağırdım gəlmədin,
mən neynəyim ki,
Vətən bölünməzdir,
fikrimiz iki.

Ana - Vətən Azərbaycan

Başın üstün aldı duman,
Səni sınaq edir zaman,
Türk elinə qalıb guman,
Üzür məni sonsuz hicran,
Ana - Vətən Azərbaycan!

Qartal kimi mərd dayandın,
Yatmış pələng gec oyandın,
Ox atdılar, yaralandın,
Düşməninə vermədin can
Ana - Vətən Azərbaycan!

Torpaqların bol bəhrəli,
Çəmənlərin gül çöhrəli,
Var ol, a Qafqaz gözəli,
Tanımıram səni danan,
Ana - Vətən Azərbaycan!

Qoy üzməsin səni kədər
İgidin var gör nə qədər
Sinən coşub vulkan edər
Şəhid verdin neçə qurban
Ana -  Vətən Azərbaycan!

Sərkərdələr darda qaldı,
Göyçəm bilməm harda qaldı,
Vətən yüz yol parçalandı,
Çaşdırmadı səni zaman
Ana - Vətən Azərbaycan!

Od püskürən sinən dağlı

Vuran əlin, qolun bağlı
Vəd verən çox sənə yağlı
Yalanlardan gen gəz, dolan,
Ana - Vətən Azərbaycan!

Eşidən yox haqq səsini,
Dərib yorğun nəfəsini,
Dinlə "Cəngi" nəğməsini,
Mərd tanıyıb bizi cahan,
Ana - Vətən Azərbaycan!

Səni çox vaxt aldatdı yad,
İstəmədin ondan imdad,
Böyütmüsən igid övlad,
Məşəl kimi yan, alovlan
Ana - Vətən Azərbaycan!

Düşmənləri sallam oda,
Torpaqları verməm yada,
İstiqlalçün bu dünyada,
Durub sipər gör neçə can,
Ana - Vətən Azərbaycan!

Qələbəni qanla çaldım,
İstiqlala körpü saldım,
Azadlığı zorla aldım,
Sədaqətəm mənə inan,
Quracağam gözəl dövran
Ana - Vətən Azərbaycan!

Sədaqət VƏLİOĞLU

 





22.02.2019    çap et  çap et