525.Az

Allahşükür Paşazadə: "Xocalıda törədilənlər vəhşiliklərin kulminasiya nöqtəsidir"


 

Allahşükür Paşazadə: "Xocalıda törədilənlər vəhşiliklərin kulminasiya nöqtəsidir"<b style="color:red"></b>

"Azərbaycan şəhəri Xocalıda törədilən vəhşiliklər hələ də dünya ictimaiyyəti tərəfindən pislənməyib və layiqli qiymətini almayıb".

Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə İdarə tərəfindən Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar keçirilən tədbirdə çıxışı zamanı deyib. Onun sözlərinə görə, Xocalıda törədilənlər vəhşiliklərin kulminasiya nöqtəsidir: "Ancaq bu vəhşiklikləri törədənlər hələ də hüquqi cəzasını almayıblar. Ermənistan heç bir beynəlxalq qurumun qərar və qətnamələrinə məhəl qoymur. Cəzasızlığından ilhamlanan Ermənistan daim atəşkəsi pozmağa cəhd edir, sülh danışıqlarında qeyri-konstruktiv mövqe nümayiş etdirir".

O qeyd edib ki, soyqırım törədənlərin havadarları Azərbaycana qarşı törədilən terrorizmə haqq qazandırmaq niyyətindədir: "Həqiqət bundan ibarətdir ki, bütov bir şəhərin məhv edilməsi soyqırım aktıdır. Növbəti dəfə beynəlxalq təşkilatlara müraciət edirik ki, bu soyqırıma biganə qalmasınlar, Qarabağ münaqişəsinin həllində bizə kömək etsinlər. Ən əsası isə haqqın tərəfində olsunlar. Qeyd edim ki, Azərbaycanın bütün məscidlərində və dini məclislərdə cümə günü şəhidlərin şəninə xütbələr veriləcək, onların əziz ruhuna "Qurani-Kərim", dualar oxunacaq".

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, Xocalı soyqırımı ilə əlaqədar Azərbaycanda və digər ölkələrdə tədbirlər keçirilir: "Bu, bizim şəhidlərin qarşısında olan borcumuzdur və həqiqətləri dünya ictimaiyyətinə daha dəqiq çatdırmaq vəzifəmizdir".

Onun sözlərinə görə, soyqırımla bağlı bəyanatlar qəbul edərək dünya liderlərinə ünvanlanması vacib addımdır: "Cinayətləri unutmamalı və dünyanı məcbur etməliyik ki, bunu yaddaşlarına həkk etsinlər. Soyqırım insanlıq əleyhinə törədilən cinayətdir və bunun müddəti yoxdur. Yəni bu cinayətin işləri daimi qalır. Həmin cinayətkarlar harada olmalarından asılı olmayaraq ədalət mühakiməsi qarşısında cavab verməli olacaqlar".

Dövlət Komitəsinin sədri bildirib ki, Xocalı həqiqətlərinin dünyaya çatdırılması istiqamətində ölkədə ciddi işlər görülüb və bu gün də davam edir: "Soyqırıma hüquqi siyasi qiymətin verilməsi ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə olub. Xocalı soyqırımının dünyaya çatdırılması üçün də Heydər Əliyev Fondunun da danılmaz əməyi var. Görülən işlərin nəticəsi olaraq bu soyqırımın tanınması baxımından müsbət irəliləyişlər əldə edilib. Çünki ölkədə xalqın birliyi var və dövlət başçısına bu istiqamətdə gördüyü işdə dəstək olmalıyıq".

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev isə bildirib ki,  "Xocalı soyqırımı əliyalın xalqımıza qarşı xüsusi amansızlıqla törədilib".  Onun dediyinə görə, Azərbaycan xalqı çox ağrılı gün yaşayıb: "Köçəryan, Sarkisyan hakimiyyəti nəinki bu soyqırımı təşkil ediblər, onun birbaşa iştirakçıları olublar. Ona görə də bu soyqırım xüsusi amansızlıqla törədilib. Vaxt gələcək Xocalı soyqırımını törədən canilər beynəlxalq tribunal qarşısında cavab verəcəklər".

Dövlət Komitəsinin sədri bildirib ki, Azərbaycan torpaqları bu gün də işğal altındadır, dünyanın ən böyük hüquqi təşkilatı olan BMT-nin torpaqlarımızın azad edilməsi ilə bağlı qəbul etdiyi qətnamələr hələ də yerinə yetirilməyib: "İnanıram ki, yaxın gələcəkdə biz buna nail olacağıq, Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq. Bugünkü siyasətimiz torpaqların sülh yolu ilə azad edilməsidir. Ancaq vaxtı çatanda, lazım olanda Azərbaycanın tam hüququ var ki, güclü ordusu hesabına ərazi bütövlüyünü təmin etsin". Xankəndi seçki dairəsindən seçilmiş deputat Flora Qasımovanın dediyinə görə,  Xocalıda vəhşilik törədənlər öz cəzalarını almalıdırlar, Şuşa türməsində cəza çəkməlidirlər. Çünki onlar Şuşanı "çox istəyirlər".

O vurğulayıb ki, Ermənistan, erməni separatçıları Şuşanı erməniləşdirmək istəyirlər: "O torpaqlara azərbaycanlıların qanı tökülüb. Bu gün Xocalının adını dəyişib orada uşaq bağçası tikiblər. Hansı ki, orada 1000-dən çox erməni yerləşdirilib. Bu gün bizə müraciət edirlər ki, gəlin xalqları sülhə hazırlayaq. Bunları görəndə isə bilmirəm nə edim, seçicilərimin qarşısına çıxım onlara nə deyim?"

F.Qasımova qeyd edib ki, ermənilər Dağlıq Qarabağdakı və işğal altında olan digər rayonlarda yer adlarını dəyişirlər: "Bizim yaşadığımız Qubadlıda, Kəlbəcərdə təpələrə xaç qoyurlar. Vaxtilə alban kilsələrini saxtalaşdırıb erməniləşdirdilər. Ermənistanda hakimiyyətdə olmuş seperatçı qüvvələr xalqların bir-biriylə yaxınlaşmasına imkan vermirdi. Bu vəziyyət indi də dəyişməyib. Sadə xalqı günahlandırmıram. Düzdür, bizə yuxarıdan aşağı baxırdılar. Mən Xankəndində doğulmuşam. Ancaq sadə xalq müharibə istəmirdi. Qarabağda yaşayan yerli əhali də bilir ki, biz ora qayıdacağıq, çünki ora Azərbaycan torpağıdır".

S.QARAYEVA

 





22.02.2019    çap et  çap et