525.Az

"Şekspir xalçalarda" müsabiqəsinə yekun vurulub


 

"Şekspir xalçalarda" müsabiqəsinə yekun vurulub<b style="color:red"></b>

Fevralın 20-də Azərbaycan Xalça Muzeyində böyük ingilis dramaturqu Uilyam Şekspirin anadan olmasının 450 illiyinə həsr olunmuş "Şekspir xalçalarda" müsabiqəsinə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, tədbiri Xalça Muzeyinin direktoru Şirin Məlikova açıb. O bildirib ki, "Şekspir xalçalarda" müsabiqəsi Azərbaycan Mədəniyyət Nazirliyinin, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının və "British Council" təşkilatının Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə 2016-cı ildə elan edilib. Münsiflər heyətinin qərarı ilə hər biri ayrıca nominasiyada fərqlənən üç xalça seçilib.

Mədəniyyət naziri Əbülfəs Qarayev müsabiqənin təşkilinə və keçirilməsinə dəstək göstərdiklərinə görə Böyük Britaniya səfirliyinə və "British Council" nümayəndəliyinə təşəkkür edərək deyib: "Belə tədbirlər Azərbaycan ilə Böyük Britaniyanı mədəniyyət və incəsənət sahəsində daha da yaxınlaşdırır. Hesab edirəm ki, biz əməkdaşlığımızı möhkəmləndirməli və inkişaf etdirməliyik. Bu yaxınlarda "British Council" ilə əməkdaşlıq haqqında müqavilə imzalamışıq. Bizi çoxlu maraqlı layihə gözləyir".

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson və "British Council" təşkilatının Azərbaycandakı nümayəndəliyinin direktoru Samr Şah xalçaçılıq sənətinin bütün dünyada qorunub saxlanılması və təbliği işinə töhfələrinə görə Azərbaycan Mədəniyyət Nazirliyinə və Xalça Muzeyinin rəhbərliyinə təşəkkür ediblər. Onlar müsabiqənin qaliblərini təbrik edərək, onlara daha böyük nailiyyətlər arzu ediblər.

Sonra Baronessa Emma Nikolson, Böyük Britaniyanın ölkəmizdəki səfiri Kerol Krofts və "British Council" nümayəndəliyinin direktoru Samr Şah müsabiqənin qalibləri Telman Şıxıyevin (mütləq qalib), Sürəyya Muğanlının (ümumi kateqoriyada qalib) və Aydan Sadıqbəylinin (münsiflər heyətinin xüsusi mükafatı) işlərinə tamaşa ediblər. Bu xalçalar bir ay ərzində muzeydə nümayiş etdiriləndən sonra Britaniya muzeylərinə veriləcək. Qonaqlar görmə qabiliyyəti zəif olanlar üçün bu ayın əvvəlində muzeydə açılan ekspozisiya ilə də tanış olublar.

Sonda Xalça Muzeyinin direktoru Şirin Məlikova Baronessa Emma Nikolsona xatirə hədiyyəsi təqdim edib.

 





22.02.2019    çap et  çap et