525.Az

«DOLU» xaçmazlıları ağlatdı (FOTOLAR)


 

«DOLU» xaçmazlıları ağlatdı<b style="color:red"> (FOTOLAR)</b>

Yazıçı Aqil Abbasın eyniadlı romanı əsasında «Azərbaycanfilm» kinostudiyasında rejissor Elxan Cəfərovun çəkdiyi «Dolu» filmi regionlarda nümayişini davam etdirir.

525.az-ın məlumatına görə, filmin yaradıcı heyəti və ssenari müəllifi bununla əlaqədar Xaçmaz rayonunda olublar. Yaradıcı heyət ənənəyə uyğun olaraq Şəhidlər Xiyabanını ziyarət etdilər və şəhidlərin məzarları üstünə gül dəstələri qoydular.

İki  Milli qəhrəmanı olan Xaçmaz rayonu Qarabağ savaşında 247 şəhid verib. Daha sonra Xaçmazda yeni salınan açıq səmada Şəxsiyyətlər muzeyini ziyarət edən yaradıcı heyət burada 40 görkəmli şəxsiyyətə qoyulan heykəllərə  və onların  yaradıcılığı haqqında məlumatlara heyranlıqla  tamaşa etdilər.

Axşam saatlarında rayon Mədəniyyət Sarayında «Dolu» filminin yaradıcı heyəti rayon ictimaiyyəti və şəhid ailələri ilə görüş keçirib. Görüşü Yeni Azərbaycan Partiyası Xaçmaz rayon şöbəsinin sədri  Nazim Ağayev  açdı. O, filmin yaradıcı heyətini  salamlayaraq bildirdi ki, Qarabağ müharibəsi ilə bağlı çəkilən bu film gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsində böyük əhəmiyyət daşıyacaq. Rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev filmin çəkilişində hər kəsə  təşəkkür edərək yaradıcı və texniki heyətə gələcək işlərində müvəffəqiyyətlər arzuladı.

Filmin ssenari müəllifi Aqil Abbas filmin rejissor və yaradıcı  heyətin gərgin əməyinin nəticəsinin ərsəyə gəlməsini  tamaşaçıların diqqətinə çatdırıb. Filmin rejissoru Elxan Cəfərov  tamaşaçıları yaradıcı heyətlə və filmin baş qəhrəmanları ilə tanış etdikdən sonra filmin nümayişi başlandı.
Filmin son kadrlarını göz yaşları içində ayaq üstə alqışlayan xaçmazlılar həqiqətən də filmin gənclərin hərbi vətənpərvərlik ruhunda böyük əhəmiyyət daşıyacağını bildirdilər.

Qonaq qismində tədbirdə iştirak edən, hazırda Almaniyada yaşayan tanınmış türk yazarı Orxan Aras  filmin  tamaşasından sonra həyəcanını gizlədə bilmirdi: «Mən «Azərbaycanfilm» kinostudiyasının bu səviyyədə döyüş səhnələrini işıqlandıra biləcəyinə inanmırdım. Film həqiqətən də çox gözəl alınıb. İnanıram ki, Qarabağ müharibəsi ilə bağlı bu cür filmlərin çəkilişi  gələcəkdə də dövlət tərəfindən  dəstək alacaq».

«Dolu» filminin rejissoru Elxan Cəfərov tamaşaçıların filmdən razı qalmalarından sevindiklərini və yaradıcı heyətin əziyyətlərinin yüksək qiymətləndirilməsindən məmnun olduqlarını bildirdi.

Ssenari müəllifi Aqil Abbas qeyd etdi ki, «Dolu» filmi respublikamızın digər regionlarında  da nümayiş etdiriləcək.

Rüstəm HACIYEV

 





09.10.2012    çap et  çap et