525.Az

Afad Qurbanovun ümumi dilçilik dərsləri


 

Afad Qurbanovun ümumi dilçilik dərsləri<b style="color:red"></b>

(Əvvəli ötən sayımızda) 

Afad Qurbanovun Şərq dilçiliyi ilə Qərb dilçiliyinin əlaqəsi barədəki fikri də maraq doğurmaya bilməz. "Ümumi dilçilik" müəllifi əmindir ki, Şərq filosofları Qərbi Avropa dilçiliyinin inkişafına böyük təsir etmişlər. Bu məsələdə şərhçi və tərcüməçilərin də fəaliyyəti az olmamışdır. Tərcüməçilər Avropa elm aləminə Şərq ənənələrini keçirməkdə böyük qüvvə idilər. Onlar müxtəlif məzmunlu bir çox materialları Qərbi Avropanın universal elm dili olan latın dilinə çevirmişlər".

Əlbəttə, İntibah hərəkatı, eləcə də XVII- XVIII əsrlər Qərbdə dilçiliyin inkişafına ən müxtəlif baxımlardan böyük təkan vermiş, F.Bopp,  R.Rask, Y.Qrimmin tədqiqatları nəticəsində XIX əsrin əvvəllərində meydana çıxan müqayisəli- tarixi metod dil haqqındakı elmin sonrakı taleyinə həlledici təsir göstərmişdir. Afad Qurbanov bu məqama xüsusi diqqət yetirərək həm yeni tədqiqat metodunun mahiyyətini geniş izah etmiş, həm də XIX əsr dilçilik məktəbləri barədə aydın təsəvvür yaratmışdır ki, buraya, ilk növbədə, V.Humboldtun fəlsəfi (ümumi), A.Şleyxerin naturalizm, H.Şteyntalın  psixologizm dilçilik məktəbləri, "gənc qrammatiklər" daxildir.

Dilçilik tarixində "gənc qrammatiklər"in tənqidçiləri kimi tanınan H.Şuxardtın "Sözlər və şeylər", K.Fosslerin estetik idealizm məktəbləri, eləcə də neolinqvistika cərəyanı haqqında yığcam məlumatlardan sonra "Ümumi dilçilik" müəllifi tamamilə əsaslı olaraq müasir dilçiliyin banisi Ferdinand de Sössürün "Kurs"unu şərh edir.

Və yazır:

"Ümumdünya şöhrəti tapmış "Ümumi linqvistika kursu" əsərinin başlıca əhəmiyyəti ondan ibarətdir ki, burada dilçilik elminin spesifikası, onun obyekti dəqiq müəyyənləşdirilmişdir. Məlumdur ki, F.de Sössürə qədərki dilçilərin bir çoxu dilə məntiqi, psixoloji, fizioloji və digər mövqedən yanaşmış və bunun əsasında da dilçiliyi düzgün işıqlandırmamışlar. Sössür dili ictimai hadisə kimi qəbul edir və deyirdi: "Dilçiliyin yeganə və əsl obyekti dildir…"

Dahi dilçinin konseptual kəşflərinə (və həmin kəşflərin metodoloji əsasında dayanan məşhur dixomiyalarına: dil və nitq, sinxroniya və diaxroniya, daxili və xarici linqvistika), əlbəttə, daha geniş yer ayırmaq olardı, lakin nəzərə alsaq ki, vaxtilə sovet dilçiliyi F.de Sössür təliminə "ziddiyyətli" damğası vurmuş (və bunun "postsovet" təsiri bugünə qədər davam etməkdədir), onda "Ümumi dilçilik" müəllifinin müəyyən tərəddüdlərini anlamamaq mümkün deyil.

Fikrimizcə, dərslikdə struktur dilçilik  cərəyanları barədə verilən məlumatların yığcamlığı da buradan irəli gəlir.

Afad Qurbanov ümumən elmlər sistemində dilçiliyin yeri məsələsinə kifayət qədər geniş yer ayırmaqla bir dilçinin (və dilçiliyin) mövqeyindən  bütövlükdə elmşünaslıq araşdırması  aparmışdır. Onun fikrincə, "dilçiliyin elmlər sistemində yerini bilmədən, onun məqsəd və vəzifələrini  müəyyənləşdirmədən filoloji təhsil sistemində xüsusi rolu olan dilçilik fənlərini yüksək elmi-nəzəri səviyyədə tədris etmək qeyri-mümkündür. Və odur ki, müəllif əvvəlcə elmlərin yığcam təsnifini təqdim edir, sonra isə ayrı- ayrılıqda hər bir elmlə dil haqqındakı elmin əlaqələrini nəzərdən keçirir ki, bunun çox ciddi elmi-pedaqoji əhəmiyyəti olduğunu, görünür, xüsusi izah etməyə ehtiyacı yoxdur.

"Ümumi dilçilik"də tətbiqi və nəzəri, xüsusi və ümumi sahələri elmi prinsiplərlə fərqləndirildikdən sonra dilçiliyin şöbələri məsələsinə keçilir ki, həmin məsələnin həlli həmişə bu və ya digər dərəcədə  mübahisələrlə müşayiət olunmuşdur. Görkəmli dilçinin dil haqqındakı elmin şöbələrini təsnif edərkən onun nəzəri və  tətbiqi sahələrinə istinad etməsi, əlbəttə, həmin mübahisələrə müəyyən aydınlıq gətirir. Və biz belə təsnif təcrübəsilə  qarşılaşırıq:

I. Nəzəri dilçiliyin şöbələri: fonetika (fonologiya), leksikologiya, onomalogiya, semasiologiya, frazeologiya, etimologiya, derivatologiya, morfologiya və sintaksis.

II. Tətbiqi dilçiliyin şöbələri: qrafika, orfoqrafiya, orfoepiya, leksikoqrafiya və linqvo-tərcüməşünaslıq.

Burada diqqəti cəlb edən əsas cəhət dilçilik şöbələrinin kifayət qədər mükəmməl sistemidir ki, səsdən (fonemdən) cümləyə qədər bütün dil vahidlərini ehtiva edir. Həmin dil vahidləri barəsində verilən məlumatlar da, ilk növbədə, öz anlaşıqlığı ilə seçilir.


"Dil və onun xüsusiyyətləri" adlanan ikinci bölmə 1) dilin mahiyyəti, 2) dilin mənşəyi, 3) dilin işarəviliyi, 4) dilin sistemi və 5) dilin inkişafı məsələlərinə həsr olunmuşdur.

Qeyd etmək lazımdır ki, bu məsələlər dil haqqındakı elmin fəlsəfi əsaslarını və ya metafizikasını təşkil edir.

Dil nədir?

Adətən sadə suallara cavab vermək ona görə çətin olur ki, həmin sadə sualların meydana çıxmasının əsasında çox mürəkkəb xarakterli mahiyyətlər dayanır. XIX əsrin əvvəllərindən, yəni dil haqqındakı elm özünü təsdiq edəndən etibarən "dil nədir" sualına verilmiş ən mötəbər cavablar, əsasən, aşağıdakılardır:

"Dil - fikir formalaşdıran orqandır. Tamamilə ruhi, dərinliklərinə qədər daxili və heç bir iz qoymadan keçən əqli fəaliyyət nitq səsləri vasitəsilə maddiləşir və hissi qavrama üçün əlçatan olur. Ona görə də təfəkkür fəaliyyəti və dil qırılmaz şəkildə əlaqədə təqdim edilir... Dil xalq ruhunun sanki xarici təzahürüdür; xalqın dili onun ruhudur və xalqın ruhu onun dilidir - bundan daha çox eynilik təsəvvür etmək çətindir... Dil ruhun elə bir davamlı fəaliyyətini təqdim edir ki, həmin  fəaliyyət səsi, nəticə etibarilə, fikrin ifadəsinə çevirə bilsin" (Vilhelm fon Humboldt).

"Dil fikrin səsli ifadəsidir, səslərdə  təzahür edən təfəkkür prosesidir" (Avqust Slayxer).

"Dil... dərk olunmuş daxili, psixi və ruhi hərəkətlərin vəziyyət və münasibətlərinin tələffüz olunan səslər vasitəsilə ifadəsidir" (Haynrix Ştayntal).

"Dilin mahiyyəti ünsiyyətlə müəyyən olunur" (Hüqo Şuxardt).

"Dil ruhi ifadədəir... Dilin tarixi ifadənin ruhi formalarının, həmçinin, sözün ən geniş mənasında incəsənətin tarixindən başqa bir şey deyil" (Karl Fossler) və s.

Göründüyü kimi, bu cavablarda dilin mahiyyətini və ya metafizikasını izah edən iki mühüm cəhət əks olunur ki, onlardan birincisi dilin fikir ifadə etmək vasitəsi olmasıdır. Yəni hər bir insan dil vasitəsilə düşünür, öz düşüncələrini dil vasitəsilə ifadə edir. İkinci cəhət birincinin birbaşa davamı olub dilin fikir mübadiləsi və ya ünsiyyət vasitəsi olmasını göstərir. Yəni dil insanlar arasında çox zəruri amil olan (prinsip etibarilə, insanı insan edən) sosial ünsiyyət ehtiyacını təmin edir.

Bunlardan birincisi dilin ekspressiv, ikincisi isə kommunikativ funksiyası adlanır.

Lakin "dil nədir" sualına XX əsrin əvvəllərində ümumən dil haqqındakı elmin tarixində əsaslı dönüş yaradan ən elmi (və mükəmməl) cavabı F.de Sössür verdi.

Dahi dilçi, hər şeydən əvvəl, insanın nitq fəaliyyətində dillə nitqi bir-birindən fərqləndirərək dilçiliyin yeganə obyektinin o zamana qədər əsasən "dil" adı altında sinkretik (mücərrəd) şəkildə öyrənilən hadisə deyil, "iyerarxik işarələr sistemi" olduğunu göstərdi.

Lakin hər cür ünsiyyət təzahürlərini (və vasitələrini) "dil" adlandırdığımız bir şəraitdə dilçi nəyin nitq fəaliyyəti, nəyin nitq, nəyin isə dil olduğunu aydın dərk (və izah) etməyi o səviyyədə bacarmalıdır ki, "xaos"dan baş çıxara bilsin.

Beləliklə, "dil nədir" sualına belə bir ümumi cavab vermək mümkündür ki, dil sərbəst (ixtiyari) işarələr sistemi olub, nitq vasitəsilə insanlar arasında fikir mübadiləsinə, ümumən, ünsiyyətə xidmət edir.

Afad Qurbanov dilin ictimai mahiyyətini izah edərkən onun ünsiyyət vasitəsi olduğu, eksprissiv funksiya daşıdığı barədə geniş bəhs edir. Və sonra dilin mənşəyi məsələsi üzərində xüsusi dayanır.

Müəllif dilin yaranmasına dair, demək olar ki, bütün mövcud (səs təqlidi, nidalar, ictimai razılaşma, jestlər, əmək hıçqırıqları və "günəş") nəzəriyyələri izah etdikdən sonra "dilin mənşəyinin həqiqi şərhi"ni verir:

"Bütün bura qədər deyilənlərdən aydın olduğu kimi, səsin əmələ gəlməsində danışıq üzvləri mexanizm, udulmuş hava axını isə materialdır. Hava axını danışıq üzvlərinin birgə fəaliyyəti nəticəsində ictimai səslərə çevrilib ünsiyyətə xidmət edir. Ünsiyyət vasitəsi kimi meydana çıxmış dil isə tarixən səs bazası üzərində insanın özü ilə bir prosesdə, onunla müvazi yaranmışdır".

Fikrimcə, bunu antropososial nəzəriyyə adlandırmaq olar.

Ümumiyyətlə, dilin tarixi probleminə ümumi dilçilikdə, əsasən, üç müxtəlif  aspektdən yanaşılır ki, onların birincisi dilin mənşəyi, ikincisi dildə baş verən dəyişmələr, üçüncüsü isə dillərin bölünməsindən (diferensiasiyasından) ibarətdir.

Dilin mənşəyi barədəki təsəvvürlərin özü başdan-ayağa metaforikdir... Əl hərəkəti, səs təqlidi və s. Lakin həmin metaforika eyni zamanda ünsiyyət nəzəriyyəsi (və texnologiyası) baxımından, praktik olaraq da istisna edilmir.

Maraqlıdır ki, Afad Qurbanov dilin mənşəyi probleminin dilçilik  tədqiqatlarının gündəliyindən çıxarılmasına həmişə qəti etiraz etmişdir.

Azərbaycan MEA-nın prezidenti Mahmud Kərimovun "Ümumi dilçiliy"ə "Ön söz"ündə deyilir ki, "müəllif dilin mənşəyi kimi vacib bir problemi kitabına daxil etmişdir. Hələ XIX əsrdə Paris Beynəlxalq Linqvistlər Cəmiyyəti belə hesab edirdi ki, dilin mənşəyi məsələsi izahedilməzdir, buna görə də ona heç toxunmaq lazım deyil. Afad Qurbanov əsərində fransız dilçisi Vandriyesin və Amerika dilçisi Eduard Sepirin də dilin mənşəyi barəsindəki fikirlərini göstərərək cəsarətlə onlara qarşı çıxır və deyir: "Dilin mənşəyi məsələsinin dilçilikdən kənar məsələ olduğunu söyləyənlər, şübhəsiz ki, bu problemin son dərəcə çətin və çoxcəhətli olduğuna əsaslanmışlar. Dilin əmələ gəlməsi nə qədər çətin və mürəkkəb olsa da, bunu dilçiliyin problemləri sırasından xaricdə düşünmək olmaz. Çünki dil dilçilik elminin obyektidir. Dilin əmələ gəlməsinin tam həqiqi və elmi şərhi məhz müvafiq elmlərin qarşılıqlı tədqiqatları əsasında mümkün olacaqdır".

Dil sistemdir.

Bu o deməkdir ki, dil qanunauyğun əlaqə və ya münasibətlərin cəmidir. Həmin əlaqə və ya münasibətlər qanunauyğunluğu isə dilin strukturunu təşkil edir. Və ona görə də biz "sistemin strukturu" ifadəsini işlətməklə onu nəzərdə tuturuq ki, sistem müəyyən struktura (quruluşa) mənsubdur.

Dilin semioloji xarakterini kəşf etməklə F.de Sössür sübut etdi ki, dil ən azı ikiölçülü bir sistemdir: sintaqmatik (üfiqi) və paradiqmatik (şaquli). Ancaq üçüncü bir ölçü də vardı: semantika. Və bu da dilin semioloji təbiətindən irəli gəlir: işarə həm də məna ifadə etməlidir. Ona görə də dilin quruluşu, prinsip etibarilə, "üçölçülü məkan"da təsəvvür olunur: sintaqmatika, paradiqmatika və semantika.

Afad Qurbanov "Ümumi dilçilik" dərsliyində dilin işarəvi təbiəti haqqında ümumi məlumat verir, lakin dilin sistemi üzərində nisbətən geniş dayanır. Və yazır:

"Sistemlərin ünsürləri arasındakı bütün əlaqə və münasibətlər quruluşu təşkil edir. Deməli, quruluşu sistemsiz, sistemləri isə quruluşsuz təsəvvür etmək qeyri-mümkündür. Həm də bunlar bir-birindən təcrid olunmuş, ayrı-ayrı mövcud ola da bilməz.

Dil sistemlərinin müxtəlif növləri mövcuddur. Təəssüflə deməliyik ki, bəzi nəzəri ədəbiyyatda dil sistemləri əsas və əlavə deyə iki yerə bölünür. Belə fikirlərlə qəti razılaşmaq olmaz. Çünki dildə ikinci dərəcəli, faydasız sistem yoxdur və ola da bilməz. Bunların hamısı, həcm və digər cəhətlərdən asılı olmayaraq, başlıcadır, dilin varlığı və inkişafı üçün vacibdir.

Dil sistemlərini həcminə görə aşağıdakı  qruplara ayırmaq olur: makro (böyük), mikro (kiçik) və yarımsistem. Dilin makro (böyük) sistemləri aşağıdakılardır: fonetik, leksik, semantik, morfoloji, sintaktik".

Sonra isə müəllif dilin həm daxili, həm də xarici faktorlarını nəzərə almaqla onun fonetik, leksik və qrammatik tərkibinin inkişafından bəhs edir.

"Ümumi dilçiliy"in "Dillər və onların təsnifi" bölməsinə 1) dünya dilləri haqqında, 2) dünya dillərinin təsnifi və 3) türk dilləri, türk dünyası və onun dilləri mövzuları daxildir.

Müəllif yazır:

"Müxtəlif dillərin öyrənilməsi tarixində müəyyən prinsiplər əsasında bir sıra təsnif meydana çıxmışdır. Bunların bəziləri az miqdarda dili, bəziləri isə çox dili əhatə etmişdir. Həmçinin, dillər qruplaşdırılarkən bəzi təsniflər geniş yayıla bilməmiş, məhdud dairədə istifadə olunmuşdur. Dillərin qruplaşdırılmasına dair aşağıdakı təsniflər yaranma tarixinə, məzmun və mündərəcəsinə görə diqqəti daha çox cəlb edir:

1) Coğrafi təsnif;

2) Tipoloji təsnif;

3) Stadial təsnif;

4) Funksional təsnif;

5) Genealoji təsnif.

Bu təsniflər məqsəd və vəzifələrinə görə bir-birindən fərqlənir və bunların hər biri ayrı-ayrı elmi prinsip və metodlara əsaslanır".

Hər bir təsnif prinsipinin mahiyyəti barədə ətraflı məlumatdan sonra dünya  dillərinin geniş genealoji təsnifi təqdim  edilmişdir ki, burada mövcud təsnifat təcrübələrinə istinad edilməklə yanaşı, xüsusilə türk dillərinin təsnifində müəllifin öz tədqiqatlarının nəticələri də əksini tapmışdır.

Afad Qurbanov dünya dillərinin təsnifi sahəsində qazanılmış uğurlarla yanaşı, bir sıra çatışmazlıqların olduğunu da göstərir:

"Mövcud təsniflərin hamısı üçün çatışmayan bir cəhət də onların heç birində dünya dillərinin hamısının əhatə edilməməsidir. Bütün deyilənlərə əsasən dillərin təsnifinin indiki vəziyyəti məqbul hesab olunmur.

Dillərin təsnifi müasir dilçiliyin ən mürəkkəb problemlərindəndir. Bu sahədə bir sıra vacib vəzifələr qarşıda durur".

"Yazı nəzəriyyəsi məsələləri" bölməsində 1) dil və yazı, 2) əlifba problemi və 3) stenoqrafik yazı mövzuları ehtiva olunur.

Yazını "görmə vasitəsilə dərk edilib, fikrin ifadəsində əsas ünsiyyət vasitəsinə köməkçi olan işarələr sistemi" kimi səciyyələndirən müəllif onun (yazının) xüsusiyyətləri, əmələ gəlməsi tarixi, hazırda müxtəlif yazı tiplərindən istifadə texnologiyaları, rəqəm sistemləri, durğu işarələri və s. barədə geniş təsəvvür yaratdıqdan sonra əlifba problemini keçir.

Və yazır:

"Finikiya əlifbası bir çox əlifbaların əsasını təşkil edərək onların ulu valideyni - mənbəyidir. Bu əlifbadan əvvəlcə qonşu xalqlar istifadə etmişlər, sonralar isə get- gedə başqa xalqlar arasında yayılmağa başlamışdır. Finikiya əlifbasının uzaqlara yayılmasına, birinci növbədə, finikiyalıların özləri səbəb olmuşlar. Doğrudur, onlar əlifbanı yaymağı qarşılarına məqsəd qoymamışlar. Lakin ticarətlə daha çox məşğul olan bu xalq özgə ölkələrə ticarət səfəri zamanı yazılı əlaqə vasitəsi kimi əlifbadan istifadə etmişlər və bu prosesdə başqa xalqlar da əlifbanı əxz etməli olmuşlar".

(Ardı var)

 





27.02.2019    çap et  çap et