525.Az

"Yavaş-yavaş dağılırlar dostlarım..." - Şahnaz Şahinin şeirləri


 

"Yavaş-yavaş dağılırlar dostlarım..." - <b style="color:red">Şahnaz Şahinin şeirləri</b>

Bu da bir payızdı...

Bu da bir payızdı, düşdü budaqdan
Günlərin əlvanı, yaşılı getdi...
Nazladı, oxşadı çiçək payını,
Atdı dərələrə, daşlara getdi...
Gözümdən od düşdü öz ürəyimə,
Basdı çox vədəsiz koz ürəyimə,
Bir şapalaq çəkdi tərs, ürəyimə
Qarışdı göz nurum yaşlara getdi...
Mən düz anlamadım vədini deyək.
Aşdım bərəsini bəndini deyək,
Ay vaxtsız-vədəsiz qəddimi əyən,
Ömrüm "heyif"lərə,"kaş"lara getdi...

İstəyirsən Günəş alım mən sənə?..
Bu da belə, bu da səhv bir aldanış,
İstəyirsən səhvlərini düzəldim?
Günəş olum qışın kiçik çilləsi,
Qarı, buzu bircə günə əridim...
Sən də otur xalça toxu, hana qur,
Lap istəsən çörək bişir təndirə...
Ocağına odun tulla, sönməsin,
Pay da bağla salladığım kəndirə.
Qış gecəsi yaman olur yalnızlıq,
Duman olur, çən gətirir dan üzü.
Sevənlərin Allahı var nə yaxşı,
Və nə yaxşı bitmir ümid-arzusu..
Yenə tutdu damarımın tərsliyi,
Gəlmədi ki, heç eynimə iynələr.
Toxuduğun xalçaya bir naxış vur,
Hey oxusun əriş, arğac, ilmələr...
İstəyirsən Günəş alım mən sənə?..
Qarı-buzu bircə günə əritsin!..
İkimizin bircə şansı qalıb ta,
O da qoşa qocalıqsa...
Qocaltsın...

Bir də ağlayarmı

Bir də ağlayarmı bu dəniz səni,
Bir də gül taxarmı saçına gecə.
Bax elə indicə bu yer üzündən,
Səni çıxaracaq sonuncu küçə.
Bir az həyəcan var baxışlarında,
Bir az nigaransan, bir az şübhəli.
Kim bilir qəlbindən nə keçir indi,
Kim keçir önündən nazlı-qəmzəli...
Darıxır sabahın açılmasına.
Darıxır ovcunda xatirələrin.
Bax yolun sonuna daha nə qalır.
Açılır, yumulur vaxt çiçəkləri.
Sən təkcə gəlmisən, tənha gəlmisən,
İndi bu yola da tək çıxacaqsan.
Nə fərqi getdiyin yerdə də elə,
Gəldiyin yer üçün darıxacaqsan!..
Yadından çıxmasın, qoy sənə deyim,
Bir dəniz şəkli də götür özünlə.
Həmdəm tapmayanda qəm bölüşməyə,
Bir tənha güşə tap, otur özünlə...
...Bir də xatırlamaz..,
unutmaz da heç,
Qayıdıb bir ulduz taxar saçına.
Bu dəniz, bu gecə, eh bu da ki, sən
Macəra gəzirdin...
bu da macəra....

Yaxşı ki yadımda qalmamısan sən...

Gəlişin nə verdi getdin nə ola.
Bu da bir qismətdi görüşdük elə
Sonra da ayrıldıq... nə ola... ola...
Gülüm bu həyatdı hər şeyi gözlə
Bunun qəzası var, xəstəliyi var...
Bunun bildiyimiz bilmədiyimiz
Tanrı qarşısında öhdəliyi var.
Bir də görərdin ki, gəlib görərdin
Durduğu yerdəcə yanıb evimiz!
Su gəlib altında qalıb evimiz.
Deyərdin qismətdən çıxıb evimiz.

Ev də yüz sevincin qəmin şahidi.
Ağlasan ağlayar şad olar gülsən
Bilsən nə düşünür haraya gələn
Nə deyib hönkürür sonuncu gülən.

Darıxma geciksə bahar darıxma
Ömründə yengələr çalıb oynasa.
Saçını küləklər yolub oynasa.
Hələ durulmasa sular darıxma..

Fikir də eləmə, indi yüz fikir
Bircə gedənini döndərə bilməz.
Silib ağır yüngül günahlarını
Mələktək cənnətə göndərə bilməz.

Görüşdük eləcə... ayrıldıq belə...
Qismət deyiləndən qaçmaq çətinmiş..!
Yaxşı ki, yadında qalmamışam mən.
Yaxşı ki, dünyada həsrət var imiş...

Heç heçə

Bu gecə məni sevmədi
Mən bu gecənin olmadım.
Nə bir köz verdi isinəm,
Nə bir xatirə qoymadı...
Çox baxdım tanıyammadım.
Bilmədim yaşı neçəydi.
Ayrılanda ovcumuz boş,
Hesabımız heç-heçəydi...

Mənsiz yana-yana yaşayacaqsan...

Nə sevən olacaq səni mənimtək,
Nə duyub anlayan ta indən belə.
Həsrətin qoparıb səni qəlpətək
Qaytarıb özünə çırpacaq hələ..

Məni unutmağa tələsməyin də
Məni yaddaşına möhürləyəcək.
Gündə neçə dəfə, ah neçə dəfə
Xatirəm gör səni sehirləyəcək...

Bir gün tanış olub bir yad baxışla
Tə zədən sevməyə çalışacaqsan.
Həmin yad qadını basıb bağrına
Sən mənim adımla oxşayacaqsan...

Olacam evinin xəyal qonağı
Hər an gözlərinə görünəcəyəm.
Aşıb sərhədləri, qadağaları
Qəlbinin içində döyünəcəyəm.

İkili həyatdan usanıb bir gün
Sən məni çıraqla axtaracaqsan.
Quru divarlara dəyəcək əlin
Havasız evində boğulacaqsan...

Nə Tanrı təzədən verəcək məni
Nə də sən mənimlə rastlaşacaqsan.
Sevgidən o yana qalan ömrünü
Mənsiz yana-yana yaşayacaqsan.

***

Evimizin damı
Çökür sənsizliyə.
Ürəyim qar tumu
Səpir sənsizliyə.

Quş aparır dən-dən.
Torpaq udur qəm-qəm.
Ləçəkləri rəng-rəng,
Kökü sənsizliyə.

Çıxıb gedir dost da
Mələk də, şeytan da..
Şəklimi divarda
Çəkir sənsizliyə.
Çəkir sənsizliyə.

Getməyin neçə adı var..
Getməyin neçə adı var
Bu gediş su içimi.
Gedənin nə borcuna
Çatlayır bağrı içimin.

Qurd kimi ulayıb keçir.
Oğrudu talayıb keçir
Dərdlərin alayı keçir
Doğrayır sancı içimi.

Şeytandı, mələkdi bilməm
Gedib görməyincə ölməm
Göydən düşməyən üç alma
Yandırır yaxır içimi.

Dininə qurban dinsizim
Yoluna qurban yolsuzum
Günah dolu günahsızım
Yurd elə fağır içimi.
Qalır ...gedir adamlar

İlk şəkillərindən tanıyıram adamları,
Şəkil-şəkil payız olur, qış olur... solur,
dəyişir adamlar
Ən çox yaddaşı pozulur...
Sonra üstündən boş şeylər yazılır,
Başlayırlar boş quyuya daş atmağa...
boş-boş işlə baş qatmağa.
Son gedişlərindən tanıyıram adamları...
Bütün gəlişlər eyni olur...
həmişə
gəliş bir ayrı səhnə!
Gedişsə... eh,
gedişə çox şey mahna olur...
Ölümündən tanıyıram adamları...
Ölüm hər şeyə nöqtə qoyan son söz, son hökm...
son səs!..
Ölüm var yandırar...
Ölüm var qandırar...
Ölüm də var sındırar adamı...
...Şəkil-şəkil gəlir,
Səhnə-səhnə qalır,
Mahna-mahna gedir adamlar...

Yavaş-yavaş dağılırlar dostlarım
Biri elə, biri belə...
başımdan.
İpək kimi xasiyyətim olsa da,
Biri keçmir bircə gilə suçumdan..
Yerdə qalır...
heç bilmirəm nə qalır...
Yerdə qalan məni ümid biləndi.
Əsib keçir yel aparan sevgilər
Düşüb qalan könlümü səmt biləndi...

Bu gecə də haram oldu bal yuxum
Yazdım, pozdum, qaralmadı bir vərəq...
Kimsə varmı bu qapını bağlaya
Kimsə varmı hay deyəndə hay verə...

 





05.03.2019    çap et  çap et