525.Az

"Dinimiz - xalqımızın milli-mənəvi sərvətidir" müsabiqəsinin qalibləri mükafatlandırılıb


 

"Dinimiz - xalqımızın milli-mənəvi sərvətidir" müsabiqəsinin qalibləri mükafatlandırılıb<b style="color:red"></b>

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və "Kitabevim.az" Kitab Mağazalar Şəbəkəsinin birgə təşəbbüsü ilə təşkil olunan "Dinimiz - xalqımızın milli-mənəvi sərvətidir" oxu müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Azərbaycan İlahiyyat İnstitutunda keçirilən mərasimdə rektor Ceyhun Məmmədov tədbir iştirakçılarını salamlayaraq, dərin və hərtərəfli biliyə, praktik hazırlığa, yüksək mədəniyyətə, mütərəqqi dünyagörüşünə və güclü şəxsiyyətə malik mütəxəssislərin yetişdirilməsi istiqamətində ardıcıl təşkil olunan konfrans, seminar, layihə və proqramların xüsusi rol oynadığını nəzərə çatdırıb.

Rektor qeyd edib ki, İnstitutun əsas məqsədlərindən biri ümumbəşəri dəyərlərə dərindən yiyələnən, ailəsini, Vətənini, millətini sevən, onu daim ucaltmağa çalışan, müstəqil və yaradıcı düşünən, yüksək əxlaqi, mənəvi keyfiyyətlərə yiyələn tələbə mərkəzli ali təhsil ocağına çevrilməkdir. O, həmçinin bildirib ki, belə müsabiqələr gənclər arasında mütaliə mədəniyyətini formalaşdırır, kitaba olan sevgi və marağı artırır.

Müsabiqədə birinci yerin qalibi Aynur Qurbanova, ikinci yerin sahibi Qəzənfər Orucov, üçüncü yerin sahibi Gülüstan Şükürlü "Kitabevim.az" Kitab Mağazalar Şəbəkəsinin müvafiq hədiyyələri ilə mükafatlandırılıblar. Müsabiqədə Aytac Əhmədzadə və Aliyə Tağıyeva həvəsləndirici mükafatlara layiq görülüblər.

Məlumat üçün bildiririk ki, "Dinimiz - xalqımızın milli-mənəvi sərvətidir" müsabiqəsi Aİİ-nin rəsmi İnstagram səhifəsində təşkil olunub. Müsabiqə dini dəyərlərimizin qorunması, mütaliəyə marağın aşılanması, maariflənmə və oxuma mədəniyyətinin təbliği, zənginləşdirilməsi və inkişafını qarşısına məqsəd qoyub.

S.QARAYEVA

 





13.03.2019    çap et  çap et