525.Az

Berlində Almaniya Azərbaycanlıları Koordinasiya Şurasının iclası oldu


 

Berlində Almaniya Azərbaycanlıları Koordinasiya Şurasının iclası oldu<b style="color:red"></b>

Berlində Almaniya Azərbaycanlıları Koordinasiya Şurasının geniş iclası keçirilib. İclasda Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun başçılıq etdiyi nümayəndə heyəti də iştirak edib.

Komitədən verilən məlumata görə, iclasda F.Muradov diaspor siyasətinin prioritet istiqamətləri barədə danışıb və son bir ildə görülən işlərlə bağlı məlumat verib. Diaspor siyasətinin mühüm məqamlarını əks etdirən videoçarx nümayiş olunub.

Daha sonra Koordinasiya Şurasının hesabatı dinlənilib və şuranın İdarə Heyətinin sədri Yaşar Musayev görülən işlər barədə danışıb, gələcək planlarını diqqətə çatdırıb.

Dövlət başçısının sərəncamı ilə yaradılan və artıq fəaliyyətə başlayan Azərbaycan Diasporuna Dəstək Fondunun təqdimatı keçirilib. İcraçı direktor Elşad Əliyev fondun fəaliyyət istiqamətləri barədə danışıb.

Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktorunun müavini Aytən Əliyeva tədbir iştirakçılarını bu il Şamaxı şəhərində keçirilməsi nəzərdə tutulan “Nəsimi 650” Diaspor Gənclərinin II Yay Düşərgəsinin mahiyyəti və şərtləri barədə məlumatlandırıb.

Diaspor hərəkatı sahəsində mühüm addım kimi qiymətləndirilən və ikinci ildir ki, ölkəmizdə təşkil olunan Diaspor Gənclərinin Yay Düşərgəsi Almaniyada yaşayan azərbaycanlıların marağına səbəb olub.

Qeyd olunub ki, belə bir düşərgənin təşkili yeni nəsil Azərbaycan diasporu ilə işləmək üçün ən gözəl imkandır.

Sonda Azərbaycanın diaspor siyasəti, yol xəritəsində müəyyən olunan istiqamətlər üzrə iş planları və diaspor təşkilatlarının, onları birləşdirən koordinasiya şuralarının fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.

C.ABASOV

 





17.03.2019    çap et  çap et