525.Az

Prezident 431 məhkumun timsalında yüzlərlə ailəni sevindirdi


 

MİLLƏT VƏKİLLƏRİ PREZİDENTİN ƏFV SƏRƏNCAMINI HUMANİZMİN ZİRVƏSİ ADLANDIRDILAR

Prezident 431 məhkumun timsalında yüzlərlə ailəni sevindirdi<b style="color:red"></b>

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev Novruz bayramı ərəfəsində, martın 16-da əfv sərəncamı imzalayıb.

Sərəncamın icrası martın 17-si səhər saatlarında başlayıb, elə həmin gün də yekunlaşdırılıb. Qeyd edək ki, əfv sərəncamı 431 məhkuma şamil edilib.

Sərəncamla bağlı Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Naqif Həmzəyev “525”ə açıqlamasında deyib ki, Novruz bayramı ərəfəsində 431 ailəyə sevinc bəxş edən bu əfv sərəncamını yalnız alqışlamaq lazımdır: “Ölkə prezidenti bu sərəncamla növbəti dəfə minlərlə insanın, yüzlərlə ailənin sevincinə sevinc qatmış oldu. Odur ki, bu nəcib və humanist addımına görə cənab prezidentimizə seçicilərim adından minnətdarlığımızı bildirirəm”.

Elman Nəsirov: “Qanunları pozanlar baş verənlərdən ibrət götürürlər...”

Millət vəkili Elman Nəsirov da qeyd edib ki, Novruz bayramı ərəfəsində imzalanmış növbəti əfv sərəncamı ölkə prezidentinin humanizm prinsiplərinə sadiqliyini bir daha bütün dünyaya nümayiş etdirdi. Novruz bayramı ərəfəsində belə bir humanist addım atılmasının xüsusi məna və əhəmiyyət daşıdığını qeyd edən E.Nəsirov vurğulayıb ki, dövlət başçısı yüzlərlə ailəni sevindirib: “Vaxtilə cinayət törədərək azadlıqdan məhrum olunmuş bu insanlar əziz bayramı öz ailə üzvləri, yaxınları ilə birlikdə keçirəcəklər. Eyni zamanda, bu addımın böyük tərbiyəvi əhəmiyyəti də var. Keçmiş məhkumlara öz həyatlarını yenidən qurmaq, cəmiyyətə qovuşmaq imkanı verildi. Cinayət yolu tutanlar, qanunları pozanlar baş verənlərdən ibrət dərsi götürür və görürlər ki, barmaqlıqlar arxasına düşmək təkcə onların deyil, həm də bütöv bir ailənin faciəsidir”. 

Eldəniz Səlimov: “Əfv etmək və bağışlamaq müdrik dövlət adamlarına xas olan cəhətdir”

Digər millət vəkili Eldəniz Səlimov öz növbəsində qeyd edib ki, hələ 2003-cü ilin prezident seçkilərindən sonra keçirilən andiçmə mərasimində “hər bir azərbaycanlının prezidenti olacağam” deyən, dövlət başçısı son 10 ay ərzində ikinci dəfə böyük və tarixi əfv sərəncamı imzalamaqla, bir daha vədinin, sözünün üstündə durduğunu nümayiş etdirdi: “Yəni dövlət başçısı heç bir azərbaycanlıya, heç bir Azərbaycan vətəndaşına fərq qoymadığını, hətta, səhvə, xətaya, cinayətə yol vermiş insanları belə bağışlamaq, əfv etmək iradəsinə və qüdrətinə malik olduğunu əməlləri ilə sübut etdi və etməkdədir. Əfv etmək və bağışlamaq tək olan Allahımıza və onun Yer üzünə göndərdiyi xilaskar elçilərinə, müdrik dövlət adamlarına xas olan bir cəhətdir. Yalnız müdrik insanlar, müdrik dövlət rəhbərləri, güclü, ədalətli siyasi liderlər bağışlamağı və əfv etməyi bacarırlar. Ulu Öndərimizin humanizm, insanpərvərlik siyasətini 16 illik hakimiyyəti dövründə uğurla davam etdirən cənab prezident də məhz əfv etməyi və bağışlamağı bacaran uca könüllü dövlət rəhbəri, ölkə liderdir. Son addımı ilə dövlət başçımız bir daha bunu sübut etdi və nümayiş etdirdi. Hər bir azərbaycanlının prezidenti olan cənab İlham Əliyevə bu, son dərəcədə müdrik və humanist addımına görə minnətdarlığımı bildirir, azadlığa qovuşan insanlarımızı, onları yaxınlarını isə təbrik edirəm. Arzu edirəm və inanmaq istəyirəm ki, həmin insanlar onlara verilmiş bu tarixi şansı və fürsəti olduğu kimi və yaxşı şəkildə dəyərləndirəcək, bir daha səhvə, xətaya yol verməyəcəklər”. 

Gövhər Baxşəliyeva: “Prezidentimizin bu humanist addımını alqışlayıram”

Millət vəkili, akademik Gövhər Baxşəliyeva qeyd edib ki, ölkə prezidenti cəmiyyət tərəfindən səbrsizliklə gözlənilən əfv sərəncamı imzaladı və bununla da yüzlərlə ailəyə, minlərlə insana hədsiz sevinc bağışladı: “Prezident İlham Əliyevin əziz bayramımız Novruz öncəsi atdığı addım xalqımızın əsrlərlə formalaşmış mədəni ənənələrinə söykənən mənəvi böyüklüyün bariz nümunəsidir, yüksək humanizm aktıdır. Bunu təqdir etmək, yüksək dəyərləndirmək siyasi mənsubiyyətindən və sosial statusundan asılı olmayaraq hər bir vətəndaşın borcudur. Çox istərdim ki, bu əfv sərəncamı cəmiyyətimizdə sülh, birlik, həmrəylik və barış ab-havasını gücləndirsin, hər hansı narazılıqlar, um-küsü, qarşıdurmalar, qərəz, şər, böhtan geridə qalsın, xalqımızın bütün kəsimi siyasi baxışlarından asılı olmayaraq vahid ideya - azərbaycançılıq ətrafinda sıx birləşsin. Milli mənafelər və dövlətçilik maraqları hər şeydən üstün tutulmalıdır. Bu, çağdaş Azərbaycanımız üçün həyati əhəmiyyət daşıyan məsələdir. Milli birlik və ictimai-siyasi sabitlik hər vəchlə qorunmalıdır. Yol vermək olmaz ki hər hansı narazılıqlar və ya şəxsi ambisiyalar cəmiyyətimizi parçalasın, bundan da xalqımızı və ölkəmizi gözü götürməyən qüvvələr istifadə etsin. Əgər biz ümummilli mənafeni ən ümdə vəzifəmiz hesab ediriksə, siyasi ehtirasların cəmiyyəti parçalamasına imkan verməməli, vahid xalq olaraq Prezident İlham Əliyevin ətrafında sıx birləşərək irəliyə doğru getməliyik”. G.Baxşəliyeva qeyd edib ki, prezident bu əfv fərmanı ilə sübut etdi ki, hər bir vətəndaşımızın prezidentidir: “Cənab prezident bir daha bu əfv fərmanı ilə sübut etdi ki, ölkəmiz insan hüquq və azadlıqları prinsiplərinə sadiqdir və bu sahədə işlər müxtəlif islahatlar vasitəsi ilə daim təkmilləşir. Ölkəmizi, dövlətçiliyimizi qorumaq naminə xalqımız həmişə dövlətinin və prezidentinin yanında olduğunu sübut edib. Mən cənab prezidentimizin bu humanist addımını alqışlayır, ölkəmizin uğurlu gələcəyi naminə Ulu Tanrıdan ona can sağlığı arzulayıram”. 

Məlahət İbrahimqızı: “Bu əfv sərəncamı humanizmin zirvəsi sayıla bilər”

“Prezident İlham Əliyevin bu əfv sərəncamı humanizmin zirvəsi sayıla bilər. Bu, əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan humanizm, insanpərvərlik siyasətinin davamı, növbəti gözəl  nümunəsidir”. Bunu isə Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, millət vəkili Məlahət İbrahimqızı deyib. Millət vəkilinin bildirdiyinə görə, məlum sərəncamda məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, insan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxıldığı, məhkumların şəxsiyyətinin, səhhətinin, ailə vəziyyətinin, cəza çəkdikləri müddətdə davranışlarının nəzərə alınaraq, humanizm prinsiplərinə əsaslandığı qeyd edilib: “Bu əfv ərəncamı bütövlükdə 431 nəfərə şamil olunub ki, bu da minlərlə insanın sevinci, öz əzizlərinə qovuşması deməkdir. Yəni əfv sərəncamı təkcə bu 431 nəfərlə kifayətlənmir, həmin şəxslərin hər birinin ailəsi, övladları, valideynləri, qohum-əqrəbası var. Bu da yüzlərlə ailə, minlərlə insan deməkdir. Bu sərəncam həm də həmin insanların sevincinə sevinc qatmış, onları öz yaxınlarına, əzizlərinə qovuşdurmuş olacaq. Minlərlə insanımızın üzü gülmüş olacaq. Bu, nəticə etibarı ilə Azərbaycanda ədalətin, humanizmin təntənəsidir. Xüsusilə, xalqımız üçün çox əziz və əlamətdar anlardan biri olan Novruz bayramı ərəfəsində belə bir sərəncamın imzalanmasının xüsusi, ikiqat əhəmiyyəti, önəmi var. İnsanların bayram sevinclərinin üstünə növbəti sevinc gəlmiş olacaq. Ölkə prezidentinə bu nəcib addımına, böyük humanizminə və insanpərvərliyinə görə minnətdarlığımızı bildirir, ona Azərbaycan naminə fəaliyyətində növbəti uğurlar arzu edirik”. 

Elmira Axundova: “Prezident növbəti dəfə böyüklük göstərərək yüzlərlə ailəni, minlərlə insanı sevindirdi”

Əfv Komissiyasının digər üzvü, Xalq yazıçısı Elmir Axundova da prezidentin son sərəncamını çox müsbət və düşündürücü bir sərəncam hesab etdiyini bildirib: “Əvvəla, mən əfv sərəncamı nəticəsində azadlığa çıxan insanların, onların ailə üzvlərinin hər birini təbrik edirəm, gözaydınlığı verirəm. Eyni zamanda, öz adımdan və Komissiya üzvləri adından cənab prezidentə dərin minnətdarlığımızı bildirirəm. Minnətdarlıq edirəm ki, növbəti dəfə böyüklük, humanistlik göstərərək belə bir addıma getdi, yüzlərlə ailəni, minlərlə insanı sevindirdi. Həmçinin, üzvü olduğum Komissiyanın üzvlərinə minnətdarlığımı bildirirəm. Çünki onlar ötən bu müddət ərzində çox gərgin işləyiblər. Komissiya üzvlərindən elələri var ki, vaxtları olmadığı zamanlarda belə, vaxt, zaman ayırıb Komissiyanın iclaslarında, müraciətlərə baxılmasında və onların araşdırılmasında yaxından iştirak ediblər. Mən həmçinin, insanlarımızı sakitləşdirmək istəyirəm. Çünki bəzi insanlar var ki, dərhal təlaş keçirir, bildirirlər ki, ölkədə yenə cinayətkarlığın səviyyəsi artacaq və sair və ilaxır. Onları xatircəm etmək istəyirəm ki, heç bir narahatçılıq, təlaş keçirməsinlər. Çünki heç bir qatı cinayətkar, bu və ya digər insanı amansızlıqla, qəddarlıqla qətlə yetirmiş heç bir xüsusi təhlükəli məhkum əfv edilmir və edilməyib. Yəni əfv edilərək, azadlığa çıxan insanlar cəmiyyət üçün qorxulu deyillər. Məsələn, hansısa mübahisə nəticəsində adam öldürmüş və ya qəza törədərək, insan həyatına son qoymuş məhkumlar var ki, onlar bunu qəsdən, bilərəkdən etməyiblər. Düzdür, cinayətə yol veriblər, ancaq həmin öldürülən insanların qohumları, yaxınları tərəfindən bağışlanılıblar, əfv ediliblər. Və yaxud, qohumlar, tanışlar arasında yaşanan mübahisələr nəticəsində baş vermiş hadisələrlə bağlı məhkumluq həyatı yaşayan insanlar var ki, onlar da cəmiyyət üçün təhlükə törətmirlər. Onlar da bilmədən, istəmədən bu cinayətin bir növ qurbanına çevriliblər. Odur ki, onların da azadlığa çıxması insanlarımız, cəmiyyətimiz üçün təhlükə yaratmır. Bununla yanaşı, xırda, yüngül xuliqanlıq hərəkətlərinə yol verən məhkumlar var ki, onların da cəmiyyət üçün elə bir təhlükəsi yoxdur. Bu baxımdan, insanlarımızı sakitləşdirmək istəyirəm ki, burada hansısa qatı, təhlükəli cinayətkarın əfvindən söhbət getmir və gedə də bilməz”.

Kamil HƏMZƏOĞLU

 





18.03.2019    çap et  çap et