525.Az

Elçin Əhmədov: “Qlobal Bakı Forumu mühüm beynəlxalq platformaya çevrilib”


 

“ƏSRLƏR BOYU BÜTÜN MƏDƏNİYYƏTLƏR, DİNLƏR VƏ ETNİK QRUPLARIN NÜMAYƏNDƏLƏRİ AZƏRBAYCANDA SÜLH VƏ TƏHLÜKƏSIZLİK ŞƏRAİTİNDƏ BİR AİLƏ KİMİ YAŞAYIBLAR”

Elçin Əhmədov: “Qlobal Bakı Forumu mühüm beynəlxalq platformaya çevrilib”<b style="color:red"></b>

“Azərbaycan sivilizasiyaların, mədəniyyətlərin və dinlərin kəsişməsində, eləcə də coğrafi baxımdan Avropa ilə Asiya arasında yerləşir. Bu coğrafi yerləşmə Azərbaycanın mədəni müxtəlifliyində öz rolunu oynayır. Əsrlər boyu bütün mədəniyyətlər, dinlər və etnik qrupların nümayəndələri Azərbaycanda sülh və təhlükəsizlik şəraitində bir ailə kimi yaşayıblar. Son vaxtlar təcridolunma, ayrı-seçkilik, ksenofobiya, islamofobiya, antisemitizm kimi təhlükəli amillər baş qaldırıb ki, onlar artıq müasir dövrdə sivilizasiyaların və xalqların fəlakətinə səbəb olub”.

Bu fikirləri “525”ə açıqlamasında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru, “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədr müavini Elçin Əhmədov deyib. O bildirib ki, Azərbaycan artıq sivilizasiyalararası dialoqun, multikulturalizmin, siyasi, iqtisadi, humanitar və digər sahələrdə qlobal məsələlərin müzakirə olunduğu mərkəzə çevrilib: “Bakıda keçirilən mötəbər tədbirlər Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunu xeyli artırıb. Belə mötəbər tədbirlərdən biri də aktual xarakterli qlobal məsələlərin müzakirə edildiyi, martın 14-16-da keçirilən VII Qlobal Bakı Forumudur. Forumun işində 55 ölkədən 500-dən çox nümayəndə iştirak edib. “Dünyanın yeni xarici siyasəti” mövzusunda keçirilən tədbirdə fəaliyyətdə olan 5 prezident, 1 baş nazir, 2 baş nazirin müavini, 42 sabiq dövlət başçısı və baş nazirlər, çoxsaylı analitiklər, jurnalistlər, gənc liderlər iştirak ediblər. Forumda 10 müxtəlif sessiya zamanı iştirakçılar tərəfindən qlobal və regional əhəmiyyət daşıyan məsələlər müzakirə olunub. Dünyada mühüm beynəlxalq platformaya çevrilən Qlobal Bakı Forumu çərçivəsində beynəlxalq əhəmiyyət daşıyan məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Bu mövzular arasında “Qlobal siyasətin dəyişməsində böyük güclərin rolu”, “Davamlı inkişaf çağırışları”, “Təhlükəsizlik naminə orta Şərq əməkdaşlığı”, “Müasir qərarların qəbul edilməsində elm və mədəniyyətin rolu” və digərləri mühüm aktuallıq kəsb edir”.

E.Əhmədov vurğulayıb ki, Azərbaycan prezidenti İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən VII Qlobal Bakı Forumu qlobal gündəlikdə duran aktual məsələlərlə məşğul olan ən mühüm beynəlxalq platformalardan biridir: “Prezident İlham Əliyev forumun açılışındakı dərin məzmunlu çıxışında bildirib ki, əvvəlki forumların mövzuları qlobal məsələlərin bugünkü gündəliyini əks etdirir: “Qlobal gündəlikdə çox sayda beynəlxalq tədbir, konfrans var. Lakin keyfiyyət iştirakçıların siyahısına, onların təcrübəsinə və intellektual potensialına görə ölçülür. Bu səbəbdən, mən düşünürəm ki, Qlobal Bakı Forumunun dünya xəritəsində nadir yeri var. Əminəm ki, qarşıdakı günlərdə müzakirə olunacaq məsələlər beynəlxalq münasibətlərin gələcəyi, dünyanın gələcəyi ilə bağlı qərar verənlərin diqqətini cəlb edəcək”. Dövlət başçısı Azərbaycanın xarici siyasəti barədə danışarkən qeyd edib ki, regionda, dünyada vəziyyət dəyişir və biz xarici siyasət təşəbbüslərimizi dəyişən dünyaya uyğunlaşdırırıq. Lakin bizim xarici siyasətimiz əsas etibarilə sabit, proqnozlaşdırıla bilən və müstəqildir, eləcə də milli maraqlarımıza əsaslanır. Prezident İlham Əliyev diqqətə çatdırıb ki, tərəfdaşlıq, qarşılıqlı faydalı əməkdaşlıq vasitəsilə regionumuzda və daha geniş coğrafiyada təhlükəsizlik, sabitlik istiqamətində ölkələrlə yaxın əlaqələrin qurulması Azərbaycanın prioritetlərindən biridir: “Düşünürəm ki, biz ənənəvi tərəfdaşlarımızla əlaqələrimizi gücləndirməyə, yeni dostlar qazanmağa, yeni körpülər tikməyə müvəffəq olmuşuq. Əlbəttə ki, istənilən ölkə, o cümlədən, Azərbaycan üçün qonşularla münasibətlərin qurulması əsas prioritetdir. Bu mənada, sonuncu forumdan bəri bizim əlaqələrimiz güclənib. Biz qonşularımızla qarşılıqlı maraqlara, qarşılıqlı hörmətə əsaslanan çox məhsuldar işçi münasibətlər qurmuşuq. Bu, nəqliyyat, enerji təhlükəsizliyi, ticarət və investisiya sahələrində daha çox körpü qurmağa kömək edir. Bu səbəbdən, bizim qonşu ölkələrlə ənənəvi əlaqələrimiz regional təhlükəsizliyi təmin edir”.

Professorun sözlərinə görə, forumda regional təhlükəsizlikdən danışan dövlətimizin başçısı xüsusi vurğulayıb ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğalı davam edir və bu işğal nəticəsində Azərbaycanın tarixi hissəsi olan Dağlıq Qarabağ və ölkəmizin digər 7 rayonu işğal altındadır, bir milyondan çox qaçqın və məcburi köçkün işğaldan əziyyət çəkir, eləcə də xalqımız etnik təmizləməyə məruz qalıb. Azərbaycan prezidenti deyib ki, işğal olunmuş ərazilərdəki bütün tarixi abidələrimiz Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılıb və bu, işğal olunmuş ərazilərə iki dəfə faktaraşdırıcı missiya göndərmiş ATƏT-in hesabatında öz əksini tapıb. Azərbaycan torpaqlarının işğalını beynəlxalq hüququn, əsas beynəlxalq təşkilatların müvafiq qətnamələrinin və qərarlarının kobud şəkildə pozulduğunu diqqətə çatdıran dövlət başçısı qeyd edib ki, BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib və onlar Ermənistan tərəfindən yerinə yetirilmir: “BMT Baş Assambleyası, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Qoşulmama Hərəkatı və digər təşkilatlar oxşar qətnamə və qərarlar qəbul ediblər. Onlar beynəlxalq hüquqa, ədalətə əsaslanır və münaqişənin sülh yolu ilə həlli üçün hüquqi baza yaradır. Status-kvo qəbuledilməzdir. Danışıqları təşkil etmək üçün mandata sahib olan ATƏT-in Minsk qrupu ölkələrinin prezidentləri dəfələrlə bəyan ediblər ki, status-kvo qəbuledilməzdir və biz bunu tam dəstəkləyirik. Status-kvo dəyişməlidir və bunu etmək üçün Ermənistan öz qoşunlarını Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarmağa başlamalı, qaçqın və məcburi köçkünlərə öz evlərinə qayıtmağa imkan yaratmalıdır. Ermənistan hökuməti danışıqların formatını dəyişmək üçün cəhdlər edib və biz hələ də bu cəhdləri görürük. Bu, tamamilə qəbuledilməz və qeyri-effektivdir. Biz bunu danışıqlar prosesini əngəlləmək cəhdi hesab edirik”.

“Prezident İlham Əliyev onu da vurğulayıb ki, multikulturalizm Azərbaycanın dövlət siyasətidir və ölkəmiz dünyada multikulturalizm mərkəzlərindən biri kimi tanınır. Azərbaycanda dinlərarası, mədəniyyətlərarası münasibətlərin nə qədər düzgün tənzimlənməsi bu gün dünya üçün artıq bir nümunədir. Bu baxımdan Azərbaycanın nümunələri öyrənilməklə bir sıra addımlar atılıb, mədəniyyətlərarası və dinlərarası dialoqla əlaqədar son illər Azərbaycanda bir sıra mühüm əhəmiyyətli tədbirlər keçirilib, beynəlxalq elmi konfranslar, genişmiqyaslı forumlar - mədəniyyətlərarası dialoq forumu, dünya dini liderlərinin forumu, BMT Sivilizasiyalar Alyansının forumu, Bakı Humanitar Forumu və bir çox başqa beynəlxalq tədbirlər təşkil edilib. Məhz 2008-ci ildə də “Bakı Prosesi” ölkəmizin təşəbbüsü ilə başlayıb və bu gün mədəniyyətlərarası və sivilizasiyalararası dialoq, multikulturalizmə aid məsələlər “Bakı Prosesi”nə daxildir. Prezident İlham Əliyev diqqətə çatdırıb ki, qlobal təhlükəsizlik üçün mühüm əhəmiyyət kəsb edən daha bir sahə enerji sektorudur və Azərbaycan enerji təhlükəsizliyinə çox investisiya yatırır, eləcə də aparıcı enerji şirkətləri ilə bizim birgə layihələrimiz həm xalqımıza, ölkəmizə fayda verir, həm də Azərbaycanda, qonşu ölkələrdə on minlərlə iş yeri yaradır ki, bu da beynəlxalq tərəfdaşlığa gətirib çıxarır”, - deyə E.Əhmədov qeyd edib.

Siyasi elmlər doktoru əlavə edib ki, ölkəmizdə keçirilən belə mühüm əhəmiyyət kəsb edən tədbirlərin məqsədi xalqlar, dövlətlər və sivilizasiyalar arasında dialoq imkanlarını genişləndirmək, cəmiyyətdə sülh, əmin-amanlıq və müasir dünyamızda müzakirə olunan ən aktual məsələlər ətrafında fikir mübadiləsi aparmaq, milli özünəməxsusluğu saxlamaqla bəşəri-mədəni dəyərləri mənimsəməkdən ibarətdir.

Ceyhun ABASOV

 





18.03.2019    çap et  çap et