525.Az

Humanizmin, mərhəmətin növbəti parlaq nümunəsi


 

PREZİDENTİN İMZALADIĞI SONUNCU ƏFV SƏRƏNCAMI HƏM DƏ CƏMİYYƏTDƏ BARIŞA, ANLAŞMAYA YÖNƏLMİŞ BİR ADDIM KİMİ QİYMƏTLƏNDİRİLİR

<b style="color:red">Humanizmin, mərhəmətin növbəti parlaq nümunəsi</b>

Azərbaycan prezidenti İlham Əliyevin martın 16-da imzaladağı məhkum olunmuş bir sıra şəxslərin əfv edilməsi barədə sərəncamı təkcə azadlığa çıxmış şəxslərin ailə üzvləri, yaxınları deyil, bütün cəmiyyət tərəfindən çox yüksək qiymətləndirilir. Xüsusilə, Novruz bayramı ərəfəsində belə bir sərəncamın imzalanması həmin insanlar üçün əsl bayram hədiyyəsi oldu.

Xatırlatmaq yerinə düşər ki, Azərbaycanda əfv sərəncamlarının imzalanması ənənə halını alıb. Ölkəmiz üçün mühüm əlamətdar günlərdə, bayramlar ərəfəsində dövlət başçısı tərəfindən imzalanan bu cür sərəncamlar çoxsaylı ailələrə sevinc bəxş edir. Azərbaycanda bu humanist ənənənin əsasını isə Ümummilli lider Heydər Əliyev qoyub. Ulu öndər hakimiyyətə gəldikdən sonra əfv və amnistiya təsisatları yaradıldı, 1995-2003-cü illərdə 7 amnistiya aktı və 32 əfv fərmanı qəbul edildi. Bu amnistiya aktları 77 mindən çox insana şamil edilib, bunlardan 21325 nəfəri cəzasının çəkilməmiş hissəsindən azad olunub. Ulu öndər tərəfindən imzalanan əfv fərmanları ilə üç mindən artıq şəxs bağışlanaraq cəzalarından azad ediliblər. Heydər Əliyev böyük humanistlik nümayiş etdirərək imzaladığı əfv fərmanları ilə 1994-1995-ci illərdə dövlət çevrilişi cəhdlərində iştirak edən insanların da bir qismini bağışladı.

Məhz Heydər Əliyevin humanizminin nəticəsi olaraq ölkəmizdə ölüm hökmü də aradan qaldırıldı və Azərbaycanın adı Şərqdə ilk olaraq bu cəzanı ləğv edən ölkə kimi tarixə düşdü. Əvvəlcə ölüm hökmü üzərində moratorium qoyuldu, 1998-ci ildə isə bu cəza tamamilə ləğv edildi.

2003-cü ildə xalqın böyük etimadını qazanaraq prezident seçilən İlham Əliyev ümummilli liderin əsasını qoyduğu humanizm ənənələrini yüksək səviyyədə davam etdirərək, bir sıra əfv və amnistiya barədə sərəncamlar imzalayıb.

2007-ci ildə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə Milli Məclisin qəbul etdiyi "Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş amnistiya haqqında" qərar da ulu öndərin əsasını qoyduğu humanizm ənənələrinin davamının əyani təcəssümü idi. Ulu öndərin anadan olmasının 84 illiyi münasibətilə qəbul edilən amnistiya qərarı ilə 9 mindən artıq məhkum bağışlanıldı. Ümumiyyətlə, sonuncu 4 amnistiya aktı (2007, 2009, 2013, 2016) Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın irəli sürdüyü təşəbbüslər nəticəsində qəbul edilib. 2016-cı ilin amnistiya aktı 10.000-dən çox məhkumu əhatə edib, 3.000-ə yaxın şəxs penitensiar müəssisələrdən buraxılıb.

Dövlət başçısnın imzaladığı sonuncu əfv fərmanı isə həm öz məzmunu, həm əhatə dairəsi ilə fərqlənir. Sənədin bir fərqliliyi də bəzi hüquq müdafiə təşkilatlarının siyahısında olan şəxslərin azad edilməsidir. Həmin siyahılarda olan 50 nəfərdən çox şəxs prezident tərəfindən əfv olunub. Qeyd edək ki, sayca 33-cü olan bu sərəncam ümumilikdə 431 məhkuma şamil edilib, onlardan 399-u azadlıqdan məhrumetmə cəzasından azad edilib.

Prezident İlham Əliyev 2003-cü ildən bu yana əfv haqqında 33 fərman və sərəncam imzalayıb, onların əsasında isə 5 minə yaxın məhkum əfv olunub, o cümlədən, 4.500-dən çox şəxs azadlığa buraxılıb. Təkcə 2018-ci il 24 may tarixli sərəncamla 634 şəxs əfv olunub.

Sonuncu əfv sərəncamı həm də cəmiyyətdə barışa, anlaşmaya, etimad mühitinin möhkəmlənməsinə yönəlmiş bir addım kimi qiymətləndirilə bilər. Azərbaycan prezidentinin 2019-cu il başlayandan verdiyi bütün qərarlar vətəndaşlar tərəfindən çox yüksək dəyərlənirilib. Dövlət başçısı özü də bu ilin fərqli, sürətli islahatlar ili olacağını bəyan etmişdi. Atılan addımlar, qəbul edilən hər bir qərar məhz Azərbaycan vətəndaşının daha yaxşı yaşaması, sosial rifahının artması, cəmiyyətdə barışın, anlaşmanın daha da gücləndirilməsinə yönəldilib. Təbii ki, xalqımız bütün bunları görür, dəyərləndirir və öz prezidentini dəstəkləməkdə, ona inanmaqda, etimad göstərməkdə davam edir.

Ölkə prezidentinin imzaladığı əfv sərəncamı xarici qurumlar, ekspertlər tərəfindən də alqışlanır. Avropa İttifaqının bəyanatında Novruz bayramı münasibəti ilə imzalanan sərəncam müsbət qiymətləndirib.

Bəyanatda qeyd olunur ki, Aİ gələcəkdə də Azərbaycandan bu kimi addımlar gözləyir: "Avropa İttifaqı Azərbaycanla ikitərəfli münasibətlərin mühüm elementi olan insan haqları sahəsi də daxil olmaqla, əməkdaşlığın genişləndirilməsi işində qarşılıqlı fəaliyyəti davam etdirəcək".

Mövzu ilə bağlı fikirlərini açıqlayan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib ki, Prezident İlham Əliyevin imzaladığı növbəti əfv sərəncamı humanizm siyasətinin daha bir parlaq nümunəsidir. Bu, ulu öndər Heydər Əliyevin humanizm siyasətinin davamıdır. S.Fətəliyeva bildirib ki, dövlət başçısı ənənəvi olaraq, bayram günləri, bir sıra əlamətdar tarixi günlər öncəsi imzaladığı əfv sərəncamları ilə xeyli sayda insanı azadlığa qovuşdurur. Onun sözlərinə görə, ardıcıl olaraq dövlət başçısı tərəfindən əfv sərəncamlarının verilməsi istər humanizm, istər əxlaqi, istərsə də cəmiyyətdaxili harmoniyanın qorunması baxımından böyük önəm daşıyır. “Budəfəki əfv sərəncamı 431 nəfərə şamil olundu. Humanist addımlar mahiyyət etibarilə insanlarda yeni hiss və vərdişlərin formalaşmasına, insani dəyərlərin möhkəmlənməsinə təsir göstərir. Yəni cinayət törədən şəxslərin qanunla müəyyənləşdirilmiş qaydada layiq olduqları cəzanı almaqdan azad edilməsi insana dərin mənəvi keyfiyyətlər aşılamaq gücündədir.

Dövlətin belə məhkumlara etimad göstərərək onları əfv etməsi həmin insanların özlərinə olan inamını artırır, gələcəkdə öz həyatlarını qanunlara hörmət çərçivəsində davam etdirərək, ölkənin layiqli vətəndaşı olmağa həvəsləndirir. Bu, həm də onların cəmiyyət tərəfindən daha tez qəbul olunması və özlərinə layiqli yer tapmasına da şərait yaradır" - deyə, S.Fətəliyeva vurğulayıb.

Millət vəkili qeyd edib ki, dövlətin humanist siyasətini xalq yüksək qiymətləndirir və bu da əhalinin ölkə rəhbərliyinə olan etimadını daha da artırır. Nəticədə, cəmiyyətdə qarşılıqlı hörmət və rəğbət, habelə qanunçuluq prinsiplərinə söykənən vətəndaş-dövlət münasibətləri formalaşır: “Əfv sərəncamının Novruz bayramı öncəsi imzalanması isə cəmiyyətdə xüsusi əhval-ruhiyyə yaradan hadisədir. Çünki bayramları, əlamətdar günləri yaxınları, əzizləri ilə keçirmək hər bir insanın arzusudur. Qarşıdan Novruz bayramının yaxınlaşdığını nəzərə alsaq, əfv olunan vətəndaşların evlərində bayram sevincinin ikiqat hiss olunacağı şübhəsizdir. Beləliklə, ölkə prezidenti İlham Əliyevin imzaladığı növbəti əfv sərəncamı dövlətimizin humanizm siyasətinin parlaq nümunəsidir. Eyni zamanda, bu sərəncam Azərbaycan dövlətinin humanizm prinsiplərinə, demokratik dəyərlərə sadiqliyini bir daha təsdiqləyir”.

Hüquq müdafiəçisi Sahib Məmmədov bildirib ki, son 10 ayda prezidentin imzaladığı iki əfv sərəncamı ilə 1065 nəfər əfv edilib, bu isə çox mühüm bir göstərici, humanizm aktıdır: “Ötən il 24 mayda əfv olunanların sayı 634 nəfər idi. Əfv bir institut olaraq iki hüququ əhatə edir. Biricisi, cəza çəkən şəxslərin bağışlanması üçün müraciət hüququdursa, ikincisi bağışlamaq hüququdur. İkinci hüququ müstəsna hüququdur və bir qayda olaraq dövlətlərin ali rəhbərinə məxsus olur. Prezident İlham Əliyev bu müstəsna Konstitutsion hüququndan maksimum istifadə edir. Mən bir insan hüquqlarını müdafiə edən şəxs kimi bunu alqışlayıram. Azadlığa çıxanları təbrik edirəm, dövlət başçısına isə təşəkkürümü bildirirəm.

“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev isə deyib ki, Prezident İlham Əliyev daim ölkəmizdə humanizm və mərhəmət prinsiplərinin əsas götürülməsi istiqamətində müxtəlif qərarlar qəbul edib. Çünki dövlətimizin başçısının fəaliyyəti ədalətə, humanizm və mərhəmət prinsiplərinə söykənir. O bildirib ki, dövlətimizin başçısının 2003-cü ildən bu günə qədər qəbul etdiyi hər bir qərarda, imzaladığı sənədlərdə Azərbaycan prezidentinin siyasi iradəsinin şahidi oluruq. İlin əvvəlindən sosial sahədə mühüm fərman və sərəncamların, eləcə də 431 nəfərin əfv edilməsi ilə bağlı sərəncamın imzalanması dövlət başçısının öz fəaliyyətində ədalət, humanizm və mərhəmət prinsiplərinə əsaslandığını göstərir. Ekspert bildirib ki, bu, Prezident İlham Əliyevin indiyədək imzaladığı 34-cü, ümumiyyətlə isə Azərbaycanda sayca 65-ci əfv sərəncamıdır: “Ölkəmizdə indiyədək imzalanan əfv sərəncamları ümumilikdə 8 minə yaxın şəxsi əhatə edib. Onların mütləq əksəriyyəti azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən azad olunublar. Sonuncu sərəncamda ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş üç nəfərin cəzası müddətli azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənib. Bu, sərəncam ümumilikdə yüzlərlə ailəyə, minlərlə insana sevinc bəxş etdi. Ən mühüm məsələlərdən biri də hüquq-müdafiə təşkilatlarının müraciətləri əsasında 52 nəfərin əfv olunmasıdır. Bu, olduqca böyük göstəricidir. Bu, həm də dövlətimizin başçısının Azərbaycan Respublikasının bütün vətəndaşlarına humanizm və mərhəmət prinsipləri əsasında yaxınlaşmasının göstəricisidir. Digər bir məsələ ondan ibarətdir ki, bütövlükdə əfv sərəncamları Cinayət Məcəlləsinin bu və digər maddələrinin demək olar hamısını əhatə edib. Təbii ki, burada vacib məqam məhkumun şəxsiyyəti, onun davranışları, ümumi vəziyyəti, zərərçəkmişin mövqeyi, ailə vəziyyəti, səhhəti və s. amillər nəzərə alınaraq, obyektiv qərarların qəbul olunmasıdır. Bütün müraciətlər əfv komissiyasında diqqətlə və obyektiv qaydada araşdırılıb. Siyahıda azad edilmiş şəxslərə baxdıqda, cəmiyyətin müxtəlif təbəqələrinə aid şəxslərin olduğunu görə bilərik. Bu da humanizmin, mərhəmətin təzahürüdür. Bu onu göstərir ki, Azərbaycan dövləti hər zaman öz vətəndaşının qayğısına qalır”.

PƏRVANƏ

 





19.03.2019    çap et  çap et