525.Az

Prezidentin imzaladığı əfv sərəncamı yüksək qiymətləndirilir


 

“MƏHKUM EDİLMİŞ ŞƏXSLƏRİN ƏFV EDİLMƏSİ BÖYÜK HUMANİZMDİR”

Prezidentin imzaladığı əfv sərəncamı yüksək qiymətləndirilir<b style="color:red"></b>

Prezident İlham Əliyevin martın 16-da imzaladığı növbəti əfv sərəncamı cəmiyyətdə böyük sevinclə qarşılandı. Məhkum edilmiş bir sıra şəxslərin yenidən azadlıqlarına qovuşması Novruz bayramı ərəfəsində onların ailələri üçün əsl hədiyyə oldu.

Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 399 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bundan başqa, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş üç nəfərdən birinin cəzası 25, iki nəfərinki isə 20 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənib. Azadlıqdan məhrum etmə cəzasına məhkum olunan və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad edilib. Həmçinin, azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 11 nəfər cəzadan azad olunub. Eləcə də azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş bir nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Üç nəfər islah işləri cəzasından, bir nəfər ictimai işlər cəzasından, 12 nəfər isə cərimə cəzasından azad edilib.

Prezident İlham Əliyevin məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, insan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının müracitələrinə baxaraq məhkumların şəxsiyyətinin, səhhətinin, ailə vəziyyətinin, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alıb imzaladığı əfv sərəncamı cəmiyyətin müxtəlif təqəbələrinin, eləcə də beynəlxalq təşkilatların yüksək rəğbəti ilə qarşılanıb, humanist aksiya kimi qiymətləndirilib.

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən əfv sərəncamının imzalanması artıq ənənə halını alıb və belə sərəncamların hər biri yüzlərlə vətəndaşımızın ailələrinə sonsuz sevinc bəxş edib. O, “Trend”ə bildirib ki, məhkum edilmiş şəxslərin əfv edilməsi hər şeydən əvvəl böyük humanizmdir: “Buna paralel olaraq həm də Azərbaycanda həyata keçirilən davamlı hüquqi islahatlar cəza siyasətinin humanistləşdirilməsi üçün şərtlər formalaşdırır, xüsusi təhlükəli hallar istisna olmaqla cəzanın yüngülləşdirilməsi imkanları yaradır. Budəfəki sərəncamla 400-dən çox vətəndaşımız əfv edildi. Əfv olunanlar arasında xarici ölkə vətəndaşları da var. Əfvetmə cəmiyyətimizdə, ictimai rəydə olduqca müsbət hadisə kimi qarşılandı və şübhəsiz ki, ümumi ictimai həmrəylik baxımından əlamətdar hadisəyə çevrildi”.

Deputat əlavə edib ki, hər bir cəmiyyətdə ayrı-ayrı fərdlər və sosial təbəqələr bəzən hüququ texniki baxımdan özünəməxsus şəkildə şərh edir və elə ona uyğun olaraq da dərk edirlər: “Məhkəmə hüquq sistemi nə qədər adil olursa-olsun, hüquqi qərarlar bəzən subyektiv prizmadan yozulur. Əfv sərəncamları həm də bu məsələdə ümumiləşdirici və birləşdirici funksiya yerinə yetirməklə ümumi münasibətlər sistemində müsbət hal kimi assosiasiya olunur. Əlbəttə, bu faktor da vacibdir və pozitiv əhvali-ruhiyyə yaratmaq baxımından əhəmiyyətlidir. Məsələnin ən mühüm tərəflərindən biri də əfvin Azərbaycan prezidentinin siyasi iradəsi və xalqımızın humanist ənənələrinə söykənməsi əsaslarında baş tutmasıdır. Azərbaycan hakimiyyəti bunu müstəqil siyasi iradəsinə söykənərək edir və bu zaman hələ 1995-ci ildə qəbul edilmiş Konstitusiyamızın yaratdığı hüquqi fəlsəfəyə istinad edir. Ona görə də Azərbaycan cəmiyyətində vaxtaşırı əfv olacağı ilə bağlı bir gözlənti olur və bu da insanlarda həmişə ümid yaradır. Məhkum edilmiş şəxlər isə bu hadisəni öz səhvlərini bir daha təkrar etməmək üçün fürsət kimi görürlər. Beləliklə, əfv hadisəsi hüquqi cəzadan da artıq tərbiyəedici vasitəyə çevrilir. Ona görə də imzalanan hər əfv sərəncamı cəmiyyətimiz və məhkumluqdan azad edilənlər üçün sözün həqiqi mənasında əlamətdar hadisəyə çevrilir”.

“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev isə bildirib ki, Prezident İlham Əliyevin Novruz bayramı ərəfəsində imzaladığı əfv sərəncamı ilk növbədə dövlət başçısının humanizm siyasətinin bariz göstəricisidir: “Bu siyasət artıq ənənə halını alıb və Novruz bayramı ərəfəsində əfv sərəncamının 431 nəfərə şamil olunması həmin siyasətin bariz sübutudur. Prezident İlham Əliyev yürütdüyü siyasətdə daim insan amilinin prioritet təşkil etdiyini vurğulayır. Bu baxımdan humanizm prinsipinə söykənən əfv sərəncamları da sözügedən faktoru tamamlayır. Artıq Novruz bayramı ilə əlaqədar prezident əfv sərəncamı imzaladı və bu, kifayət qədər insana şamil olundu ki, onlar da bu bayramı öz evlərində, isti ailə ocaqlarında keçirsinlər”.

B.Quliyev vurğulayıb ki, Prezident İlham Əliyevin yürütdüyü və sosial ədaləti təmin edən humanizm siyasəti davam edəcək: “Artıq vətəndaşlar da şahiddir ki, prezident xalqın yanındadır və hər an hər bir problemi şəxsən həll etməyə hazırdır. Bu gün məhbus ailələrini sevindirən İlham Əliyev sözügedən əfv sərəncamı ilə öz ardıcıl humanist siyasətini bir daha nümayiş etdirdi”.

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman) Aparatının rəhbəri, hüquq üzrə fəlsəfə doktoru Aydın Səfixanlı isə qeyd edib ki, əfv sərəncamlarının verilməsi dövlətin üzərinə qoyulmuş bir vəzifə deyil. Bu, dövlətin humanist, insan hüquqlarına hörmət siyasətinin təzahürüdür.

A.Səfixanlı bildirib ki, azadlıq hər bir insanın doğulduğu andan təbii və ayrılmaz hüququdur və beynəlxalq hüquq normalarında azadlıq hüququ əsas insan hüquqları sırasında özünəməxsus mühüm yer tutur: “İnsan hüquq və azadlıqlarının müdafiəsi sahəsində mövcud beynəlxalq sənədlərin iştirakçısı olan Azərbaycanda həyata keçirilən demokratik hüquqi islahatlar nəticəsində insan hüquq və azadlıqlarının qorunması və daha da inkişaf etdirilməsi istiqamətində mühüm irəliləyişlər əldə olunub”.

Ombudsman Aparatının rəhbərinin sözlərinə görə, insan hüquq və azadlıqlarına hörmət, ehtiramın nəticəsidir ki, ölkəmizdə qısa müddətdə ümumilikdə 11 amnistiya aktı qəbul olunub, 65 əfv fərman və sərəncamı imzalanıb, bunun nəticəsində minlərlə insan cəzadan azad edilərək cəmiyyətə və ailələrinə qovuşub. O vurğulayıb ki, bu əfv sərəncamında Azərbaycanın insan hüquqları üzrə müvəkkilinin ölkə başçısına ünvanladığı vəsatətlər də nəzərə alınaraq bir qrup məhkum əfv edilib. Müvəkkilin fəaliyyəti dövründə onun vəsatəti ilə ümumilikdə 692, 2019-cu il 16 mart tarixli son sərəncamla isə 54 məhkum əfv edilib.

Qeyd edək ki, martın 17-də əfv sərəncamı tam icra olunub.

Ceyhun ABASOV

 





19.03.2019    çap et  çap et