525.Az

Bakı Forumu qlobal məsələlərin səmərəli müzakirəsi üçün mühüm tədbirə çevrilib


 

Bakı Forumu qlobal məsələlərin səmərəli müzakirəsi üçün mühüm tədbirə çevrilib<b style="color:red"></b>

"VII Qlobal Bakı Forumu artıq dünyada sülh və birgəyaşayışın əhəmiyyətinin bir daha ifadə olunduğu, həlli tələb olunan qlobal məsələlərin müzakirəsi üçün önəmli platforma kimi qəbul olunur. Aktual problemlərin həlli, dünyada yaşanan böhranların aradan qaldırılması istiqamətində yolların araşdırılması üçün belə platformaların təşkili olduqca mühüm əhəmiyyət kəsb edir".

Bu barədə Milli Məclisin deputatı, Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Sahibə Qafarova forumun yekunlarını şərh edərkən bildirib. O deyib ki, forumun mövzusu (Dünyanın yeni xarici siyasəti) çox uğurla seçilib və bir daha tədbirin nə qədər böyük əhəmiyyətə malik olduğunu göstərir: "Bəllidir ki, bu gün dünyanın dəyişən şərtləri, iqtisadi, siyasi, mədəni, humanitar və digər sahələrdə baş verən qlobal hadisələr fonunda xarici siyasət məsələlərinin də yenidən gözdən keçirilməsi, milli dövlətlərin öz təhlükəsizliyi və müstəqilliyinin qorunmasına yönəlmiş müstəqil xarici siyasət strategiyasına malik olması olduqca əhəmiyyətli məsələdir və bu mövzu üzrə müzakirələrin təşkili də çox böyük əhəmiyyətə malikdir. Tam qətiyyətlə deyə bilərik ki, VII Qlobal Bakı Forumu qlobal məsələlərin səmərəli müzakirəsi üçün mühüm tədbirə çevrilib. Xüsusilə, vurğulamaq istərdim ki, Prezident İlham Əliyevin forumdakı iştirakı və çox dərin məzmunlu çıxışı böyük maraqla qarşılandı. Forumda iştirak edən qonaqlar prezidentin çıxışını yüksək qiymətləndirdilər".

Millət vəkili deyib ki, Azərbaycan artıq öz təcrübəsində bu kimi qlobal tədbirlərə uğurla ev sahibliyi etmək bacarığını sübuta yetirib: "Bu mənada VII Qlobal Bakı Forumu da kifayət qədər əlamətdar və məhsuldar keçməklə, ölkəmizin sivilizasiyalar və mədəniyyətlər arasında dialoqa, multikulturalizm ənənələrinin geniş yayılmasına, müasir dövrdə texnologiya və elm əsaslı iqtisadiyyatın təşviq olunmasına verdiyi əhəmiyyəti bir daha nümayiş etdirdi".

S.Qafarova vurğulayıb ki, Azərbaycan prezidentinin forumdakı çıxışı çox maraqla qarşılandı: "Cənab prezidentin çıxışında müasir dövrdə dünyada və regionda baş verən proseslər çox dəqiq və əhatəli şəkil təhlil olundu, dövlətimizin başçısının mülahizələri, geniş dünyagörüşünə söykənən ardıcıl tezisləri, hadisələrə və qlobal problemlərə özünəməxsus yanaşması, ölkəmizin xarici siyasət məsələləri dolğun şəkildə əksini tapdı. Forumda iştirak edən qonaqlar cənab prezidentin çıxışını, onun problemləri çox qətiyyətlə və açıq mətnlə ifadə etməsini, yaranmış situasiyada çıxış yollarını göstərməsini yüksək qiymətləndirdilər. Məlum olduğu kimi, Prezident İlham Əliyevin rəhbərliyi və müdrik siyasəti ilə Azərbaycan uğurla inkişaf edir, çiçəklənir, ölkəmizin təkcə regionda deyil, bütün dünyada mövqeləri ardıcıl şəkildə güclənir. Bu nailiyyətlər dövlətimizin başçısının çıxışında da təhlil olundu, ölkəmizin keçdiyi inkişaf yoluna nəzər yetirildi. Prezident İlham Əliyev Forumdakı çıxışında Azərbaycanın xarici siyasət prioritetlərini və ölkəmizin beynəlxalq miqyasda baş verən hadisələrə münasibətini çox açıq və əsaslandırılmış şəkildə diqqətə çatdırdı. Dövlətimizin başçısı bir daha bəyan etdi ki, Azərbaycan öz xarici siyasətini, xarici siyasət təşəbbüslərini dəyişən dünyaya uyğunlaşdırır. Lakin bizim xarici siyasətimiz əsas etibarilə sabit, proqnozlaşdırıla bilən və müstəqildir. O, bizim milli maraqlarımıza əsaslanır. Tərəfdaşlıq, qarşılıqlı faydalı əməkdaşlıq vasitəsilə regionumuzda və daha geniş coğrafiyada təhlükəsizlik, sabitlik istiqamətində ölkələrlə yaxın əlaqələrin qurulması Azərbaycanın prioritetlərindən biridir. Bu kifayət qədər praqmatik, eyni zamanda, ədalətli və beynəlxalq hüquqa söykənən, həmçinin, xalqımızın mənafeyinin əsas götürüldüyü bir yanaşmadır".

Deputat deyib ki, dövlət başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlara da toxunaraq bir daha bəyan edib ki, status-kvo dəyişməlidir və bunu etmək üçün Ermənistan öz qoşunlarını Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarmağa başlamalı, qaçqın və məcburi köçkünlərə öz evlərinə qayıtmağa imkan yaratmalıdır: "Azərbaycanın mövqeyi bundan ibarətdir və Ali Baş Komandan belə bir mötəbər tribunadan ölkəmizin mövqeyini cəsarətlə ifadə etdi. Ermənistan tərəfindən ifadə olunan danışıqların formatı ilə bağlı təxribat xarakterli fikirlər qəbuledilməzdir və dövlətimizin başçısı bildirdi ki, Ermənistanın bu cür danışıqları pozmağa yönəlmiş cəhdləri beynəlxalq ictimaiyyət tərəfindən də rədd edilir. Prezident İlham Əliyev qeyd etdi ki, bir qədər əvvəl ATƏT-in Minsk qrupunun həmsədrləri bəyanat yaydılar və faktiki olaraq Ermənistana açıq mesaj göndərdilər ki, onların danışıqlar formatını dəyişdirmək cəhdləri qəbuledilməzdir. Ondan bir neçə gün əvvəl Avropa İttifaqının yüksək rütbəli rəsmiləri eyni bəyanatla çıxış etdilər. Danışıqlar formatı uzun illər ərzində işlənib hazırlanıb və onu dəyişmək üçün birtərəfli qaydada edilən istənilən cəhd danışıqlar prosesini əngəlləmək cəhdi kimi qiymətləndirilir və bütün məsuliyyət bunu etməyə çalışan tərəfin üzərinə düşür. Əlbəttə, Azərbaycanın istəyi ondan ibarətdir ki, danışıqlar nəticəyönümlü olsun. Bu danışıqlar bundan sonra uzun illər davam edə bilməz. Yəni danışıqlar xətrinə danışıqlar aparmaq üəbul oluna bilməz. Ermənistan işğal etdiyi Azərbaycan ərazilərini dərhal və qeyd şərtsiz boşaldılmalıdır. Beynəlxalq hüququn tələbləri yerinə yetirilməli, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Ərazi bütövlüyü beynəlxalq hüququn fundamental prinsipidir. Ərazi bütövlüyü ilə öz müqəddəratını təyinetmə arasındakı balans BMT-nin Nizamnaməsində, Helsinki Yekun Aktında çox aydın şəkildə izah olunub. Öz müqəddəratını təyinetmə ölkələrin ərazi bütövlüyünə zidd olmamalıdır. Ona görə də, münaqişə beynəlxalq hüququn normalarına, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsasən və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir".

PƏRVANƏ

 





19.03.2019    çap et  çap et