525.Az

33-cü əfv sərəncamı - Aqil Abbas yazır


 

33-cü əfv sərəncamı - <b style="color:red">Aqil Abbas yazır </b>

Ən müqəddəs milli bayram saydığımız Novruz bayramı ərəfəsində Möhtərəm Prezident İlham Əliyev humanistlik göstərərək 431 məhbusu əfv edərək ailələrinə qovuşdurdu. 3 nəfər ömürlük məhbusun isə cəzalarını - birininkini 25 ilə, digər iki nəfərinkini isə 20 ilə endirdi. Bu da onların tezliklə ailələrinə qovuşması deməkdi. Bu sərəncam ölkə əhalisi  tərəfindən böyük minnətdarlıqla qarşılandı.

Həmin gün mən Ağcabədidəydim, kəndlərdəydim. Seçicilərlə görüşürdüm. Hamısı xahiş edirdi ki, onların təşəkkürünü  Möhtərəm Prezidentə çatdırım. Hərçənd ki həmin seçicilərin heç birinin məlum sərəncama aidiyyatı yox idi. Sadəcə olaraq,  azadlığa buraxılanların ailələrinin  sevinclərinə öz sevincləri ilə şərik olurdular.

İndi gələk mətləbə. İki gündü qəzetləri, saytları, sosial şəbəkələri izləyirəm. Hamı Möhtərəm Prezidentin bu sərəncamını  alqışlayır. Dövlət başçısı bu sərəncamı heç də o alqışlardan, minnətdarlıqlardan ötəri  atmayıb. Özünün Konstitusion hüququndan  istifadə edərək genişürəkli bir dövlət adamı kimi, humanistliyindən belə bir addımı atıb.  Və təbii ki, bu dövlət başçısının birinci  addımı deyil. Və sonuncu da deyil. İlham  Əliyev indiyədək belə 32 sərəncam  imzalamışdı. Amma bəzi siyasilər, eləcə də qələm adamları bunu elə təqdim edirlər ki, elə bil birinci sərəncamdı. Sərəncamın  özünə bir kölgə salırlar.

Müxalifət bunu özünün qələbəsi kimi  təqdim etməyə çalışır. Guya mitinq eləməsəydilər, nə ölkədə böyük islahatlar olardı, nə də bu məlum sərəncam.  Hətta Əli İnsanov əfv olunduğuna görə ABŞ-a təşəkkür edir. Bu 14 ildə ABŞ hardaymış?

Ölkədə aparılan islahatları müxalifət sonuncu mitinqi ilə bağlayır. Qətiyyən dəxli olmayan bir söhbətdi. İlham Əliyev hakimiyyətə gəldiyi gündən ölkədə çox böyük islahatlar həyata keçirilib. Təbii ki,  ölkənin iqtisadi gücü artdıqca islahatları  həyata keçirmək də asanlaşır. Azərbaycan  artıq dünyada həm iqtisadi, həm də siyasi baxımdan söz sahibinə çevrilib. Dünyanın  bir çox böyük layihələrinin altında Azərbaycanın imzası var. Bunları sadalasaq,  bir qəzet yetməz. Bakı-Tbilisi-Ceyhan neft  kəməri, TANAP, Bakı-Tbilisi-Qars dəmir yolu, Şimal-Cənub dəmir yolu, İpək yolu... təkcə elə bunları sadalamaq kifayətdi.

Mən dünya əhəmiyyətli layihələri bir tərəfə  qoyub, daxildə gedən iqtisadi-siyasi  islahatlardan danışmaq istəyirəm.

İlham Əliyevin hakimiyyətə gəldikdən sonra  ölkə ərazisinin 95 faizi qazlaşdırılıb, yaxın bir-iki ilə də ölkə bütünlüklə qazlaşdırılacaq. Əhaliyə yüz faiz kəsintisiz elektrik enerjisi verilir. Oğuz-Qəbələ-Bakı  su kəməri çəkilib. Dünyanın heç bir  ölkəsində kənd əməkçilərinin istifadəsində olan artezianlara sərf edilən elektrik enerjisini dövlət öz üzərinə götürməyib - yalnız Azərbaycandan başqa. Mən hələ kəndlilərə əkin üçün ayrılan subsidiyalardan  danışmıram, yanacaq təminatından  danışmıram. Eləcə də su qiymətinə verilən gübrələri də.

Uzağa getməyək, qardaş Türkiyə kimi  qüdrətli bir dövlət neçə illərdi bu addımı  atmağa çalışır, amma ata bilmir. Ona görə də ölkədə kənd təsərrüfatı məhsullarının qiyməti çox yüksəyə qalxıb və Türkiyə kənd  təsərrüfatı məhsullarının ixracatçısından  idxalatçısına çevrilib.

Möhtərəm Prezident elə regionların sosial və iqtisadi inkişafı ilə bağlı 3 sərəncam  imzalayıb. Və bu sərəncamdan irəli gələn məsələlərin hamısı da həllini tapıb. Rayonlar  həm iqtisadi cəhətdən güclənib, 30-dan çox rayon dövlətdən heç bir dotasiya almır, həm də sosial baxımdan regionlarda böyük inkişaf gedir. Min kilometrlərlə yeni yollar   çəkilib. Kənd arası yollar da sürətlə  yenilənir. Regionlarda nə qədər yeni istehsal  sahələri, fabrik və zavodlar açılıb. Bu da əhalinin işlə təmin olunması deməkdi. 

Möhtərəm Prezident hakimiyyətə gələn gündən demişdi ki, ölkədə bir qaçqın  şəhərciyi də qalmayacaq. Bu gün bir dənə də belə çadır şəhərciyi yoxdu. Bu şəhərciklərin  hamısı abad qəsəbələrə çevrilib. 300 mindən  artıq qaçqın müasir mənzillərlə təmin olunub.

Şəhid ailələrinə, müharibə veteranlarına, qazilərə, əlillərə qayğı həmişə dövlət  başçısının diqqətində olub. Onların da mənzil problemlərinin həllində böyük addımlar atılıb.

Hər il dövlət büdcəsindən maliyyələşən   bütün təşkilatlarda maaşlar artırılır. Yeri gəlmişkən, qaçqın və məcburi köçkünlərin  kommunal xərclərini də dövlət öz üzərinə  götürüb. Hər ay məcburi köçkünlərin çörək  pulları üçün dövlət tərəfindən nə qədər vəsait ayrılır.

Təhsil sahəsində gedən islahatlarda elə  təkcə 3 minə yaxın məktəb yenidən tikilib, ya da dünya standartlarına cavab verən  təmir işləri aparılıb. Ən müasir avadanlıqlarla, kompüterlərlə, laboratoriyalarla təmin olunub. Təbii ki, I vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın  xidmətləri danılmazdır və yüksək  qiymətləndirilməlidir.

Bakı, Gəncə, Naxçıvan Avropanın ən gözəl, ən müasir şəhərləri ilə müqayisə olunacaq  dərəcədə inkişaf edib.

Elm, mədəniyyət, incəsənət sahələrində də böyük islahatlar həyata keçirilib.

Niyə bu məsələlərə toxundum? Ölkədə 16 ildi islahatlar həyata keçirilir, əfv  sərəncamları verilir, amnistiya aktları qəbul  olunur, bunun yanvar ayında keçirilən mitinqə nə dəxli?

Bu sadaladığımız islahatları kimlərinsə sözləri ilə həyata keçiriblər?!

Ölkənin əsas bir problemi qalır - Qarabağ problemi. Onu da inşallah, savaşla, böyük bir savaşla həll edib torpaqlarımızı Ermənistan silahlı qüvvələrinin işğalından  azad edəcəyik. Və həmişə demişəm və yenə də deyirəm, bu problemi ATƏT-matətin yox, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu xalq həll edəcək. Və yenə deyirəm, savaşla! Buna gücümüz də var, qüdrətimiz də!

P.S. Həmin siyahıda qələm dostumuz Seymur Həzini də görmək istərdim. İnşallah,  o da cəzasının üçdə iki hissəsindən çoxunu çəkib.

Onun da azadlığa qovuşmasını Ədliyyə Nazirliyi qanunvericiliyə uyğun olaraq  məhkəmə vasitəsilə təmin edəcəyinə  inanıram.

 





19.03.2019    çap et  çap et