525.Az

Prezidentdən həssas qruplarla bağlı növbəti mühüm addım


 

YENİ SƏRƏNCAMLA MÜHARİBƏ ƏLİLLƏRİ VƏ ONLARA BƏRABƏR TUTULANLAR ÜÇÜN BU İL ƏLAVƏ 400-dən ÇOX AVTOMOBİL ALINIB VERİLƏCƏK

Prezidentdən həssas qruplarla bağlı növbəti mühüm addım<b style="color:red"></b>

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi, 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olmuş, Çernobıl AES-də qəza nəticələrini aradan qaldırmaqda iştirak edib əlilliyi olmuş şəxslərin, II dünya müharibəsi əlillərinin və onlara bərabər tutulanların xüsusi nəqliyyat almaq üçün tibbi göstərişlər üzrə avtomobillə təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncamı əhalinin, xüsusilə həssas qrupların rifah halının yüksədilməsi istiqamətində növbəti mühüm addımdır.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumatda qeyd olunub.

Bildirilib ki, sərəncamda qeyd olunan kateqoriyalardan olan vətəndaşların xüsusi nəqliyyat almaq üçün tibbi göstərişlər üzrə avtomobillərlə təminatının gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulan Prezidentin ehtiyat fondundan 5 milyon manat ayrılması tapşırılıb. Bu da 2019-cu ildə həmin insanlara verilməsi üçün əlavə olaraq 400-dən artıq avtomobilin alınmasına imkan verəcək.

Bu, cari ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müharibə əlillərinə və onlara bərabər tutulanlara nəzərdə tutulduğundan (180 avtomobil) 3 dəfədən çox olmaqla 600-dək avtomobil təqdim etməsinə imkan verəcək.

Əlavə edilib ki, əsasında insan amili dayanan sosial siyasətin ildən-ilə gücləndiyi Azərbaycanda bütün sosial proqramlar uğurla davam etdirilir və getdikcə genişləndirilir. Belə proqramlardan biri də Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi və 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar, habelə hərbi xidmət vəzifəsini yerinə yetirərkən əlil olmuş şəxslərin, Böyük Vətən müharibəsi əlillərinin, Çernobıl əlillərinin dövlət hesabına minik avtomobilləri ilə təmin olunmasıdır. Proqramın davamı olaraq, 2018-ci ildə həmin insanlara daha 265 avtomobil verilməklə, ötən dövrdə təqdim olunan minik avtomobillərinin sayı 6144-ə çatıb.

Hazırda dövlət büdcəsi hesabına minik avtomobili ilə təmin olunmaq üçün növbədə dayanmış əlilliyi olan vətəndaşların sayı 997 nəfərdir ki, cari il ərzində onlardan 600-ə yaxın şəxsin avtomobillə təminatı həyata keçiriləcək.

Vurğulanıb ki, ümumilikdə imzalanan sərəncam dövlət başçısının həssas qruplardan olan vətəndaşların, o cümlədən, müharibə əlillərinin və şəhid ailələrinin sosial müdafiəsinə xüsusi qayğısının növbəti ifadəsidir.

Qeyd edək ki, 2018-ci ildə şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə nəzərdə tutulduğundan 3 dəfədən çox olmaqla 626 mənzil, indiyədək isə 6 654 mənzil təqdim edilib. Prezidentin tapşırığı ilə cari ildə bu kateqoriyadan olan vətəndaşlara azı 800 mənzil veriləcək.

Eyni zamanda, İlham Əliyevin imzaladığı sənədlərlə Prezidentin aylıq təqaüdü şəhid ailələri üçün 242 manatdan 300 manata, müharibə əlilləri - I qrup əlilliyi olanlar üçün 182 manatdan 250 manata, II qrup əlilliyi olanlar üçün 158 manatdan 230 manata, III qrup əlilliyi olanlar üçün 121 manatdan 210 manata çatdırılıb. Eyni zamanda müharibə əlillərinin müavinətləri əhəmiyyətli şəkildə artırılmaqla, I qrup əlilliyi olanlara qulluq edənlər üçün Prezidentin aylıq təqaüdü (50 manat) təsis edilib.

Əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Prezidentin aylıq təqaüdü əmək pensiyası almaq hüququ olan I qrup əlillərə şamil olunmaqla bu təqaüdün məbləği də 100 manata çatdırılıb.

Həmçinin, 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə (müharibə əlilləri istisna olmaqla) Prezidentin təqaüdünün məbləği artırılaraq 150 manat müəyyən olunub.

Ümumilikdə, cari ilin ötən dövründə Prezident İlham Əliyevin imzaladığı sənədlər ölkəmizdə minimum əməkhaqqının və minimum pensiyanın, sosial müavinətlərin və Prezidentin aylıq təqaüdlərinin, həmçinin, tələbələrin təqaüdlərinin, məcburi köçkünlərə verilən müavinətlərin, incəsənət işçilərinin əmək haqqının əhəmiyyətli dərəcədə artırılmasına, şəhid ailələri üçün birdəfəlik ödəmənin (11 min manat) verilməsi prosesinin əhatə dairəsinin genişlənməsinə, problemli kreditlərin həllinə, çoxmənzilli binaların sənədləşdirilməsinə xidmət edib ki, bu sosial paket təqribən 3 milyona yaxın insanı əhatə edərək onların rifahında müsbət dəyişikliklərə imkan verib.

Əhalinin sosial müdafiəsinin gücləndirilməsində atılan bu inqliabi addımlar isə dövlət başçısının “2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacaqdır” bəyanatının əməli müstəvidə reallaşdığını təsdiq edir.

C.ABASOV

 





20.03.2019    çap et  çap et