525.Az

“Ocaq yeri”nin təqdimatı oldu


 

“Ocaq yeri”nin təqdimatı oldu<b style="color:red"></b>

Səməd Vurğunun ev muzeyində filoloq-alim, ədəbiyyatşünas Məti Osmanoğlunun “Ocaq yeri” kitabının təqdimat mərasimi keçirilib.

Təqdimatda tanınmış ədəbiyyatşünaslar, ziyalılar, tələbələr, ədəbiyyatsevərlər və media nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən muzeyin direktoru Nüşabə Babayeva-Vəkilova qeyd edib ki, “Qazax Xeyriyyə” İctimai Birliyinin layihəsi əsasında çap olunan kitabda Səməd Vurğun və övladları - Yusif və Vaqif Səmədoğlular haqqında esselər, xatirələr və müsahibələr toplanıb. O, hər üç sənət nümayəndəsini bir kitabda toplayan Məti Osmanoğluya öz təşəkkürünü bildirib.

Kitab haqqında məlumat verən müəllif bildirib ki, “Ocaq yeri” Azərbaycan dilində “məbəd” deməkdir. Səməd Vurğunun ev muzeyi də XX və XXI əsr Azərbaycan ədəbiyyatının məbədlərindən biridir. Bu ünvanda Xalq şairi Səməd Vurğun və Xalq yazıçısı Yusif Səmədoğlu yaşayıblar. Eləcə də Xalq şairi Vaqif Səmədoğlu bu ünvandan böyük ədəbiyyata, mədəniyyətə vəsiqə alıb. O qeyd edib ki, kitabda S.Vurğunun “Komsomol” poeması haqqında olan məqalə bu poemaya yeni baxış hesab oluna bilər.

Xalq şairi Nəriman Həsənzadə və kitabın redaktoru, tənqidçi, alim Rüstəm Kamal bildiriblər ki, təqdim olunan kitabda Səməd Vurğuna müasir baxışla yanaşan müəllif onu bugünkü oxucunun nəzəri və diqqətilə təhlil edib.

Tədbirin bədii hissəsində Səməd Vurğun və Vaqif Səmədoğlu yaradıcılığından nümunələr səsləndirilib.

Sonda müəllif kitabını qonaqlar üçün imzalayıb.

Şahanə MÜŞFİQ

 





20.03.2019    çap et  çap et