525.Az

Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyi bir yaşını qeyd etdi


 

Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyi bir yaşını qeyd etdi<b style="color:red"></b>

Martın 18-i Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyi Çanaqqala zəfərinin ildönümü və Novruz bayramı ilə bağlı xaricdən gəlmiş tanınmış insanların iştirakıyla maraqlı tədbir keçirib.

Tədbir Azərbaycanın dövlət himninin səslənməsi və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb. Aparıcı Fəxriyyə Lilpar tədbirlə bağlı geniş məlumat verib və Çanaqqala zəfərinin ildönümünə həsr olunan əsər çoxsaylı məşhur insanın ifası ilə qonaqlara təqdim edilib. Tədbiri açılış nitqi ilə açan Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin rəhbəri Arzu Bağırova deyib ki, 2 önəmli bayram - Çanaqqala zəfərinin ildönümü və Novruz bayramı və rəhbərlik etdiyi təşkilatın bir illik hesabat fəaliyyətini bu gözəl bayramlar çərçivəsində insanlarımıza təqdim etməkdən və şəhid ailələrimiz, Qarabağ müharibəsi qazilərimizlə birlikdə bu bayramları birlikdə keçirməkdən çox məmnundur. Rəhbərlik etdiyi təşkilatın bir illik fəaliyyət hesabatı verdiyini deyən A.Bağırova cənab prezidentin həyata keçirdiyi siyasətə dəstək olaraq biz də vətəndaş cəmiyyətinin bir təmsilçisi kimi gücümüz çatdığı qədər cəmiyyətimiz üçün faydalı işlər görməyə çalışır və bundan sonra çalışmağa davam edəcəyik deyib.

A.Bağırova Şəhid Anaları Cəmiyyətinin sədri, Milli Qəhrəman Gültəkin Əsgərovanın anası Rəfiqə Əsgərova, “Zəfər” şəhid ailələrinə dəstək İB-nin rəhbəri, qəhrəman şəhid hərbçimiz Raquf Orucovun xanımı Sevinc Orucova, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin (İB) sədri Mehdi Mehdiyev,  Azərbaycan Vətən Müharibəsi Veteranları İB-nin sədri Füzuli Rzaquliyevə təşkilatın fəxri üzvlüyünü və şəhid ailələrinə, qazilərimizə həyata keçirdikləri gözəl işlərindən dolayı təşəkkürnamə və mükafatlar təqdim edib. 

Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva çıxışında deyib ki, Çanaqqala zəfəri dədələrimizin ortaq yazdığı bir səhifədi, bu zəfərdə Azərbaycandan yüzlərlə şəhidlər olub, ona görə də Çanaqqala zəfəri bütün Türk Dünyasının bayramıdır. Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin fəaliyyəti barədə danışan millət vəkili Q.Paşayeva bölgələrimizdə maarifləndirmə işinin sürətlənməsi yolunda mühüm işlər gördüklərini qeyd edib.

Tədbirdə çıxış edən edən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev, Yeni Zelandiyanın sabiq baş naziri Sir Simon Uilliam, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, millət vəkili Flora Qasımova, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, təbrizli şair Çalğın Məhəmməd, türkiyəli qonaqlar Meryem Aybike Sinan, Nurcan Sabur, Fatma Sönməz, Nezahat Kayışkanlar, Norveçdə yaşayan azərbaycanlı modelyer Şervin Nəcəfpur, Xalq şairi Nəriman Həsənzadə, alim Yaqub Qurbanov, şair Çığatel İsaqızı və başqaları çıxışlarında Azərbaycanla bağlı gözəl fikirlər, diləklərini çatdırıb, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-ni təbrik ediblər.

Bədii hissədə Əməkdar artist Nuriyyə Hüseynova, Əməkdar artist Aybəniz Haşımov və rəhbərlik etdiyi “Bülbüllər” ansamblı, Lalə Məmmədova, müğənnilər Ayaz Qasımov, Vüsal Hacıyev türkiyəli sənətçilər Nursaç Doğanişık, Bora Gencer, Pinar Eliçer, Hilal Başkal, təbrizli sənətçi İbrahim Əlizadə ifaları ilə tədbirə xüsusi rəng qatıblar.

A.Bağırova qonaqlara təşkilatın fəxri üzvlüyünü və hər zaman Azərbaycanın yanında olduqları addımlarına görə mükafat və təşəkkürnamə təqdim edib.

Şahanə MÜŞFİQ

 





20.03.2019    çap et  çap et