525.Az

Dinclik vermir xatirələr - Qəzənfər Paşayev yazır


 

Dinclik vermir xatirələr - <b style="color:red">Qəzənfər Paşayev yazır </b>

İllər ötür, insan yaşa dolduqca tez-tez xatirələrə qərq olur, ömrün acılı-şirinli, əlçatmaz, ünyetməz anları vərəqlənir.

Xatirələr, xüsusən də dünyasını dəyişmiş insanlar yaddaşda daha çox canlanır. Yaddaşımda həkk olunan insanlardan biri də bizi çox tez tərk edərək əbədiyyətə qovuşan, gənc şairlərin hamisi Davud Nəsibdir. O, 2003-cü il mart ayının 26-da qəzaya uğrayaraq faciəli şəkildə dünyasını dəyişdiyi günə qədər uzun illər "Ədəbiyyat və incəsənət" qəzetində "Poeziya şöbəsi"nin müdiri kimi poeziyamıza sədaqətlə xidmət etmişdir.

Yaradan Davud Nəsibə xeyirxahlıqla döyünən elə bir ürək nəsib etmişdi ki, nəinki gənclərin, eləcə də yaşlı nəslin sevimlisinə çevrilmişdi. Odur ki, onun gözlənilməz itkisi hamını sarsıtmışdı. Hardasa oxumuşam, hər hansı bir itki müəyyən təəssüf hissi və məyusluq doğurur. Lakin insan itkisi, həyatda ən ağır, ən əvəzsiz və göynərtili itkidir. Sənətkar itkisi isə ikiqat ağırdır. Çünki bu itki neçə-neçə əsərin - şeirin əbədi itirilməsi deməkdir. Odur ki, Davud Nəsibi Yazıçılar Birliyində son mənzilə yola salarkən vida mərasimində ürək ağrısı ilə bu böyük itkidən söz saldıq. Mən Vida sözümü - iki saralmış vərəqdə "Xatirə qovluğu"mda bu gün də saxlayıram. Bu, Davud Nəsib şəxsiyyətinə və yaradıcılığına ehtiramımdan irəli gəlir. Aktuallığını bu gün də itirməyən Vida sözümün bir cümləsini belə dəyişmədən oxuculara təqdim edirəm. Vida sözüm bir daha göstərir ki, necə bir səmimi, xeyirxah insan, necə sevilən bir şair itirmişik: "Hörmətli mərasim iştirakçıları, neçə illərdən bəri "doğma ocaq" saydığım "Ədəbiyyat qəzeti" redaksiyasına gedəndə həmişə bir yaxın, doğma kimi məni qarşılayan Davud Nəsib bu gün cismən bizdən ayrılır. Taleyə baxın ki, son vaxtlar dünyasını dəyişən yazıçı və şairlərimiz haqqında ürək ağrısı ilə vida sözü yazan Davud Nəsibə bu gün vida sözü deməyə, son mənzilə yola salmağa yığışmışıq. On il əvvəl şəkil çəkdirmişdi. Qolunda saat vardı. Gündüz saat 1-ə 10 dəqiqə göstərirdi. Şəkildə qəmli idi. Aradan düz on il keçəndən sonra gündüz saat 1-ə 10 dəqiqə işləmiş qəfil ölüm onu bizdən ayırdı.

Davud həddən artıq xeyirxah, ürəyi yumşaq adam idi. Onun şeirlərini və tərcümələrini həyəcansız oxumaq olmur. Keşməkeşli həyatımızın burulğanlı durumları ona rahatlıq vermirdi. Bu təbii idi. Ümumiyyətlə, şair xalqın görən gözü, vuran nəbzi, döyünən ürəyidir.

Hər dəfə "Ədəbiyyat qəzeti"nə yolum düşəndə mütləq onunla görüşər, həyatın gedişatı barədə düşüncələrimizi bölüşərdik. Davudla yaxınlığımız oğlu Xəyala Bakı Dövlət Universitetində dərs dediyim vaxt daha da möhkəmləndi. Dostluğa çevrildi.

Deyirlər insanın adını valideynləri, yaşını və qismətini yaradan, qiymətini xalq verir.

Davud Nəsib xalq arasında sevilən, yaradıcı ziyalılar arasında seçilən, öz yeri olan gözəl şair və gözəl insan idi.

Bu gün dostumuzu son mənzilə yola salırıq. Nə edəsən ki, böyük Səməd Vurğun demişkən, həyatın hər vaxt dərk edə bilmədiyimiz qanunları vardır.

Bir yandan boşalır, bir yandan dolur,
Sirrini verməyir sirdaşa dünya". 

O vaxtdan 15 il keçib. Poeziyamızda təlatümlərin, cərəyanların, cılızlaşmaların baş alıb getdiyi zəmanəmizdə Davud Nəsib kimi sözü, yaradıcılığı və sanbalı ilə köhnə kişilərə bənzər şairlərin yeri görünür.

Davud Nəsib sıradan şairlərdən deyildi. Bakı Dövlət Universitetində təhsil almışdı. Moskvada ikillik Ali Ədəbiyyat kurslarını bitirmişdi. Gənc yaşlarından ulduz kimi parlayan gənc şairin hətta Moskvada "Anama məktublar" (1974), "Ocaq daşları" (1981), "Müsahibə" (1985) şeir kitabları çıxmışdı. 1966-cı ildə çap olunan "Gözüm səni axtarır" kitabından sonra onlarla kitabı çap olundu və o, poeziyasevərlərin ürək dostuna çevrildi.

İndi bir poema yazıb çap etdirən bəzi şairlərin iddiası yerə-görə sığmır. Davud oxuyanda adamı haldan-hala salan 20 poema müəllifidir. Əda-iddia nə olduğunu bilməzdi. Sadə və səmimi insan, qəlb həmdəmi şair idi.

İki gün fərqlə, o avqustun 25-də, mən isə 27-də anadan olmuşuq. Həmişə deyərdi: "Qardaş, gəl ad günümüzü bir yerdə qeyd edək. Xərci özüm çəkəcəm. Qonorar almışam".

Həqiqətən də çox səxavətli adam idi.

Qarabağ hadisələri Davuda da dərin təsir etmişdi, əslində, onu sarsıtmışdı. Şairdə tarixi qəhrəmanlarımızı gündəmə gətirmək, bəzi qeyrətsizləri qeyrətə gətirmək arzusu baş qaldırmışdı. Odur ki, "Cavanşir" (2000) və "Cavanşirsiz məmləkət" (2001) romanlarını yazıb çap etdirmişdi. Akademik Nizami Cəfərov doğru qeyd edir ki, "Cavanşir" romanını şairə dövr, zaman yazdırmışdı.

Şairin ölümündən düz on il sonra, 2013-cü ildə oğlanları Xəyal və Xəyyam, Davudu hamıdan çox istəyən, onunla fəxr edən əmisi oğlu Nadir şairin hər biri 600 səhifədən artıq olan ikicildlik "Ata laylası" adlı şeirlər və poemalarından ibarət kitabını buraxdılar. Doğrudan da bu əsər Davuda layiq möhtəşəm abidədir.

Kitabda akademiklər Teymur Bünyadov və Nizami Cəfərovun Davud Nəsib yaradıcılığına işıq tutan sanballı məqalələri yer alır.

Mənə avtoqrafla bağışlanan I cildi vərəqləyirəm. Davudun atası Məcud kişinin portreti, yazıçı İsa Hüseynov, yazıçı İmran Qasımov, Gəncə şəhərində Rəsul Rza, Süleyman Rüstəm, dövlət xadimi və yazıçı Həsən Həsənov, İsmayıl Şıxlı, Qasım Qasımzadə, Xəlil Rza, Anar, Sabir Azəri ilə şəkilləri diqqətimi cəlb edir. İkinci cild şairin anası İnsan xanımın portreti ilə açılır. Burada şairin Nəriman Həsənzadə, Süleyman Rüstəm, Abbas Abdulla, Rəsul Həmzətov, Vilayət Rüstəmzadə, Nüsrət Kəsəmənli və Aşıq Kamandarla şəkilləri yer alır. Xəyal məni ağuşuna alıb unudulmaz Davudlu günlərə aparır. O sevimli günlərin birində ölüm Davudu sıralarımızdan qoparıb apardı.

Qoy ölüm sevinməsin, əbədiyyət qədər əbədidir şairlər.

14.02.19

 





28.03.2019    çap et  çap et