525.Az

"Elə bil ki, ayrılmayıb əllərindən əllərim..." - Ramiz Məmmədzadənin şeirləri


 

"Elə bil ki, ayrılmayıb əllərindən əllərim..." - <b style="color:red">Ramiz Məmmədzadənin şeirləri</b>

QARABAĞIN GÖZƏLLƏRİ

Vəfalı Leyli, Əslidir,
Layla çalsa, xoş səslidir.
Tər bənövşə nəfəslidir
Qarabağın gözəlləri.

Mehribandır, iffətlidir,
Düşməninə nifrətlidir.
Yurdum kimi qeyrətlidir
  Qarabağın gözəlləri.

Yad əkən yer sünbül verməz,
Özgə bağı bir gül verməz.
Hər yetənə könül verməz
  Qarabağın gözəlləri.

Həyat - yeni,
Dövran - yeni!
Tanrım, qoru bu Vətəni!
Sevsə, xoşbəxt edər səni
  Qarabağın gözəlləri.

QARAÇI QIZI

Günlərin bir günündə
Bir kurort yerində
Elə bil ki, buludlardan
qopub düşdü,
Ya Yerdən pırtlayıb çıxdı
bir qaraçı qızı.
Sözün düzü karıxdım...
Köhnə bir tanış kimi
Qarşımı kəsib dedi:
- Sağ əlini mənə uzat
Falına baxasıyam
elə bu saat.
Gülümsəyib dedim ki,
Xırda pulum yoxdur axı,
yüzlüyüm var...
Qaraçı qızı əllərini
oynatdı:
- Eybi yox,
xırda məndə tapılar.
Sonra boylandı
sola, sağa.
Başladı ovcumun içini
Vərəqləyib oxumağa...
- Sən bəxti gətirən adamsan,
Savab işlərdə
çəkilər adın.
Evin olmayanda evləndin,
Sonra evsiz qalmadın.
Səninlə bəxtəvər oldu
Dörd balanın anası -
bir qadın.
Dost-tanış sırasında
Öndə getdin.
Kişi kimi yaşamağa
Çatdı gücün,
 qabiliyyətin.
Bulaq görsən
gözün gülər.
Dağ görməsən, darıxarsan.
Çox gəzənsən,
yolun - açıq.
Əsl həyat yollardadır,
yollara çıx.
Yer üzünü dolan, gəz.
Amma eşit mən verən
məsləhəti,
Qara köynək alma qəti
Qara paltar
sizin ocağa düşməz...
Ürəyindən keçənlər
Qaranquşun qanadında
gələcək...
Dərd eləmə, çox istəkli dostların
səndən əvvəl öləcək...
...Sonra əyilib qulağıma
Qurğuşundan ağır
bir söz dedi qaraçı qızı.
O, nə dedi,
demərəm, yox!..
Nə dedisə, hamısını
düz dedi qaraçı qızı.

DƏMİRÇİ ŞƏMİL

Bizim Qarabağın
  Seyidli tirəsində
Dəmirçi Şəmil deyilən
bir kişi vardı.
Dəmirə sığal çəkən
əlləri
fikirdən qabar-qabardı.
Hitler davasından
sonra
gələn zamanlarda
O, odun peçini
tərifdən yorulmazdı:
- Alın, alın, camaat
Belə peçlərdən azdı...
istiliyi özündədi,
körüyü, kömürü
odu, közü içindədi.
Gəlin, alın, aparın
  görün, necədir, nədi...
Yaratdığı bu peçlərə
balasıtək baxardı,
“İsti peç”, “isti peç” - çağırıb
müştəri yığardı...
Az qala inanmışdıq
Dəmirçi Şəmilin zarafatına,
sözünə.
Eh, biz nələr atmadıq
O qara peçlərin gözünə...
Ağacların kötüyünü,
budağını, gövdəsini...
Hələ də eşidirəm
İgid anamın
 titrək səsini:
“Odun yoxdu, çox soyuqdu,
ta neynəyək,
ay bala,
alça kəsin, ərik kəsin
əlləriniz titrəməsin.
Tuta dəyməyin - günahdı,
meyvələri bərəkətdi,
kölgəliyi söhbətgahdı...
...İndi sən hardasan,
biz hardayıq,
Şəmil kişi?!
Evimiz - yox, peçimiz - yox...
Həmyaşıdlar sırasında
Birimiz var,
beşimiz - yox...
Hərdən xatırlarıq səni.
Yadıma d üşdün yenə
Min rəhmət olsun sənə,
Dəmirçi Şəmil!
Gün gələcək
qəmli ruhun şad olacaq!..

QƏFƏSDƏKİ KİŞİ

Bu nə işdi,
Nədən gəlib düşdün
bu daş qəfəsə?
Bu necə qəfəsdir,
nədir, nə isə...
Orda - dağlarda
gur bulaqlar,
Yarpağı sərçəyə dönüb
uçan meşələr var.
Dərəsində dağ reyhanı,
Ətəyində bənövşələr var.
Havası süzülər
qanına birbaş.
Ax sən hardan düşdün
Bu daş - beton qəfəsə,
qardaş?
Yolunu kölgəli ağaclar
gözləyir.
Xalça yamaclar gözləyir...
Dərələri, təpələri,
dolayları aş!
-  Çıx bu şəhərdən,
Çıx yola birbaş.
Qarabağ gözləyir
yolunu, qardaş!
Məni, səni,
onu, bizi,
Bakını, İstanbulu,
Təbrizi
Gözləyir Qarabağ!..

BİRDƏNƏM

Nə şirin bir nağıl imiş
o uşaqlıq illəri.
Elə bil ki, ayrılmayıb
əllərindən əllərim.
Bilsən necə saxlayardım
sən verdiyin gülləri...
Bu qismətdir, fikr eləmə,
qalma darda, Birdənəm...
Sən işə bax, gör hardasan,
bəs mən harda, Birdənəm...

Bir məktəbdə oxuyardıq
mən üç sinif yuxarı.
Sənə, mənə söz atardı
uşaqların paxılı.
Küsüşmədik, ümid etdik
yaxşı olar axırı.
Kimlər gördük, nələr gördük
        bu yollarda, Birdənəm...
Düşmə dərdə, qalma heç vaxt
intizarda, Birdənəm.

Xəyalımda adın yaşar,
ürəyimdə - surətin.
Bilirsən də, sənsiz qalmaq
mənim üçün çox çətin.
Yaşa dolduq, nə dəxli var,
yetər gücüm, qüdrətim,
Yolundayam yaz gələndə,
qışda, qarda Birdənəm...
Gözləyərəm harda desən -
elə orda, Birdənəm.

YARAMAZ

Sən
insan cildində şeytansan.
Səndən üz çevirərlər
Şeytan olduğunu
dansan...
Başın, üzün, gözün
yerində.
Amma diqqətlə baxsan
sifətin - yox!
Böhtandan, yalandan başqa
məharətin - yox!
Tapşırsalar şər atarsan
Şəhər qızlarına,
kənd uşağına.
Lap elə dağlara,
meşələrə,
göy qurşağına.
Yeri, göyü qaralamağa
hazırsan həmişə.
Hara qədər gedəcəksən belə
 içindəki hikkəylə
didişə-didişə?!
Xislətin, niyyətin
kömür kimi
qapqaradı.
Vətən qeyrəti çəkməyənlər
sənin kimi,
Boşboğazdı, avaradı!
Bu hay-həşirlə sən ki,
Bir ovuc boz dumansan.
Yel əsər,
duman keçər...
“İt hürər,
karvan keçər!”
...Deyəsən, bir az
başqa cürə gəlir
bu şeirin ardı...
Anan sənin yerinə
Bir qara daş doğsaydı
O daşı sənəbənzər
şeytanlara atardım.

BİR NƏFƏRƏ

Unudulmaz Mikayıl Müşfiqə Allah rəhmət eləsin!

Sənin kərpic-kərpic
kitabların var,
Bir şeir tapılmaz
salam verəsən...
Get, başqa sənətdə
özünü axtar,
Aldatma özünü
nahaq yerə sən.

Daha zövqümüzü
korlama bəsdir.
Bizlərdə ucadır
şairin adı.
Sənin hay-həşirin
boş bir həvəsdir,
Dadsız misraların
sıra-sıradı...

Sözün sahibi var,
bazarı olmaz.
Söz toxum kimidir
gərək əkəsən.
Söz var sifətində
bir nur tapılmaz
Söz də var başına
 sığal çəkəsən.

Bu söz sənətinin
nədir günahı,
Sözü sevməyəndə
söz batar qəmə.
Sabirdən, Müşfiqdən
ayıbdır axı
Sən Allah özünə
“şairəm” demə!

2019-cu ilin qışı
Şüvəlan

 





31.03.2019    çap et  çap et