525.Az

Əmr və arzu üst-üstə düşəndə - Təranə Məmmədova


 

Əmr və arzu üst-üstə düşəndə - <b style="color:red">Təranə Məmmədova </b>

Deyəsən, heç saniyəsini belə, unutmamışam. Adamlar özlərinin, ya da doğmalarının doğulduqları ayı, günü həyatlarının əlamətdar hadisəsi hesab edirlər. Mənim ayım aprel, günüm 1-dən 2-nə keçən gecədir. Hə, dəqiq deyirəm, deyəsəni yoxdur; aprelin 1-dən 2-nə keçən gecənin bütün saniyələrini saya-saya səhəri açmışam.

Zəfər sabahı. Xəbərlər necə sürətlə Qubadlıya girdik, Zəngilandayıq, Cəbrayıla çatdıq... dalğasında yayılırdısa, göz yaşım gülüşümə qarışıb halımda bəlkə də heç vaxt yaşamadığım və izah edə bilməyəcəyim ovqat yaratmışdı.

Mən tək deyildim, bütün ölkədə zəfər havası vardı. Eynən filmlərdə olduğu kimi, adamlar qucaqlaşır, bir-birini təbrik edirdilər. 25 ilin həsrəti çiçək açmışdı. O çiçəkləri Azərbaycan əsgəri Lələtəpədən yığıb xalqına bağışlamışdı.

Prezident İlham Əliyevin Ali Baş Komandanlığı, Müdafiə naziri Zakir Həsənovun rəhbərliyi ilə Ermənistan adlı işğalçı dövlət Azərbaycan Ordusunun iki günlük cavab xarakterli hücumu ilə hələ də özünə gələ bilməyib.

Aprel onsuz da onlar üçün Andranik adlı yas ayı idi. Bu da aprelin növbəti zərbəsi. Şahidlər danışırlar, Azərbaycan əsgəri torpaqlarını azadlığa çıxarmaq üçün elə şövqlə vuruşurdular ki, sanki illərdir görmədikləri doğmalarınn qucaqlarına atılırlar.

İgid əsgərim mənim, başımızı uca etdin. Qəhrəman şəhidim mənim, bu hədiyyənə görə Allah səni öz yanına qaldırdı. Dünyanın ən şərəfli adına layiq görüldün, ən mübarək məkan sənin oldu. Bilirsənmi, sən şəhidliyinlə neçə doğmana da əbədi həyat qazandırdın. Bu həqiqəti bizə müqəddəs Quran deyir. Allah şəhidə qiyamət günü doğmalarına əbədi həyat bəxş etməyə izn verəcək.

Sizi dünyaya gətirən, böyüdən, yumruq boyda ürəyinizi məmləkət boyda sevgiylə bəsləyən valideynləriniz insanlığın ən uca zirvəsindədirlər. Elə buna görə də dövlətimiz, başda Prezident İlham Əliyev olmaqla Birinci vitse-prezident Mehriban xanım Əliyeva şəxsən hər addımınızda Sizin yanınızdadır. Ölkə başçısının şəhid ailələri ilə bağlı imzaladıqları sənədlər bir Vətən oğlunun qəhrəman anasına, igid atasına verdiyi ən böyük qiymətdir. Sevimli şəhid anası, əziz şəhid atası dövlət və onun rəhbəri Sizi həmişə uca tutur. Siz cismani olaraq bir oğlunuzdan ayrı düşümüsünüzsə, başda Prezident olmaqla milyonlarla oğul qazanmısınız. Bütün əsgərlər sizlərin doğmaca övladlarınızdır.

Əziz oxucu, sənə təqdim etdiyim bu şəkilə diqqətlə bax. Tərtər rayonunda yerləşən N saylı hərbi hissədir. Bütün briqada şəhid anasının ətrafında birləşib. Adətən həmin yerdə batalyona, yaxud briqadaya komandanlıq edən yüksək rütbəli zabit oturar. Ancaq bu dəfə şəhid anası həmin zabitlərə komandir olub.

Təvəzökarlıqdan uzaq çıxmasın, aprel zəfərindən sonra bir rakurs həmişə beynimin küncündə mənə dinclik vermirdi. Elə hey düşünürdüm: şəhid anası bütün əsgərlərin həm anaları, həm də komandirləridir. Bəli, bir əmr var: oğlanlarımızın qanını almaq. Şəhid anası, sən o günü mütləq görəcəksən. Sənin igid oğulların bioloji oğlununun, bizim baş tacımızın arzusunu mütləq yerinə yetirəcəklər.

Rəhbərlik etdiyim "Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzinin "Müasir Azərbaycan Qadını" adlı çox bəyənilən layihəsi var. Bu il həmin layihəni 4-cü dəfə gerçəkləşdirdik. Yekun görüşümüz Bərdədə keçirildi. Cəbhə bölgəsində qəhrəmancasına yaşayan anaların görüşünə getdik. Sonra Tərtərdə  N saylı hərbi hissədə olduq. Əsgərlərə yaradılan şəraitlə tanışlıqdan o qədər böyük zövq aldım ki... Ordumuz 1992-93-cü illərdəki deyil. Daha əsgər yemək bişirmir, yır-yığış eləmir, "plast" təmizləmir. Əsgər yalnız sağlam şəkildə yüksək kalorili və müxtəlif çeşidli dadlı təamlarla qidalanaraq, döyüş sirlərinə yiyələnirlər. Bu səhnəni görmək bir ana kimi ürəyimi dağa döndərdi. Mənim də oğlum sabahın əsgəridir. Bəli, əsgərə birinci Vətən sevgisi, ikinci kişi qüruru, üçüncü peşəkarlıq lazımdır. Bu günün Azərbaycan əsgəri bu üç tandemi özündə yüksək səviyyədə birləşdirməyi bacarıb. Sevinirəm ki, sabah mənim oğlum da onlardan biri olacaq.



Hərbi hissənin komandanlığına böyük minnətdarlıq edirəm ki, sözümü yerə salmadılar. Bu dərəcədə böyük heyət mərkəzdə qəhrəman şəhid anası olmaqla foto çəkdirməyə razılıq verdi. Bu fotoya müxtəlif adlar qoymaq olar. Amma əsas mahiyyətdir. Bütün əsgərlər şəhid anasının oğludur. Şəhid anası bütün əsgərlərin həm də komandiridir. Bütün əsgərlər komandirlərinin əmrlərini, şəhid analarının arzularını gerçəkləşdirmək üçün yaşayırlar. Əmr və arzu üst-üstə düşəndə, əziz oxucu, bax fotoda gördüyün bu möhtəşəm mənzərə alınır.

Bir arzu da mənim var. Şuşanın Cıdır düzündə Azərbaycanın bütün şəhid valideynlərini bir araya toplayıb, mərkəzdə Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın olduğu mənzərənin fotosunu tarixiləşdirmək.

O gün uzaqda deyil. O gün bizə Aprel qədər yaxındır.

 





06.04.2019    çap et  çap et