525.Az

Özbəkistan kanalında Şamaxı və Qəbələ haqqında videomaterial


 

Özbəkistan kanalında Şamaxı və Qəbələ haqqında videomaterial <b style="color:red"></b>

Özbəkistanın "Sevimli" televiziya kanalının "Zamon" proqramı Şamaxı və Qəbələ rayonları haqqında videomaterial yayımlayıb.

AZƏRTAC xəbər verir ki, videomaterial bu yaxınlarda Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə bir qrup özbək jurnalistin Azərbaycana mediaturu çərçivəsində hazırlanıb.

Telekanalın müxbiri Dilnoza Saidova əvvəl Şamaxı rayonu haqqında məlumat verir, bildirilir ki, Şamaxı Azərbaycanın ən qədim şəhərlərindən biridir.

Sonra jurnalist rayondakı Dəmirçi kəndinə səfər haqqında söhbət açır, buradakı Arxeologiya Muzeyi barədə ətraflı məlumat verir.

Materialda qeyd olunur ki, Dəmirçi Şamaxının ən qədim kəndlərindəndir, onun tarixi XV əsrə gedib çıxır. Qədimdə Güneyçay adlanan kənddə dəmirçilik sənəti inkişaf edib və kəndin adı da buradan götürülüb. Böyük İpək Yolu üzərində yerləşdiyindən bu kənddə bir neçə karvansara tikilib. SSRİ dövründə dağıdılan bu karvansaraların hamısı müstəqillik illərində bərpa olunub.

Buradakı muzeydə orta əsrlərə aid qəbirlər də tapılıb. Muzeydə bu ərazilərdə tapılan eksponatlar mühafizə edilir. Bildirilir ki, 2017-ci ildə Dəmirçidə aparılan arxeoloji qazıntılar zamanı qiyməti 2,5-3 milyon dollar olan sırğa da tapılıb və bu muzeydə saxlanılır.

Dəmirçi kəndindəki məscid 755-ci ildə tikilib və Azərbaycanın ən qədim ibadətgahlarından biridir. Məscid Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə bərpa edilib və dövlət başçısı bərpadan sonra birinci xanım Mehriban Əliyeva ilə birgə bu məscidi ziyarət edib.

Sonra videomaterialda Qəbələ Arxeoloji Mərkəzi haqqında da danışılır, bu şəhərdən 84 kilometr aralıda olan "Tufandağ" Qış-Yay Turizm İstirahət Kompleksi haqqında söhbət açılır. Bildirilir ki, burada hazırda 4 kanat xətti və 10 xizək yolu fəaliyyət göstərir. Kanat xətlərinin ümumi uzunluğu 6 kilometr, xizək yolunun uzunluğu isə 17 kilometrdir. Burada turistlərin istirahətinin mənalı təşkili üçün hər cür şəraiti olan restoranlar və beşulduzlu "Tufandağ" oteli açılıb.

Sonra jurnalist kanat yoluna əyləşərək ətrafı seyr edib.

 





07.04.2019    çap et  çap et