525.Az

"Media insan psixologiyasına təsir edəcək materiallara nəzarət etməlidir"


 

MƏTBUAT ŞURASI MƏKTƏBLİ QIZIN İNTİHARI İLƏ BAĞLI KONFRANS KEÇİRDİ

"Media insan psixologiyasına təsir edəcək materiallara nəzarət etməlidir"<b style="color:red"></b>

Dünən Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə "İnformasiya mühitində uşaq və yeniyetmə hüquqlarının qorunması: mövcud yanaşmalar və tələblər" mövzusunda konfrans keçirilib.

Konfransda millət vəkilləri, ziyalılar, KİV rəhbəri, Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib ki, Bakıdakı 162 saylı orta məktəbin şagirdi Elina Hacıyevanın intiharı cəmiyyətdə müxtəlif fikirlərin yaranmasına səbəb olub:  "Bəziləri düşündü ki, bu barədə danışmaq olmaz. Bəziləri isə hesab edir ki, işıqlandırmaq lazımdır ki, bu hadisələr yaranmasın. Bu barədə müzakirə aparacağıq".

Millət vəkili Fazil Mustafa vurğulayıb ki, bəziləri bu məlumatın yayılmasını düzgün hesab etmir: "Bu məsələdə mətbuatı qınamaq düzgün deyil. Çünki mətbuat bunu xəbər kimi yayıb, intiharı təbliğ kimi yox. Bu gün orta məktəblərdə də problemlər var. Bəzi məktəb direktorları yerində deyil. Bu gün çayxanalarda yeniyetmələrdən yer yoxdur. Hamısı qəlyan çəkir. Müəllim valideynin qorxusundan şagirdə irad tuta bilmir. Valideynlər müəllimlərə irad tutur. Biz bu problemləri aradan qaldırmağa çalışmalıyıq. Məktəblərin qarşısında qəlyanxanalar, siqaret köşkləri var. Bu, olmaz. Bu gün qızlar arasında da siqaret çəkənlərin sayı artıb. Məktəbin 200 metrliyində qəlyanxana, kafe, köşk olmamalıdır. Məktəb bu məsələlərə nəzarət edə bilmir. Elinanın intiharında müəllimi qınamaq olmaz. Müəllim onu intihara sövq eləməyib. Məktəb və valideyn münasibətləri tənzimlənməlidir. Müəllimin statusunu qaldırmalıyıq. Valideyn müəllimin şagirdə nəyə görə irad tutduğunu anlamalıdır. Təhsil Nazirlilyində komissiya var, bu məsələlər tənzimlənməlidir. Bu məsələdə qanunvericiliyi qınamaq olmaz".

Millət vəkili, 295 saylı orta məktəbin direktoru Dilarə Cəbrayılova bildirib ki, məktəbdə mənəvi dəyərlərə söykənən cəmiyyət qurulmalıdır: "Biz məktəbi pisləməklə nə əldə edə bilərik. Biz valideyn olaraq əvvəlcə özümüzü düzəltməliyik. Sonra məktəblə münasibətləri normallaşdırmalıyıq. Məktəblərdə psixoloq ştatlarını artırmaq lazımdır. Məktəb direktoru təyin olunarkən həmin şəxsin psixoloji durumu yoxlanılmalıdır".

ONA İnformasiya Agentliyinin rəhbəri Vüsalə Mahirqızı isə baş vermiş xoşagəlməz olayı cəmiyyəti silkələyə bilmək baxımından istisna hadisə adlandırıb: "Millət vəkillərinin, tanınmış şəxslərin, sadə insanların bu hadisə ilə bağlı davranışları yüksək qiymətləndiriləsi haldır. Xüsusilə gənclərin intiharının kütləviləşməsinə ictimai rezonansın olması yaxşı şeydir".

"525-ci qəzet"in baş redaktoru Rəşad Məcid isə bildirib ki, Azərbaycanda 1 milyondan artıq şagird var: "Şagirdlərin psixologiyasına təsir edəcək videoların yayılmasında hər kəs məsuliyyət daşımalıdır. O video haradan çıxıb, necə yayılıb, bu da bir təhqiqat məsələsidir. Şagirdlərin psixologiyasına təsir edəcək görüntülərin yayılmasını düzgün saymıram. Media öz məsuliyyətini dərk etməli və insan psixologiyasına təsir edəcək materiallara nəzarət etməlidir".

Millət vəkili Hikmət Babaoğlu qeyd edib ki, məktəblərdə belə hallarla bağlı Təhsil Nazirliyi, Mətbuat Şurası və millət vəkillərindən ibarət ictimai komissiya yaradılmalıdır: "Hadisənin səbəbləri, bu prosesdə mühit araşdırılmalıdır. Məktəb mühiti, ailə mühiti, kollektiv mühiti var. Bu məsələlər ciddi araşdırılmalıdır".

"İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə hər şeyi məktəbin və ya valideynin üzərinə atmağın doğru olmadığını deyib: "Valideyn-məktəb-şagird üçlüyünü yaratmaq lazımdır. Cəmiyyətin maariflənməsində elektron KİV və sosial şəbəkələr diqqətli olmalıdır".

"Kaspi" Mətbuat və Təhsil Mərkəzinin rəhbəri, "Kaspi" qəzetinin təsisçisi Sona Vəliyeva bildirib ki, bu cür hadisələrin baş verməməsi üçün valideyn məktəb münasibətləri düzgün qurulmalıdır: "Hər birimiz valideynik, övladlarımız bizim canımızdır. Bu gün bu məsələlərin baş verməsinin səbəblərindən biri də ailələrin məktəblə düzgün ünsiyyətdə olmamasından irəli gəlir. Məktəb direktoru ilə valideyn eyni məsuliyyət daşıyır. Valideynlər istəyirlərsə ki, övladları düzgün tərbiyə olunsun, heç olmasa həftədə bir dəfə məktəbə getsinlər. Məktəb və ailə sıx birləşməlidir. Uşaq deyəndə ki, müəllim mənə bu sözü dedi, valideyn müəllimin üstünə getməməlidir, məsələnin mahiyyətini öyrənmək lazımdır. Əgər istəmiriksə, bu cür hallar baş versin, daim biz direktorla, sinif rəhbərləri ilə ünsiyyətdə olmalıyıq. Ailə, məktəb və şagird üçbucağı düzgün qurulmalıdır. Eyni zamanda, övladlarımızın məktəbdən kənarda nə işlə məşğul olduğundan, sosial şəbəkələrdə kimlərlə dostlaşdığından xəbərdar olmalıyıq. Uşaq, valideyn və müəllim dost olmalıdır".

S.QARAYEVA

 





11.04.2019    çap et  çap et