525.Az

50 modul tipli məktəb istifadəyə veriləcək


 

50 modul tipli məktəb istifadəyə veriləcək<b style="color:red"></b>

Bu ilin sonunadək daha 50 modul tipli məktəb istifadəyə veriləcək. Bəzi ucqar kəndlərdə qəzalı vəziyyətdə olan məktəb probleminin aradan qaldırılması üçün modul tipli məktəblərin quraşdırılması nəzərdə tutulub. Yeni quraşdırılacaq modul tipli məktəblərin layihəsi artıq hazırdır.

Qeyd edək ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə olaraq ucqar kəndlərdə az şagird kontingentli qəzalı məktəblərin yeni binalarla əvəz edilməsi çərçivəsində modul tipli məktəb təcrübəsi tətbiq edilib. 2017-ci ildə 40 rayonda 6 min şagird yerlik 106, 2018-ci ildə isə 43 regionda 8120 şagird yerlik 137 modul tipli məktəb quraşdırılıb. Həmin məktəblər Quba, Xaçmaz, Şabran, Qusar, Siyəzən, Xızı, İsmayıllı, Ağsu, İmişli, Qobustan, Şamaxı, Oğuz, Şəki, Qəbələ Tovuz, Ağstafa, Gədəbəy, Daşkəsən, Ağdaş, Bərdə, Ağcabədi, Ağdam, Zərdab, Saatlı, Beyləqan, Cəlilabad, Masallı, Yardımlı, Lənkəran və Lerik rayonlarının ərazilərində yerləşir.

Modul tipli məktəblərin üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır.

Bir çox ölkələrdə iqtisadi baxımdan daha səmərəli, yüksək keyfiyyətli və sənaye üsulu ilə hazırlanan modul tipli məktəblərdən istifadə olunur. Belə məktəblərin daxilində və xaricində istifadə olunan materiallarda insan sağlamlığı üçün heç bir ziyanlı maddə yoxdur, yanğına, sukeçirməyə, nəmlənməyə, çürüməyə, isti və soyuğa qarşı daha dayanaqlıdır.

Tikililər sinif və müəllimlər otağı, sanitar qovşağı, istilik sistemi ilə təmin edilir. Həmçinin, məktəbdə video-müşahidə kamerası quraşdırılır. Modul tipli məktəblərin digər üstünlüyü budur ki, istilik itkisi digərlərindən iki dəfə azdır, rütubətlilik yoxdur.

Əməkdar elm xadimi, professor Şahlar Əsgərov deyir ki, məsrəflərin ənənəvi məktəblərdən az olmasını nəzərə alsaq, bu gün ölkədə səyyar tipli məktəblərin istifadəyə verilməsi təqdirəlayiq haldır. Bu məktəblər həm də ekoloji baxımdan uğurlu sayıla bilər. Bu tipli məktəblərin istifadəyə verilməsindən sonra Azərbaycanda "Hər kəndə bir məktəb" layihəsi həyata keçirilə biləcək.

Ş.Əsgərov vurğulayıb ki, bir ənənəvi məktəbin inşası üçün lazım olan vəsaitlə 10-na yaxın modul tipli məktəb quraşdırmaq olar: "Hər il onlarla məktəb tikilir, yenidən qurulur, bərpa işləri aparılır. Yeni məktəblərin inşası əlavə vəsait deməkdir. Regionlarda elə məktəblər var ki, təhsil üçün yarasızdır. Bu baxımdan Təhsil Nazirliyinin sözügedən addımı müsbətdir".

Onun sözlərinə görə, 50-100 nəfər əhali yaşayan ərazilərdə, məktəbə gedən uşaqların sayı maksimum 20-30 nəfər ola bilər. Belə yerlərdə böyük fundamental məktəb tikmək məqsədəuyğun deyil. Buradakı şagirdlərin qonşu kənddəki məktəblərə getmələri müəyyən problemlər yaradır. Modul tipli məktəblər belə məntəqələrdə əhalinin təhsilə olan tələbatını ödəməklə dövlətə kömək edir".

Təhsil eksperti Kamran Əsədov deyir ki, yeni modul tipli məktəblərin inşası müsbət haldır: "10 il ərzində onların 3 minə qədəri təmir olunub, yenidən tikilib. Buna baxmayaraq, bəzi bölgələrdə, xüsusilə ucqar kəndlərdə illərdir, təmir olunmayan qəzalı məktəblər var ki, 2016-cı ildən etibarən bunlar modul tipli məktəblərlə əvəzlənir. Bu yaxşı haldır. Modul tipli məktəblərin üstünlüyü orada sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır. Bunların digər üstünlüyü odur ki, qəzalı vəziyyətdə olan təhsil müəssisələrində təmir-tikinti işləri aparılarkən tədris prosesi dayandırılmır və bu məqsədlə müvəqqəti olaraq, 50 yerlik səyyar məktəb quraşdırılır".

Ekspertin sözlərinə görə, bu məktəblərə az miqdarda pul xərcləndiyindən sərfəlidir: "Bunlarla yanaşı, ənənəvi məktəblərdə, daha çox tikinti materiallarından istifadə olunurdu. Modul tipli məktəblərdən Avropa və Amerikada istifadə edilir. Əsas vacib məqam odur ki, məktəb quraşdırılarkən  coğrafi relyef nəzərə alınır. Apardığım araşdırmalar nəticəsində gördüm ki, modul tipli məktəblər şagird sağlamlığı üçün də yaxşıdır. Bu, təhsilin inkişafına gətirib çıxaracaq. İndiyə qədər tədrisin aparılması üçün uyğun olmayan yerdə dərs keçən şagirdlər indi daha rahatdırlar. Modul tipli məktəblər 100-300 uşaq tutumuna malik olur. Əvvəllər böyük vəsait hesabına başa gələn ənənəvi məktəbləri indi az xərcli, amma keyfiyyətli, tam tədris resursları ilə təmin olunmuş məktəblər əvəz edir".

Ekspert hesab edir ki, modul tipli məktəblər regionlar üçün daha əlverişlidir, nəinki Bakı: "Bakı şəhərində kifayət qədər məktəb var, nəqliyyatın hərəkəti sıxdır. Bu, daha çox region məktəbləri üçün yararlı variantdır.  Modul tipli məktəblər ənənəvi məktəblər kimi 1500-2000 şagird tutumuna malik deyil. Belə məktəblərdə minimum 200, maksimum 400 şagird təhsil ala bilər. Ona görə də ənənəvi məktəblərdən birbaşa imtina edib, sırf səyyar məktəblərə keçid etmək də mümkün deyil. Belə məktəblər kəndlərdə və qəsəbələrdə həyata keçirilərsə, həm əlavə iş yerlərinin açılmasına, həm müəllimlərin sayının artmasına, həm də otaqların və məktəbin dizaynının dəyişməsinə səbəb olur.  Belə məktəblər həm də dizayn baxımından şagirdləri daha çox cəlb edir. Bir şeyi də qeyd edim ki, yeni tipli məktəblərin dizaynının tez-tez dəyişdirilə bilməsi də çox müsbət haldır".

K.Əsədov həmçinin bildirib ki, müasir dövrün tələblərindən biri də məktəbin görünüşüdür. Çünki bu, şagirdlərin diqqətini daha çox cəlb edir: "Ənənəvi məktəblərdə bunu həyata keçirmək heç də asan məsələ deyil. Belə məktəblərin xüsusilə təbiəti gözəl olan meşə, çay kənarlarında quraşdırılması da mümkündür ki, bunun da şagirdlər üçün faydalı olacağını düşünürəm. Modul tipli məktəblər Azərbaycan təhsilinə yeni nəfəs gətirəcək, şagirdlərin məktəbə cəlb olunmasında və qəzalı məktəblərin sayının azalması baxımından çox uğurlu bir layihədir.

S.QARAYEVA

 





14.04.2019    çap et  çap et