525.Az

Azərbaycan “TransRussia-2019” sərgisində milli pavilyonla təmsil olunub


 

Azərbaycan “TransRussia-2019” sərgisində milli pavilyonla təmsil olunub<b style="color:red"></b>

Azərbaycan Moskvada keçirilən “TransRussia-2019” 24-cü beynəlxalq nəqliyyat-loqistika və nəqliyyat texnologiyaları sərgisində ilk dəfə olaraq milli pavilyonla təmsil olunub.

“Azərbaycan Dəmir Yolları” QSC-dən verilən məlumata görə, 120 kv/m sahədə qurulan pavilyonda “Azərbaycan Dəmir Yolları” QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının stendləri yerləşir.

Hər üç şirkətin nümayəndələri sərgi iştirakçılarına ölkənin tranzit imkanları, dəmir yolu, dəniz nəqliyyatı ilə daşımalar, limanlarımızın imkanları, Azərbaycanın ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizləri, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin imkanları və üstünlükləri barədə ətraflı məlumat veriblər.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini İqbal Hüseynov sərgini işıqlandıran mediya nümayəndələrinə müsahibə verib, onları maraqlandıran sualları cavablandırıb. Bildirilib ki, son illər ölkədə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, ölkəmizin tranzit imkanlarının genişləndirilməsi istiqamətində mühüm layihələr həyata keçirilib. Nəqliyyat sahəsinin inkişafı istiqamətində aparılan məqsədyönlü islahatlar nəticəsində Azərbaycan beynəlxalq yükdaşımalarda regional qovşağa çevrilib.

Sərginin ilk günündə ziyarətçilərin sayı 16 mini keçib. Azərbaycanı təmsil edən qurumların stendləri də xüsusi marağa səbəb olub. Stendlər həm vizual, həm də informasiya dolğunluğuna görə digərlərindən fərqlənir. Müşahidəçilər ötən illərlə müqayisədə istər sərgidə iştirak edən şirkətlərin, istərsə də ziyarətçilərin Azərbaycanın nəqliyyat sahəsinə marağının artdığını qeyd edirlər. Sərgi çərçivəsində dünyanın müxtəlif ölkələrini təmsil edən şirkət nümayəndələri ilə ikitərəfli görüşlər keçirilib. Konkret mövzular ətrafında fikir mübadiləsi aparılıb, işgüzar əlaqələrin qurulması barədə ilkin razılıq əldə edilib.

Azərbaycanın milli stendi “Ən yaxşı milli ekspozisiya” nominasiyası üzrə qalib elan edilib.

 





16.04.2019    çap et  çap et