525.Az

Tramp Türkiyəni itirmək istəmir


 

"ABŞ PREZİDENTİNİN RƏSMİ ANKARAYA MÜNASİBƏTİ PENTAQONUN VƏ KONQRESİN MÜNASİBƏTİNDƏN YAXŞI MƏNADA FƏRQLƏNİR"

<b style="color:red">Tramp Türkiyəni itirmək istəmir</b>

"ABŞ prezidenti Donald Trampın qəfil Ağ Evdə Türkiyənin maliyyə naziri, prezident Rəcəb Tayyib Ərdoğanın kürəkəni Berat Albayrakı qəbul etməsi bir neçə nəsnədən xəbər verir".

Bu sözləri "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, ABŞ-ın hazırkı prezidenti əsl ticarətçi olduğundan Rusiyadan alacağı C-400 raketlərinə görə Türkiyəni və bu ölkənin böyük bazarını itirmək istəmir:

"Məsələ burasındadır ki, Pentaqon Türkiyəyə F-35 hərbi təyyarələrini satmaqdan imtina etsə, bu, Amerika üçün milyardlarla dollar itki olacaq. Tramp isə bu itki ilə razılaşmaq istəmir".

Trampın Albayrakla görüşünün "NATO Türkiyəni üzvlükdən çıxara bilər" şayiələrinə son qoyduğunu deyən E.Şahinoğlu bildirib ki, NATO-nun əsas dövləti ABŞ-dır:

"Vaşinqton C-400 raketlərinə görə bölgənin əsas dövlətlərindən birini itirmək istəməz. Sadəcə Amerika "pis polis" və "yaxşı polis" rolunu oynayır. Pis polis rolunda çıxış edən Amerikanın vitse-prezidenti Mayk Pens Ankaraya daha öncə ultimatum vermişdi: "Ya biz, ya da C-400 raketləri". Yaxşı polis olan prezident Donald Tramp isə türkiyəli nazirlə isti görüş keçirdi".

Politoloqun fikrincə, Vaşinqton Rusiyanın raketlərini alan Türkiyənin bu hərəkətini nəinki həzm edəcək, hətta il ərzində Donald Trampın Ankaraya rəsmi səfəri mümkündür:

"Hiss olunur ki, Trampın Türkiyəyə münasibəti Pentaqonun və Konqresin münasibətindən yaxşı mənada fərqlənir. Ankarada söhbət etdiyim ekspertlər Türkiyənin Rusiya ilə isti münasibətlərinə rəğmən, Qərb istiqamətindən imtina edilməməsi gərəkliyini bildirirlər. Çünki bir çox türkiyəli diplomatın dilindən eşitdiyim ifadə var: "Rusiya ilə tərəfdaşlıq strateji deyil, taktiki mahiyyət daşımalıdır". Yəni Rusiya ilə münasibətlərdə ehtiyatı əldən vermək olmaz. Elə Kremlə yaxın rusiyalı ekspertlər də Türkiyə ilə münasibətlərdə eyni sözləri işlədirlər".

C.ABASOV

 





17.04.2019    çap et  çap et