525.Az

Ölkədə sığorta bazarının güclənməsinə ciddi ehtiyac var


 

VAHİD ƏHMƏDOV: "SAHİBKARLAR TİCARƏT OBYEKTLƏRİNİN SIĞORTA OLUNMASINDA MARAQLI DEYİL"

Ölkədə sığorta bazarının güclənməsinə ciddi ehtiyac var<b style="color:red"></b>

"Azərbaycanda sığorta məsələləri ilə bağlı kifayət qədər qanunvericilik bazası var. İstənilən obyektin - evdir, maşındır, əmlakdır və sair, bunların sığortalanması üçün qanunvericilik hər cür imkan yaradır. Təəssüf ki, bu qədər deyilir, danışılır, amma əksər ticarət obyektləri və digər obyektlər sığorta etdirilmirlər. Sahibkarlar, iş adamları bunda maraqlı görünmürlər".

Bunu "525"ə açıqlamasında millət vəkili Vahid Əhmədov deyib. Buna səbəb isə, millət vəkilinə görə, ortada böyük haqların, pulların olmasından irəli gəlir:
 
"Bir var, maşını sığorta etdirirsən, bu da ildə hardasa 100-150 manat edir. Bir də var, böyük bir obyekti sığorta etdirirsən, artıq orada sığorta haqqı böyükdür. Məsələn, "Diqlas"la bağlı məsələdə məsuliyyəti dövlət öz üzəriunə götürdü. Dövlət başçısı vəsait ayırdı ki, insanlar əziyyət çəkməsinlər. Düzdür, ikinci bir qərar da verildi ki, sahibkarlar vəsaiti geri qaytarmalıdırlar, amma hesab edirəm ki, bu da tamamilə düzdür. Axı, dövlət büdcəsindən buna niyə vəsait ayrılmalıdır ki?! Ona görə də  bütün obyektlər, əmlaklar, mülklər və sair, hamısı sığorta olunmalıdır".

Sığorta bazarının durumuna gəlincə, millət vəkili burada da xeyli problemlərin yaşandığını söyləyib:

"Bir zamanlar vəziyyət lap pis idi. Sığorta deyəndə fikirləşilirdi ki, yalnız maşınların sığortasından söhbət gedir. Amma sonradan biz "İcbari sığorta haqqında" qanuna dəyişiklik etdik. Həmçinin, əlavə qanun-mənzillərin sığortası ilə də bağlı qanunvericlik aktı qəbul etdik. Amma bu gün də bizdə sığorta bazarı çox zəifdir. Məsuliyyət hissi olmalıdır, əhali ilə işləmək lazımdır. Bu bazarda problemlər olduğu üçün də bəzən bütün məsuliyyəti dövlət öz üzərinə götürür. Axı, dövlət nə vaxta qədər məsuliyyəti öz üzərinə götürməlidir? Hesab edirəm ki, bu, düzgün deyil və sığorta bazarı güclənməlidir".

Kamil HƏMZƏOĞLU

 





17.04.2019    çap et  çap et