525.Az

Qırmızı xəstəlik - Sağlamlıq


 

Qırmızı xəstəlik - <b style="color:red">Sağlamlıq </b>

Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, dünyada qızılca xəstəliyinə yoluxanların sayı kəskin artıb. 2019-cu ilin yalnız 3 ayında 112 min şəxsdə bu xəstəliyə yoluxma faktı qeydə alınıb.

Daha çox 3-10 yaşlı uşaqlar arasında təsadüf olunan qızılca xəstəliyinin aşkarlanması 860-cı ilə təsadüf edir. Xəstəlik ilk dəfə fars həkim Razi tərəfindən müəyyən olunub. Ancaq XVII əsrdə ingilis həkim Tomas Sydenhem tədqiqat nəticəsində qızılca ilə çiçək xəstəliyinin fərqini açıqlayaraq qızılcaya "böyük xəstəlik" adını verib. Xəstəlik daha çox yaz və yay aylarında özünü büruzə verir.

El arasında bu xəstəliyə yoluxmuş uşaqların üzəri qırmızı parça ilə örtülərək bunun vasitəsi ilə onların tez sağalacağına və xəstəliyin yüngül keçəcəyina inanc formalaşıb.

Xəstəliyin gedişatı

Həkim-pediatr Leyli Quliyevanın sözlərinə görə, qızılca  xəstəliyi hava-damcı yoluyla ötürülür. Danışıq, öskürək, asqırma zamanı virus ətraf mühitə yayılır. Xəstəliyi əmələ gətirən infeksiya xəstələrin burun və ağız ifrazatında meydana gəlir. Tənəffüs sisteminə daxil olan virus selikli qişanı zədələyir, orqanizmdə, xüsusən də linfa toxumalarında çoxalaraq daha sonra qana keçir.

Həkim deyir ki, xəstəliyin özünü büruzə vermə dövrü 9-10 gündən sonra başlayır. 14-15-ci gündən etibarən xəstəliyin yüksək inkişaf dövrüdür. Orqanizmdən asılı olaraq bu müddət 17-21 günə qədər uzana bilər. Daha sonra infeksiyanın gedişatı dayanır və qanda da virusa rast gəlinmir. Ancaq sidikdə bu infeksiya bir müddət yaşama qabiliyyətinə malikdir. Virus ətraf mühitə ağızdan çıxan infeksion zərrəciklər nəticəsində yayılır. Bədən temperaturu 38-40 dərəcəyə qədər artır. Dəri səthində qırmızı rəngdə səpişik müşahidə olunur. Səpkilər əsasən üzdə, qulağın arxasında və boyun nahiyəsində yaranır, daha sonra isə bütün bədənə yayılır. Kiçik ölçülü səpişiklərin içində sulu maye olur. 4-7 gün dəridə qalan səpkilər tədricən azalaraq dəri üzərində kiçik qabıqlanmalar meydana gəlir. Tam olaraq səpkilər isə iki həftə ərzində yoxa çıxır. Xəstəliyin ilkin əlaməti olaraq uşaqda süstlüyün olması, iştahsızlıq, yuxu pozğunluğu, gözlərdə qızartının əmələ gəlməsi və göz yaşının axması, xəstədə gözün selikli qişasında iltihablaşma və quru öskürək müşahidə olunur.

Meyvə-tərəvəzə üstünlük verilməli

L.Quliyevanın dediyinə görə, qızılca infeksion xəstəlik olmasına baxmayaraq, müalicə olunduğu təqdirdə elə də qorxulu deyil. Xəstəliyə səbəb olan virusun məhv edilməsinə yönəlik dərman vasitəsi yoxdur. Diaqnoz qan analizi vasitəsi ilə aparılır. Xəstə uşağa daim çay və ya qaynadılmış su vermək lazımdır. Südəmər uşağı süddən ayırmaq olmaz. Müalicə zamanı ilıq su ilə xəstənin gözləri yuyulur bədəninin isə nəm parça ilə silinməsi vacibdir. Uşağın burnuna nəfəs almanı asanlaşdırıcı damcılar tökülür. Qidalanmada əsasən sulu xörəkərə, meyvə-tərəvəzə üstünlük verilməlidir. Balıq yağından istifadə məsləhətdir. Uşağa yüksək teperaturunun olduğu nəzərə alınaraq məcburi olaraq qida verilməməlidir.

Xəstə ilə təmasdan maksimim çəkinmək

Həkim-pediatr bildirib ki, xəstəliyin ev şəraitində də müalicəsi mümkündür. Yoluxucu olduğu nəzərə alınaraq xəstə ilə təmasdan maksimum çəkinmək lazımdır. Onun üçün xüsusi otaq ayrılmalı, otağın havası 20 dərəcədən yüksək olmamalı, havalandırma sisteminə xüsusi nəzarət edilməlidir: "Xəstəlik virus mənşəli olduğu üçün antibiotiklə müalicə tövsiyə edilmir. Ancaq kəskin ağırlaşma nəticəsində bronxit, ağciyər iltihabı, irinli və bəlğəmli öskürək nəticəsində nəfəs almada çətinlik, limfa düyünlərinin iltihabında antibiotiklərdən və daha effektli vasitələrdən istifadə edilə bilər. Ağırlaşmalar isə əsasən 5 yaşadək uşaqlarda və 20 yaşdan böyük insanlarda təsadüf edilir".

Ağırlaşma halı olarsa

Həkim deyib ki, yalnız ağırlaşma hallarında xəstəlik ölümlə nəticələnir: "Xüsusi ağırlaşma yoxdursa, qızılcadan ölüm ola bilməz. Çünki elə bir effektiv müalicəsi də yoxdur. Ən çox rast gəlinən ağırlaşma  qızılca inağı, qızılca pnevmoniyasıdır. Bunlar çox təhlükəlidir və ölüm verən ağırlaşmadır. Ona görə də bizim valideynlər ilkin mərhələdə, soyuqdəymə əlaməti kimi başlayanda həkimə müraciət etməlidirlər. Normal halda biz ilkin tədbirlər görməliyik, qızdırmanı salmalı, öskürəyi yüngülləşdirməli, ağız boşluğuna, gözlərə qulluq etməliyik. Bunlar olmadıqda, xəstə nəzarətsiz qaldıqda ağırlaşma ehtimalı artır".
Xəstəlikdən necə qorunmalı?

L.Quliyeva vurğulayıb ki, xəstəlikdən qorunmanın əsas üsulu uşağın peyvənd edilməsidir. Körpələrdə 9 aydan sonra aparılan vaksinasıya nəticəsində 95 faiz xəstəliyə tutulma riski azalır. 1 yaşdan yuxarı uşaqlarda isə qorunma 99 faizə yüksəlir. Bu səbəbdən immun sistemi güclənir və xəstəliyə yoluxma minumuma enir. Yoluxma baş versə belə, xəstəlik çox yüngül keçir.

Qızılcaya qarşı peyvənd

Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin Epidemiologiya məsələləri üzrə direktor müavini Afaq Əliyeva deyir ki, Azərbaycanda ötən ilin dekbar ayından indiyədək 150-dən çox insan qızılcaya yoluxub. Onun sözlərinə görə, 2018-ci ilin dekabr ayı və bu ilin yanvar ayında ölkə üzrə 106 nəfərin qızılcaya yoluxduğu təsdiqini tapıb. Fevral ayında isə yoluxmaların sayı 50-dən çox olub: "Xəstələnmə səviyyəsi demək olar ki, eynidir, amma son günlərdə yoluxma sayında bir qədər azalma müşahidə edilir. Çünki ərazilərdə peyvənddən kənarda qalan uşaqların buna cəlb edilməsi işi daha da gücləndirilib, gücləndirilmiş qaydada əks-epidemik tədbirlər həyata keçirilib, xəstələrin izolyasiya edilməsi, müayinə və müalicəyə cəlb edilməsi vaxtında həyata keçirilib. Hazırda bu tədbirlər davam etdirilir".

S.QARAYEVA

 





17.04.2019    çap et  çap et