525.Az

Din-media münasibətləri müzakirə olundu


 

"AZƏRBAYCANDA DİNİ SABİTLİYƏ XARİCDƏN MÜƏYYƏN TƏHDİDLƏR VAR"

Din-media münasibətləri müzakirə olundu<b style="color:red"></b>

Dünən Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Mətbuat Şurasının (MŞ) birgə təşkilatçılığı ilə "Dini-ideoloji təhlükəsizlik və media" mövzusunda konfrans keçirilib.

Konfransda DQİDK və MŞ rəhbərliyi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Dövlət Universiteti, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri, KİV-in rəhbər şəxsləri, jurnalistlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Konfransda milli-mənəvi və dini dəyərlərimizin təbliğ və təşviq edilməsində, dinin düzgün formada ictimaiyyətə çatdırılmasında, həmçinin, dini radikalizm, terrorizm və ekstremizmə qarşı mübarizədə media təmsilçilərinin üzərinə düşən vəzifələr ətrafında fikir mübadiləsi aparılıb.

Tədbiri giriş sözü ilə açan DQİDK-nın sədri Mübariz Qurbanlı Azərbaycanda dini-ideoloji təhlükəsizlikdə medianın böyük rol oynadığını diqqətə çatdırıb. O qeyd edib ki, media radikal fikirlərin qabardılaraq cəmiyyətdə yayılmasına yol verməməlidir. M.Qurbanlının sözlərinə görə, medianın cəmiyyətə informasiyanı düzgün çatdırmasının böyük əhəmiyyəti var.

O əlavə edib ki, Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən 1000-dən bir qədər artıq din xadimi maddi dəstək alır və onların içərisində qadınlar çox cüzidir. Qeyd edib ki, məscidlərdə çalışan din xadimlərinə və dini icmalarda çalışan, fəal olan bu və ya digər dini icma üzvü və ya rəhbəri olan qadınlara da maddi dəstək verilir: "Fond vasitəsilə müəyyən layihələr həyata keçirilir ki, bu layihələrdə dini icmalar yaxından iştirak edirlər. Azərbaycanda din sahəsində çalışan və icma rəhbəri olan xanımlar da var. Qadınların bu və ya digər dini xarakterli məclislərində iştirak üçün xanım din xadimlərinə ehtiyac getdikcə artır. Bunu nəzərə alaraq İlahiyyat İnstitutunda da kadrların hazırlığı aparılır".

M.Qurbanlının sözlərinə əsasən, məscidə rəhbərlik edən və dini ayinlərin icrasını həyata keçirən xanımlar yoxdur: "Gələcəkdə məscidlərdə xanımların məsciddə dini ayinləri birbaşa idarə edib-etməməsi məsələsi Qafqaz Müsəlmanları İdarəsinə bağlıdır və təcrübədə hələlik tətbiq olunmur. Xanımlara aid bəzi mərasimlər var ki, qadın din xadimləri orada iştirak edə, idarə edə bilər. Hazırda bu cür məclisləri idarə edən xanımlar var. Bütövlükdə bu sahədə xanımların idarəçilikdə iştirakı məsələsi həm Komitə, həm də Qafqaz Müsəlmanları İdarəsi tərəfindən müzakirə olunur".

Tədbirdə çıxış edən MŞ sədri Əflatun Amaşov bildirib ki, jurnalistlərin dini mövzuda biliklərinin artırılması istiqamətində xeyli tədbirlər həyata keçirilib və bu gün də bu tədbirlər davam etməkdədir. O qeyd edib ki, bu gün Azərbaycan mediası kifayət qədər inkişaf edib və baş verən hadisələrə milli maraqlar nöqteyi nəzərindən yanaşır. Ə.Amaşov bu kimi tədbirlərin keçirilməsin mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Azərbaycan Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin böyük məsləhətçisi Əliheydər Zülfüqarov vurğulayıb ki, Azərbaycanda dini və etiqad azadlıqları təmin edilir. Xarici nümayəndələr də Azərbaycan dövlət-din münasibətlərini nümunə gətirirlər.

Ə.Zülfüqarovun sözlərinə görə, müxtəlif dini konfessiyalar Azərbaycanda qarşılıqlı hörmət əsasında fəaliyyət göstərirlər və Azərbaycanda tolerantlıq ənənələri əsrlər boyu mövcud olub. PA rəsmisi vurğulayıb ki, Azərbaycanda dini sabitliyə xaricdən müəyyən təhdidlər var: "Lakin Azərbaycan güclü dövlətdir, hüquq-mühafizə orqanları bu halların öhdəsindən layiqincə gəlirlər. Bu gün internet məkanı üzərindən dini qarşıdurmanın qızışdırılması, aqressiv fikirlərin səsləndirilməsi, sosial şəbəkələrdə gənclərə zərərli fikirlərin təbliğ edilməsi kifayət qədər ciddi problem kimi qarşımızda dayanır. Bu sahədə müəyyən işlər görülür, aidiyyəti qurumlar tədbirlər görür".

Onun dediyinə görə, monitorinq və araşdırmaların nəticələri göstərir ki, radikal qruplar azərbaycançılıq ideologiyasına qarşıdırlar, hansısa xarici dairələrin təlimatlarını, ideologiyalarını təbliğ etməklə məşğuldurlar: "Bizim qarşımızda duran əsas vəzifələrdən biri də odur ki, həmin zərərli qruplara qarşı birgə mübarizə aparaq".

Ə.Zülfüqarov əlavə edib ki, din mövzusunda media nümayəndələrinin məlumatlandırılması istiqamətində böyük işlər görülür: "Mətbuatda geniş və sanballı məqalələrlə gündəmə gələn müəlliflər tanıyırıq və bu, çox sevindirici haldır. Məqsəd vətəndaşları sağlam dini biliklərlə maarifləndirməkdir. Əgər belə olarsa, zərərli təmayüllər özü aradan qalxacaq".

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmər Cavadlı isə deyib ki, bu gün dini qurumlar və media arasında boşluqlar mövcuddur. Onun sözlərinə görə, bütün cəmiyyətlərdə, eyni zamanda, Azərbaycanda kütləni informasiya ilə idarə etmək imkanları KİV-in əlində cəmlənib: "Qorxulu, amansız tədbirlər də onların əli ilə həyata keçirilir".

Q.Cavadlı təklif edib ki, dini bilikləri ehtiva edən fənlər humanitar ixtisaslarda tədris olunsun: "Çünki bütün cahillik dini savadsızlıqlardan irəli gəlir. Din milli idelogiyanın tərkib hissədir".

Digər çıxışçılar da dini təhlükəsizliyin təmin edilməsində medianın rolunun vacibliyini qeyd ediblər və media mənsublarının dini biliklərinin artırılması üçün bu kimi tədbirlərin əhəmiyyətini vurğulayıblar.

S.QARAYEVA

 





17.04.2019    çap et  çap et