525.Az
Hamının şairi
Vaqif Bəhmənli imzası geniş oxucu təbəqəsi və ziyalılar arasında geniş tanınır. Mən də Vaqif Bəhmənli yaradıcılığının vurğunlarındanam. Bu günə kimi onun bütün yazılarını oxumuş, gündəliyimdə qeydlər aparmış, şeirlərini, mətbuatda çıxan publisistik yazılarını saxlamışam.
Şeir Vaqif Bəhmənlinin canına, beyninə, qanına hopmuş bir hissiyyatdır, varlıqdır. Vaqif onsuz, bir an belə yaşaya bilmir. O, həmişə axtarır, düşünür, şeir vasitəsilə yeni fikir söyləmək istəyir.
Bu yaxınlarda Vaqif Bəhmənlinin nəfis tərtibatda 1000 tirajla “Hamı” şeirlər kitabı çapdan çıxıb. Bu kitabda da Vaqif Bəhmənli sübut etdi ki, o, həqiqətən də hamının şairidir. Vaqif “Hamı” kitabında ilk olaraq yazır:
“Yaxşı ki, hamıdan uca Allah var!
Yaxşı ki, hamıdan uca hamı var...
Allah izin verməsəydi bu kitab necə yaranardı?
Lap yaransa belə, hamı olmasaydı,
Bu kitab kimə gərək idi?”
Allahın varlığı, Allahın duası və ona inam Vaqif Bəhmənli dünyasına hopub. Ona görə o, “yaxşı ki, hamıdan uca Allah var!” deyir.
“Hamı” kitabını oxuyarkən belə qənaətə gəldim ki, bu kitabı çox diqqətli oxumaq lazımdı. Çünki kitabın “Yaxşı ki, hamıdan uca Allah var!”la başlaması mənim çox diqqətli olmağıma çağırış idi. Yəni “Hamı” kitabını diqqətlə, araşdıra-araşdıra oxumaq lazım idi və mən belə də etdim.
“O”, “Mən”, “Sən”, “Biz”, “Onlar”, “Hamı”, “Söz”, “Nöqtə”. Bu sözlər altında diqqəti çəkən şeirlərin hər biri özünəməxsus məna daşıyır. Vaqif Bəhmənli kitabında Azərbaycan poeziyasına bir yenilik gətirib, yeni söz deyib. Bəli, əlbəttə ki, söz şeirin canıdır, onun yaraşığıdır. Amma söz yerində deyiləndə gözəlliyi də artır, mənası da. Şair “Söz” şeirindəki kimi:
“Bir qələm olaydı, bir təmiz kağız,
Bir də həyəcan dolu ürəyim
Qarğı çitəmədən baxanda o qız
Tapaydı bir keçid yolu ürəyim”
“Belə yaxşıdır” şeirində insanlıqdan, onun xarakterindən, düşüncəsindən, həyata münasibətdən geniş bəhs olunur:
Vaqif Bəhmənli poetik sözün təsirinə inanır və elə bu inamdır onun yaradıcılığına güc, əzəmət və şöhrət gətirən. Bu inam onu əsl söz sahibi edir, şairin sənət dünyasında çıraq yandırır. Vaqif sadə dildə yazır. Vaqif üçün Vətən hava, su deməkdir. Onsuz insan ömrü bir qara qəpiyə də dəyməz. Vaqifi narahat edən əsas məsələ Qarabağ dərdidir. O, vətənin və xalqının yolunda hər şeyə hazırdı. “Qarabağ” qəzəlində şair yazır:
“Nəhs gəlib tale zəri, ah kimiyəm bir gəzəri
Qara yeldən üşüyür isti yatağım, Qarabağ!
Sancılar bəd nəzərə, kafəri al qan eləyər
Şər dili dibdən üzər şanlı bıçağım, Qarabağ.
Cənnətin ortasına taydı çırağın, Qarabağ.
Sənə qismətdi niyə indi bu çağın, Qarabağ?!”
Əslən Qarabağlı olan Vaqif Bəhmənli Vətəninin çətin günlərində doğma yurdu qarış-qarış gəzdi, ona arxa oldu, sözünü dedi, döyüş bölgələrinə getdi, hərbiçilərlə yan-yana durdu, onlarla bir yerdə yuxusuz gecələr keçirdi. Qarabağ dərdi daima Vaqifi düşündürür. Ona görə Vaqif “Qarabağ” şeirində
“Vaqifin bağrı sənə bağlıydı, min bağlar ilə
Qocaman bir xalısan, mən də saçağam, Qarabağ!”
deyir. “Qocaman bir xalısan, mən də saçağam, Qarabağ!” bütövlükdə Qarabağa verilən ən yüksək qiymətdir. Azərbaycanı Qarabağsız təsəvvür etmək olmaz. Bura Yer kürəsinin ən füsunkar torpağı, cənnət məkanıdır.
Dünyada hər şey zamana bağlıdır, zaman elə qüdrətlidir ki, qaynar qum səhralarını gülüstana döndərir, əlvan gülləri, çiçəkləri isə yandırıb külə döndərir. Bəli zaman qüdrətlidir: Di gəl ki, zamanın kürəyini yerə vuran qüdrət də var. Bu, poeziyadır. Bədii sözün qüdrətidir. Belə bir qüdrət Vaqif Bəhmənlinin yenicə çapdan çıxmış “Hamı” şeirlər toplusudur.
Şairin sözün əsl mənasında məni, mənliyi var. Onun üçün mənlik hər şeydən üstündür.
“Anadan olduğum andan sevirəm
Dünyada hər nə var, candan sevirəm” – deməklə şair təlqin edir ki, nəyi sevirsənsə sev, ancaq ürəkdən sev.
Vaqif müəllimi tanıyanlar bilir ki, o, həyatı, insan varlığını, dünyada yaxşı nə varsa hamısını sevir. Vaqif müəllimlə söhbət etdikdə onun sadəliyi, səmimiyyətinə valeh olub düşünürsən ki, Allahım, nə yaxşı dünyada Vaqif Bəhmənli kimi şəxsiyyətlər var.
Geniş oxucu auditoriyasına malik poeziyası olan Vaqif Bəhmənli həyatda necədirsə, ictimai mühitdə də elədir. Heç vaxt şöhrət arxasınca getməyən Vaqifin həm poeziyasının, həm də şəxsiyyətinin mayası haqq ilə yoğrulub. Haqq onun üz tutduğu qiblədir. “Haqdan üzülənin izi qalmaz” – deyən şairin ədəbiyyatda və oxucu ürəyində ona görə izi var ki, o, yaradıcılıqda və həyatda seçdiyi meyarlara həmişə sadiq qalıb.
Vaqif müəllim “Həkim” şeirində əslində şairlə həkimin eyni məqsədə qulluq etdiyini açıqlayır. Həkimin də obyekti insandır, şairin də. Həkim insanı cismən sağaldır, şair isə ruhən.
Müəllif misralarında şairləri “söz loğmanı” adlandırır. Vaqif Bəhmənli nə yazırsa yazsın, ürəyinin hisslərini, gördüklərini, yaşadığı illəri, hadisələri, zamanın gərdişini yazır. Vaqif Bəhmənli nə yazırsa yazsın, o yazını bir dəfə yox, bir neçə dəfə oxuyursan.. Hər oxuduqca da onun qələminə rəğbətin, hörmətin artır. Vaqif müəllim üçün İnsan ən ali varlıqdır. Nə olursansa, hansı vəzifənin tutursansa tut, sən ən ali İnsan olmalısan. İnsandan, insanlıqdan böyük vəzifə yoxdur.
O, nə yazırsa yazsın insan ləyaqətini hər şeydən üstün tutur, onu bilik arxasınca gedib boş və mənasız işlərdən çəkindir. Vaqif Bəhmənli göstərir ki, İnsan yenilməz və əyilməz bir qüvvədir.
Bütövlükdə Vaqifin şeirləri məna etibarı ilə həyatidir, yaddaqalandır, insanları düşünməyə vadar etməyə qadirdi. Şair müraciət etdiyi, axtarıb tapdığı mövzunu yüz ölçüb, bir biçir. Əgər hardasa Vaqif Bəhmənli imzası varsa, deməli, orada maraqlı əsər, şeir var, onu oxumağa dəyər.
Vaqif Bəhmənlinin xarakterik xüsusiyyətlərindən biri də onun təbii, sadə, təmiz və təmənnasız dostluğudur. Onun bu istedadından da öyrənməli, götürməli çox cəhətlər var.
“Hamı” şeirlər toplusu Vaqif Bəhmənlinin zirvədə duran “Hamı” sıdır. Artıq bu kitab mənim stolüstü kitabımdır.
Vaqif müəllim yazır ki, “Mən hamı üçün yazıram... Hamı susur... Axı niyə hamı susur? Axı mən hamı üçün yazıram...?” Doğrudan da Vaqif müəllim hamı üçün yazır. Vaqif Bəhmənli imzası olan bütün şeirləri hamı oxuyur və mənəvi zövq alır. Vaqif Bəhmənli şair kimi böyük ürək sahibidir. Onun uğurlarının açarı da elə burdadır.
Əyyub MƏMMƏDOV
Tibb elmləri üzrə fəlsəfə doktoru.
Respublikanın əməkdar həkimi
10.10.2012 çap et