525.Az

Şeyx Nizami Gəncəvinin hikmətləri sehrində


 

Şeyx Nizami Gəncəvinin hikmətləri sehrində<b style="color:red"></b>

Nizami Gəncəvinin poeziya dünyası kəhkaşanında sayrışan ulduzları seyr etmək mənəvi zövq və zənginlikdirsə, o möcüzələr aləminin dərinliklərindəki inciləri bir-bir seçmək, fəlsəfi-estetik qayəsini - anlamını sadə dildə şərh etmək mükəmməl bilik və təsəvvüfü görüş də tələb edir. Zəngin mütaliən olmalıdır. Həmin dövrün ədəbi-mədəni, ictimai-siyasi mühitinə bələdçiliyin olmalıdır. Tarixi hadisələrin, dövrün mənzərəsinin ədəbiyyatın güzgüsündə görünməsi faktoru da qaçılmazdır. Yəni bu və digər məsələlərin işığı ilə Nizami Gəncəvi dünyasındakı - şeiriyyətindəki mövzuların səmimiyyətini sezmək çətin olmur.

Filologiya üzrə fəlsəfə doktoru, dosent Siracəddin Hacı "Həzrət Nizami Gəncəvinin yaradıcılığında peyğəmbərlik anlayışı və (s.a.s) Həzrət Məhəmməd" (4 kitab), "Həzrət Nizami Gəncəviyə görə, insan qəlbinin həqiqətləri", "Həzrət Nizami Gəncəviyə görə, cəmiyyətin dəyişməsi fərddən, fərdin dəyişməsi qəlbdən başlayır", "Həzrət Nizami Gəncəvinin "Sirlər xəzinəsi" dastanının şərhi"ndən (4 kitab) bəhs edən cəmi 6500 səhifəlik 10 kitab yazmışdır. Bir sözlə, Şeyx Nizami işığı fövqündə hikmatəmiz kitabxana yaratmışdır, əsərlərinin məzmununun təfsirini - şərhini vermişdir. Onun yaratdığı kitabxanada öz əsərləri ilə yanaşı istifadə etdiyi beş minə yaxın ədəbiyyatın da siyahısı - biblioqrafiyası vardır

Siracəddin Hacının yazdığı əsərləri oxuyarkən - vərəqlərkən XII əsrin məşhur mütəfəkkir-şairi, ortaq türk ədəbiyyatımızın ilk mütəfəkkirlərindən, türk dilində sufizm ədəbiyyatının ilk yaradıcılarından Əhməd Yəsəvini göz önünə gətirdim. Əhməd Yəsəvi Quran-i Kərimi xalqın başa düşəcəyi, asan anlayacağı bir dildə mənzumələr yaratmışdır. Onun, İslamı sadə türklərin daha dərindən dərk etməsi üçün yazdığı "Divan-i hikmət"i - "Hikmətlər divanı" klassik nümunə kimi əsrlərdir bədii, dini və fəlsəfi dəyərini itirmir. Doğrudur, Əhməd Yəsəvinin "Divani-hikmət" əslində, müəllifdən əsrlərcə sonra Yəsəvi dərvişləri tərəfindən tərtib edilmişdir. Odur ki, Siracəddin Hacının Əhməd Yəsəvi ədəbi irsindən bəhs edən "Əhməd Yəsəvinin "Divan"ının mövzu və ideyaları" adlı tədqiqat işi yazması da təsadüfi seçim olmamışdır.

Sözüm odur ki, yəni Yəsəvi dövrünü paylaşan Nizami Gəncəvinin mütaliə edəcəyi ən uca, ən ali kitab Quran-i Kərim idi (doğrudur, bu gündə elə hesab edə bilərik - əsasən də əxlaq və tərbiyə, ali mizan-tərəzi hikmətlərinə, uca sözün rəngləri ilə). Bu baxımdan Siracəddin Hacı şairin əsərlərinin fəlsəfi-estetik dərinliyinə enmək üçün beyt-beyt olmaqla Quran-i Kərimlə izləməsi heç də təəccüblü görünmür.

Şeyx Nizami Gəncəvi elə bir dühadır ki, onun "Xəmsə"sindən cild-cild hikmətlər divanı yazmaq mümkündür. Hər kəsin öz yanaşması, öz baxışı, öz fəlsəfi açıqlaması, öz şərhi mümkündür. Səbəbi də Nizaminin poeziya hikmətinin, əxlaqının nəinki hər beytinin, hər misrasının, məcazi və ya gerçək mənada 40 açması olmasıdır.

Siracəddin Hacı Nizami məsnəvilərinin  təfsiri üzərində çalışarkən bir xətt seçmişdir. Özünün də qeyd etdiyi kimi, Nizami dühasındakı sözdən mənaya, mənadan məqsədə, məqsəddən hikmətə prinsipini əsas götürmüşdür. Nizami əsərlərinin təfsirini - şərhini vermək zərurətini müəllif belə açıqlayır. "Nizaminin ideyaları, təbliğ etdiyi dəyərlər köhnəlməz, çünki onların qaynağı mütləq həqiqətdir. Şairin həmişə müasir olmasının, insanların ehtiyacına çevrilməsinin səbəbi də budur. Ancaq Nizami ideyalarının şərh, təhlil, tədris, təbliğ dili, üsulu və metodu köhnələr. Ona görə də Nizaminin bu çağın insanlarının anlayacağı, qəbul edəcəyi bir dil, üslub və metodla şərhinə ehtiyac var, biz Nizamini yüzilliyin idrakına oxumalıyıq".

"Sirlər xəzinəsi"ndə klassik şairin türk sevgisindən seçmələr təqdim edir. Onun türk kimliyinə elə öz misraları ilə işıq salır -

Türk gözəllərinin gülüşlərindən şəkər xəcalət çəkirdi,
Onların nəzəri ceyranların gözündən sürməni aparırdı. 

və ya 

Türklərin dövləti ona görə ucaldı ki,
Məmləkətdə ədalət hakim oldu.

(İnşallah, günümüzdə, əsrimizdə bu xalq yenə də bəşəriyyətin ədalət hakimi taxtında yerini tutacaq). Müəllif 10 cildliyində bir çox nəticələr əldə etmişdir. Bu sıradan bəzi qeydlərinə nəzər salaq: "Nizami türkdür, amma millətçi deyil, ümmətçidir, insanlığın şairidir. Nizaminin Səlcuqlu dövlət adamları ilə əlaqələri təsbit olunmuşdur. "Sirlər xəzinəsi" məsnəvisinin ithaf olunduğu Məngücük məliki, türkmən bəyi Fəxrəddin Bəhramın bioqrafiyası hazırlanmışdır. Fəxrəddin Bəhram şah bu əsərə görə Nizami Gəncəviyə beş min dinar (qızıl pul, bəzi qaynaqlara görə beş yüz qızıl pul), beş qatır, beş at, çox qiymətli bir xələt (xələt padşahın sifarişi ilə tikilmiş, gözəl naxışlarla bəzədilmiş xüsusi geyimdir), bahalı paltarlar, bəzək əşyası, zərgərlərin əl işi olan mücəvhərlər göndərmişdir" və s.

Amma Nizaminin türkçülük ruhuna bir isbat-sübut da əlavə edə bilərik. Türk ədəbi dilinin banisi Əmir Əlişir Nəvai türk dili uğrunda mübarizəsinin nəzəriyyəsində Nizami ruhunun, Nizami milli ənənəsinin olmasıdır. Nəvai bütün əsərlərində Nizamiyə üz tutur - dinini, dilini, kimliyini, elmini, fəlsəfəsini, hikmətlərini, əxlaqını, şərəfini, düşüncəsini, qəlbinin pıçıltısını, könlünün heyranlığını, ürəyinin qaynarlığını tərif edərək, "xızrım", "pirim" deyərək onu göylərə qaldırır.

Siracəddin Hacı AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr" şöbəsinin aparıcı elmi işçisidir. Deməli, bu da bir qismətdir ki, o, Əlişir Nəvai otağında əyləşib Nizami Gəncəvidən söz açır, Şeyx Nizamidən yazır, Şeyx Nizami dünyasına aşiq olur, Şeyx Nizami əxlaqının fəlsəfəsini oxucuları ilə paylaşır. Qələmə aldığı "Nizami Gəncəvinin "Sirlər xəzinəsi" məsnəvisi ilə Əlişir Nəvainin "Heyrətül-əbrar" məsnəvisinin müqayisəli təhlili" adlı məqaləsi də bu təsirin nəticəsidir. Həzrət Əlişir Nəvai Şah Qasım Ənvarı 3-4 yaşında əzbər öyrənmişdisə, artıq gənclik yaşında daha uca bir məqama könül bağladı, dərsini dərk etdiklərindən daha ali bir məktəbdən aldı, bu Şeyx Nizami Gəncəvi məktəbi, ədəbi şəxsiyyəti və irsi idi.

Nizami irsinin, poeziyasının milli işığı - türkçülük ruhu o qədər güclüdür ki, Nəvainin böyük türkçü ruhuna aydınlığı Nizami hikmətlərindən doğması təsadüfi deyil.

Nizami Gəncəvinin "Sirlər xəzinə"si dastanındakı 2242 (iki min iki yüz qırx iki) beytinin şərhini yazarkən müəllif yüzlərlə, hətta özünün də qeyd etdiyi kimi, minlərlə ədəbiyyatdan istifadə etmişdir. Bu istifadə zamanı o, həm də topladığı, yararlandığı incilərdən əlavə, "Qurani-Kərimə giriş" (155 səh.), "Fatihə surəsinin anlamı" (151 səh.) kitablarını məhz yuxarıda adlarını çəkdiyim əsərlərini yazarkən Quran-i Kərimi təkrar mütaliəsi, uyğun sitatlardan faydalanmasının nəticəsidir. Qeyd edim ki, müəllif hazırda "Qurani Kərim"in "Bəqərə" surəsinin şərhi - təfsiri üzərində çalışır. Dinimizin əxlaqını təsvir edən Kitabımızın ən böyük surəsinin təsfirini ana dilimizdə vermək heç də asan məsələ olmadığını düşünürük.

Siracəddin Hacı "Sirlər xəzinəsi" ilə bağlı tənqidlərimiz var" - deyir. Bu, müəllifin çox böyük cəsarətidir, həm də sözə risklə yanaşmadır. Ərkyana münasibətdir. Ruhunu Nizami ruhuna təslim etmiş, Nizaminin dostu kimi ona sözünü deməkdən çəkinmir.

- "Nizami bir sıra hallarda fikrini əsaslandırmaq üçün uydurma hədislərdən istifadə etmişdir" (çox istərdim ki, müəllif gərək bu uydurma hədislərin konkret yerini qeyd edəydi). Nizami şairdir, yeri gəldikcə, bədii priyomlardan istifadə etmək imkanı (və ya ixtiyarı) var. Hədislər, məncə, məhəbbətdən, sayğı və sevgidən toxunmuş hadisələrin təsviridir, Nizami də tutaq ki, Əl-Buxarinin və ya Xoca Abdullah Ənsarinin topladığı hədislərdən yox, özünün düşündüyü, tarixi hadisələrin fövqündə görə biləcəyi hekayətləri qələmi almışdır.

- "Nizami susmağı təklif edir, Qurani-Kərim sözü ucaldır" - deyə yazır. Nizami susmayıb ki?! 878 ildir ki, sözün sehri ilə dünyanı dolaşır. Hətta oğlu Məhəmmədə müraciət edir ki, söz - şeir Nizami ilə ən uca taxtı fəth etdi.

Təbii ki, bunlar da mənim Siracəddin bəyin fikirlərinə - təfsirinə ərkyana yanaşmamdır. Bu əsərin tək eybi onun eyibsizliyidir.

"Nizami deyir ki, uca Allahın yaratdığı hər şeyin mənası və məqsədi var. O, hər şeyi ilahi nizama uyğun yaratmışdır. Təsadüfi deyil ki, şair təxəllüs olaraq "Nizami" sözünü seçmişdir. Nizami ilahi nizama aid olan deməkdir. O, "Nizami" təxəllüsünü seçməklə, əslində, uca Allaha söz vermişdir: "Mən sənə aidəm, Allahım, varlığımı sənə həsr etmişəm, Sənin nizamından kənara çıxmaram, ömrüm yer üzündə ilahi nizamın hakim olduğu Rəhmət evinin qurulmasına fəda olacaq". Siracəddin Hacı Nizami Gəncəvinin "Sirlər xəzinəsi"nin təfsirini verərkən belə seçmələr də etməsi - qeydləri əsərin məziyyətlərini artırır, rəngləndirir.

Siracəddin Hacı Həzrət Nizami Gəncəvi yaradıcılığından yazdığı 10 cildliyinin yekununda yarım çap vərəqi həcmində xülasə (Azərbaycan, rus və ingiliscə) vermişdir. Bu da əsərin qayəsi haqqında oxucuya tam təsəvvür verir, tədqiqatçının istifadəsini asanlaşdırır.

Siracəddin Hacı tədqiqatı boyu Nizamiyə "Həzrət Nizami" - deyə müraciət deyir və bu yanaşmanı əsərin məziyyətlərindən hesab edirik. Çoxdan demək, müraciət etmək istədiyimiz məsələlərdən biridir. Özbəklər heç zaman sadəcə olaraq "Nizami", "Nəvai" - deyə yazmaz, müraciət etməzlər. "Şeyx Nizami Gəncəvi", "Həzrət Əlişir Nəvai babamız" - deyə yazarlar, müraciət edərlər, hətta on dəfələrlə belə müraciət etsələr də. Bu, klassiklərə, ustadlara, ali ədəbi - tarixi şəxsiyyətlərimizə, milli tarixə - ədəbiyyata ehtiram, sayğı, sevgidir, həm də elmi-ictimai əxlaqi münasibətdir, dəyərdir.

Siracəddin Hacı "Həzrət Nizami Gəncəvinin "Sirlər xəzinəsi" dastanının şərhi" kitabının X cildinin əvvəlində yazır: "Bu on cildlik tədqiqat işinin hazırlanmasında səbri, əməli, dəstəyi, sevgisi ilə mənə yardım edən sevgili ömür yoldaşım Vəfa xanıma təşəkkür edirəm, uca Allah ondan razı olsun!" Vəfa xanıma biz də çox, həm də çox minnətdarıq, çünki belə gözəl və sevgi ilə dəstəyi ilə bizə də çox yardım edir. Belə ki, Siracəddin müəllim telefonu sevmir və biz ancaq Vəfa xanımın telefonu vasitəsilə sözümüzü ona çatdırırıq.

Siracəddin Hacının "Həzrət Nizami Gəncəvinin "Sirlər xəzinəsi" dastanının şərhi"nə həsr etdiyi cild-cild kitabları nizamişünaslıqda yeni yanaşma olmaqla yanaşı, həm də mükəmməl tədqiqatlardır. İnanıram ki, bu əsərlər nizamişünaslıq problemləri ilə məşğul olan hər kəsə, bütün nizamisevərlərə gərək olacaq.

 





18.04.2019    çap et  çap et