525.Az

Meyitdən orqan köçürülən zaman bir nəfər qohumun razılığı alınacaq


 

Meyitdən orqan köçürülən zaman bir nəfər qohumun razılığı alınacaq<b style="color:red"></b>

"İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" qanun layihəsi üzərində işlər davam etdirilir. Qeyd edim ki, artıq bir ildir bu sənəd üzərində işlər gedir. Biz əvvəlcə mövcud qanuna geniş əlavə və dəyişiklikləri nəzərdə tuturduq. Ancaq sonradan qanunun özündən çox dəyişikliklər ortaya çıxdı, yəni qanun 17-18 maddədən ibarət idisə, 30-a yaxın dəyişiklik-maddə ortaya gəldi. Ona görə də biz bunu yeni qanun layihəsi kimi hazırlamağı qərara aldıq və beləliklə, onun üzərində də işləri davam etdirməkdəyik".

Bunu "525"ə açıqlamasında Milli Məclisin (MM) Səhiyyə komitəsinin sədr müavini, adıçəkilən qanun layihəsinin hazırlanması üzrə İşçi Qrupunun rəhbəri Musa Quliyev deyib.

M.Quliyev həmçinin xatırladıb ki, mövcud, qüvvədə olan qanunun qəbulundan 20 il keçir: 

"Hazırkı qanun 1999-cu ildə qəbul edilib və ötən 20 ildə  yeni tələblər, yeni yanaşmalar ortaya çıxıb. Odur ki, yeni qanun layihəsi hazırlayaraq, onu müvafiq qurumlara, nazirliklərə rəylərə göndərmişik və artıq bu rəylər də bizə - İşçi Qrupuna yavaş-yavaş daxil olmaqdadır. Onlar yəqin bu ayın sonuna qədər daxil olub qurtarar, rəylər yığılar və bundan sonra İşçi Qrupu, Səhiyyə komitəsi öz sözünü deyər, fikrini bildirər".

Qanun layihəsinin adı ilə bağlı mübahisələrə gəlincə, M.Quliyev qeyd edib ki, terminologiya burada bir qədər də önəmli rol oynamır: 

"Bildiyiniz kimi, daha çox orqanların donorluğu və ya orqanlarla toxumaların donorluğu üzərində mübahisələr gedirdi. Hesab edirəm ki, bunlar elə də prinsipial məsələlər deyil. Hər ikisi də doğrudur, Səhiyyə komitəsi sonda nə qərar verəcək, o cür də olacaq".

Meyitdən orqan köçürülməsi məsələsində razılıq-icazə məsələsinə gəldikdə isə M.Quliyev bu məsələnin artıq qanun layihəsində həllini tapdığını deyib.

"Qanun layihəsində göstərmişik ki, meyitdən orqan köçürülməsi, transplantasiya məsələsində ailə üzvlərindən və ya yaxın qohumlardan yalnız birinin razılığı, icazəsi alınacaq. Çünki bütün qohumların razılığı alınmalı olsa, onda meyitdən orqan köçürülməsi mümkün olmayacaq. Ancaq bizim əsas işimiz-gələcəkdə maarifləndirmə işi ona yönəldilməlidir ki, hər bir insan sağlığında orqanını vəsiyyət etsin. Əgər sağlığında vəsiyyət edibsə, artıq qohumun da razılığına-icazəsinə ehtiyac qalmayacaq".

Kamil HƏMZƏOĞLU

 





19.04.2019    çap et  çap et