525.Az

Növbəti görüş təklifi Vaşinqtondan gəldi


 

"MİNSK QRUPUNUN HƏMSƏDR DÖVLƏTLƏRİ ARASINDA RƏQABƏT VƏ NÜFUZ SAVAŞI GEDİR"

Növbəti görüş təklifi Vaşinqtondan gəldi <b style="color:red"></b>

ABŞ Dövlət Departamenti Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyanın Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşlərini təşkil etmək fikrindədir.

Birləşmiş Ştatlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə növbəti görüşün Vaşinqtonda keçirilməsini təklif edib.

Bu təklifə münasibət bildirən Milli Məclisin deputatı Musa Qasımlı qeyd edib ki, Ermənistan uzun müddət danışıqlardan qaçırdı, status-kvonu saxlamağa çalışırdı. Azərbaycan dövlətinin diplomatik səyləri ilə işğalçı ölkə bu istəyinə nail olmadı.

Deputat "525"ə bildirib ki, Ermənistanın istədiyi ikinci məsələ qondarma qurumu danışıqların subyektinə çevrimək idi: "Bu da iflasa uğradı. Belə bir şəraitdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsindən ötrü ATƏT-in Minsk qruounun həmsədrləri fəallaşdılar. Bu fəallaşma - görüşlərin intensivləşməsi, bütövlükdə, müzakirə edilən məsələlər barəsində həm təcavüzkar Ermənistanın, həm də təcavüzə məruz qalan Azərbaycanın mövqelərinin bir daha aydınlaşması, digər təfərdən həmsədrlərin yeni düşüncələrinin ortaya qoyulması baxımından əhəmiyyətlidir".

M.Qasımlının sözlərinə görə, burada açıq şəkildə bir məsələni də qeyd etmək lazımdır ki, Ermənistanın hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsində Minsk qrupunun həmsədrləri arasında rəqabət və nüfuz savaşı gedir: "Bu, bəzən üstüörtülü, bəzən açıq şəkildə təzahür edir. Bu mənada, Moskva görüşündən sonra ABŞ Dövlət Departamentinin Vaşinqtonda belə bir görüş keçirmək təşəbbüsü həmin mövqenin təzühürü kimi də qiymətləndirilə bilər. Ola bilər ki, bir müddət sonra buna bənzər görüş Fransada da keçirilsin. Ancaq danışıqların normal yekunlaşmasından ötrü ilk növbədə Ermənistan Azərbaycanın işğal etdiyi Dağlıq Qarabağ regionu və digər ərazilərini boşaltmalı, işğal faktına son qoymalıdır. Bundan sonra digər məsələlər müzakirə edilə bilər".

Siyasi şərhçi Arzu Nağıyev isə qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri həqiqətən də regionda öz nüfuzlarını bərpa etməyə çalışırlar. O, "Azadinform"a bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ilk təşəbbüsü Rusiya əlinə alıb: "Rusiya bununla özünün açar fiqur olduğunu bir daha göstərmək istəyib".

Politoloqun sözlərinə görə, əvvəlki görüşlərdə qoyulan məsələlərin qlobal şəkildə həllinə nail olmaq asan iş deyil: "Humanitar məsələlərlə əlaqədar qoyulan 3 əsas məqam - jurnalistlərin gediş-gəlişi, əsir və girovların yaxınları ilə görüşmələri, həmçinin, kənd təsərrüfatı işləri aparılarkən atəşkəsə əməl edilməsi ilə bağlı proseslərin həlli zamanı artıq yetişib və bunun icra mexanizmi olmalıdır". A.Nağıyev hesab edir ki, Vaşinqton görüşündə hər iki tərəf icra mexanizminin necə olacağını cavab kimi ortaya qoymalıdır: "ABŞ yaxşı başa düşür ki, Rusiya təşəbbüsü ələ almaqla öz məqsədlərini də həyata keçirə bilər. Çünki Rusiya xarici işlər naziri Sergey Lavrov müəyyən məxfi məsələlərlə bağlı açıqlama verib. Hesab edirəm ki, məxfi məsələlər də əsasən əsir, girovlar və qoşun növlərinin yerinin dəyişdirilməsi ilə bağlı ola bilər. ABŞ-da keçirilməsi təklif olunan görüş də yəqin ki, Moskva görüşündə müzakirə olunanların həyata keçirilməsi mexanizmi ilə bağlıdır".

Ekspert əlavə edib ki, qlobal miqyasda belə görüşlər Dağlıq Qarabağ münaqişəsinin həllinə ancaq müsbət təsir edə bilər: "Əgər Rusiya, ABŞ görüş təşkil edirsə, ehtimal etmək olar ki, üçüncü görüş Fransada ola bilər. Yəni Minsk qrupunun həmsədr dövlətləri bu istiqamətdə müvafiq addımlar atırlar. Burada daxili, dərin siyasət axtarmağa lüzum yoxdur".

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan  SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, Polşa, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir. 1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir. Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən, BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

Ceyhun ABASOV

 





19.04.2019    çap et  çap et